Kanadada yaşayan 104 yaşlı tısbağa əməliyyat ediləcək


  • 12:38

Kanadanın Halifax Təbiət Tarixi Muzeyində yaşayan 104 yaşlı Qas (Gus) adlı qofer tısbağası sidik kisəsindəki daşın çıxarılması üçün əməliyyat olunacaq.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tısbağaya dünyanın müxtəlif ölkələrindən yüzlərlə məktub və dəstək mesajı göndərilib.

Muzeyin müdiri Ceff Qreyin sözlərinə görə, əməliyyat barədə məlumat yayılandan sonra Qasa şəfa arzuları ilə dolu açıqcalar və sənət əsərləri göndərilib. Sosial şəbəkələrdə də minlərlə dəstək mesajı paylaşılıb.

1922-ci ildə yumurtadan çıxdığı ehtimal edilən Qas 1942-ci ildən muzeydə yaşayır. Baytarlar sidik kisəsindəki daşı ilk dəfə 2009-cu ildə aşkarlayıblar. Son müayinələr zamanı daşın böyüdüyü və ətraf toxumalara təzyiq göstərməyə başladığı müəyyən edilib.

Muzey rəhbərliyinin bildirdiyinə görə, müasir cərrahi üsullar sayəsində daşın tısbağanın ayağında kiçik kəsik vasitəsilə çıxarılması mümkündür. Əməliyyatdan sonra Qas bir neçə həftə ictimaiyyət qarşısına çıxmayacaq.

Yaşına baxmayaraq, ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilən Qasın əməliyyatının onun rahatlığını və sağlamlığını qorumaq məqsədi daşıdığı qeyd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər