EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib - FOTO


  • 16:17

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən EYBA-nın payız konfransı (“EYBA Autumn Conference 2026”) çərçivəsində iştirakçılar ADA Universitetində olublar.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasının Mətbuat xidmətindən bildirilib.

Həmçinin Universitetdə EYBA-nın Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda EYBA prezidenti Mathijs Van Riet videobağlantı vasitəsilə çıxış edərək Bakıda keçirilən tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə VK-ya təşəkkürünü bildirib.

Çıxışı zamanı EYBA prezidenti cari ilin sentyabrında Portuqaliya Vəkillər Kollegiyasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirə toxunaraq, həmkarlarına bir daha minnətdarlığını ifadə edib. Eyni zamanda o, sentyabr ayında təşkil olunan EYBA vebinarı barədə də məlumat verib.

Mathijs Van Riet oktyabrın 9-da Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən Beynəlxalq Vəkillər Kollegiyasının tədbirinə qatıldığı üçün Bakıda təşkil olunan payız konfransda şəxsən iştirakının mümkün olmadığını qeyd edib.

Yığıncaq çərçivəsində İspaniya Vəkillər Kollegiyasından EYBA-ya yeni qəbul olunan üzv təbrik edilib. Bununla yanaşı, 2026–2027-ci illər üzrə Assosiasiyanın Audit Komitəsinin yeni üzvləri seçilib və onlara təbriklər çatdırılıb.

Sonda qonaqlar ADA Universitetinin inzibati binası ilə tanış olublar.

Oxşar xəbərlər