WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb - FOTO


  • 21:41

Mayın 22-də Bakı şəhərində "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələr Forumun son günündə də davam etdirilib.

E-huquq.az xəbər verir ki, WUF13 tədbirinin altıncı günü çərçivəsində çoxsaylı dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunub, rəsmi bağlanış mərasimi və bayraq endirmə mərasimi keçirilib. Forum çərçivəsində "Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil" mövzusunda qadınların dəyirmi masası keçirilib. Tədbirdə BMT Baş katibinin müavini Əminə Məhəmməd, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Böyük Britaniya Lordlar Palatasının üzvü, Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland iştirak ediblər. Sessiyada qadınların mənzil və torpaq hüquqlarının gücləndirilməsi, inklüziv şəhər inkişafı, təhlükəsiz şəhər mühiti və dayanıqlı urbanizasiya məsələləri müzakirə olunub. Çıxışlarda inklüziv mənzil siyasətlərinin hazırlanmasının, qadınların maliyyə və kredit resurslarına çıxış imkanlarının genişləndirilməsinin, həmçinin onların şəhərsalma və qərarqəbuletmə proseslərində daha fəal iştirakının daha dayanıqlı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılmasında mühüm rol oynadığı qeyd edilib.

WUF13 çərçivəsində keçirilən "Münaqişədən sonrakı şəhər yenidənqurması: Humanitar minatəmizləmənin kritik rolu" mövzusunda sessiyada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edib. Sessiyada postmünaqişə dövründə mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə təsiri, dayanıqlı şəhər inkişafı və əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.

Çıxışında Vüqar Süleymanov mina təhlükəsinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində bərpa prosesini ləngitdiyini, inkişaf imkanlarını məhdudlaşdırdığını və insanların təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib. O qeyd edib ki, Azərbaycan 2020-ci ildən etibarən humanitar minatəmizləmə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib, indiyədək 270 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 250 mindən artıq mina və partlayıcı qurğu zərərsizləşdirilib. Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.

Bakının ev sahibliyi etdiyi WUF13 tədbiri çərçivəsində "Urbisiddən dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında dayanıqlı bərpa, məskunlaşma və inkişaf" mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov; Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, eləcə də "Chapman Taylor" qrupunun idarə heyətinin direktoru Marselina Zielinski çıxış ediblər. Sessiyada işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi, dayanıqlı məskunlaşma, müasir şəhərsalma yanaşmaları və post-münaqişə dövründə şəhər inkişafı məsələləri müzakirə olunub. Qeyd edilib ki, regionda həyata keçirilən layihələr "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına uyğun şəkildə icra olunur. Yeni yaşayış məntəqələrində dayanıqlı infrastrukturun qurulması, yaşıl enerji həllərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, sosial obyektlərin inşası və əhalinin rahat yaşayışının təmin edilməsi istiqamətində geniş tədbirlər görülür.

Eyni zamanda, WUF13 çərçivəsində yerli xalqların hüquqları ilə bağlı ilk tədbir keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Yerli xalqların hüquqları üzrə dəyirmi masa"da çıxışı zamanı bildirib ki, yerli xalqlar bəşəriyyətin mədəni yaddaşını və tarixi irsini yaşadan əsas daşıyıcılardır. O vurğulayıb ki, onların hüquqlarının müdafiəsi təkcə hüquqi və siyasi deyil, həm də mənəvi və humanitar bir öhdəlikdir. Rəvan Həsənov əlavə edib ki, urbanizasiya prosesləri heç bir halda yerli xalqların və etnik icmaların öz kimliyini, dilini və mədəni yaddaşını itirməsinə səbəb olmamalıdır, əksinə, şəhərlər müxtəlif etnik və dini icmaların özlərini təhlükəsiz və bərabərhüquqlu hiss etdikləri inklüziv məkana çevrilməlidir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının son günü çərçivəsində yekun mətbuat konfransı keçirilib. Konfransda BMT Baş katibinin müavini Amina Mohammed, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, və Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero iştirak ediblər.

Anar Quliyev rəsmi bağlanış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbir Bakı şəhərini şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirib. Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi təkcə region üçün deyil, həm də qlobal urbanizasiya gündəliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. O qeyd edib ki, altı gün davam edən tədbir çərçivəsində 58 mindən çox iştirakçı qeydə alınıb. Eyni zamanda, müxtəlif ölkələrdən 400-dən çox spiker forumda çıxış edib, onlardan 60 nəfəri isə Azərbaycandan olub.

WUF13-ün milli koordinatoru Anar Quliyev bildirib ki, Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun gələcək ev sahibi ölkələri üçün təşkilati təlimatların hazırlanması məqsədilə UN-Habitat ilə niyyət məktubu imzalayıb. Onun sözlərinə görə, bu təşəbbüs Forumun uzunmüddətli institusional irsinin formalaşdırılmasına töhfə verəcək.

Anaklaudia Rossbax isə çıxışında WUF13-ün rekord sayda iştirakçını bir araya gətirdiyini və qlobal mənzil gündəliyi ilə bağlı vahid mesaj formalaşdırdığını vurğulayıb. Onun sözlərinə görə, tədbirdə çox sayda dövlət başçısı və nazirin iştirakı Sessiyanın beynəlxalq siyasi və institusional önəmini bir daha təsdiqləyir. O əlavə edib ki, WUF13 ərzində ümumilikdə 580-ə yaxın sessiya keçirilib, burada dayanıqlı şəhər inkişafı, iqlim davamlılığı, inklüziv urbanizasiya və gələcəyin şəhərləri ilə bağlı geniş müzakirələr aparılıb. Anaklaudia Rossbax qeyd edib ki, dünya mənzil təminatının gələcəyi həlledici mərhələyə qədəm qoyub və artıq lokal təşəbbüslərdən sistemli transformasiyaya keçid qaçılmazdır.

Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) rekord nəticələr və diqqətçəkən məqamlarla yekunlaşıb. Qlobal şəhərsalma gündəliyinin inkişafı, tərəfdaşlıqların genişlənməsi və gələcək əməkdaşlıq imkanlarının gücləndirilməsi baxımından Forum mühüm platforma rolunu oynayıb. WUF13-də ümumi iştirakçı sayı 176 ölkədən (o cümlədən ən azı 3 000 onlayn iştirakçı olmaqla) 58 000 nəfəri ötüb. Bu göstəricilər Forumun 24 illik tarixində WUF13-ün ən böyük sessiya kimi yadda qalmasına səbəb olub. Forum gender bərabərliyi baxımından da mühüm nəticə əldə edib - iştirakçıların 55 faizdən çoxunu qadınlar və qızlar təşkil edib.

BMT Baş katibinin müavini Amina Mohammed çıxışı zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlığını ifadə edib, tədbirin uğurla təşkili üçün Azərbaycan Hökuməti ilə BMT-nin Məskunlaşma Proqramının vahid komanda kimi fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, Azərbaycanın öz ərazilərində həyata keçirdiyi yenidənqurma, davamlı sülh və inkişaf prosesi infrastrukturun bərpası, icmaların reinteqrasiyası və iqtisadi potensialın reallaşdırılması baxımından nümunə kimi dəyərləndirilir.

Forumun əsas nəticəsi isə "Bakı Fəaliyyətə Çağırış" (Baku Call to Action) sənədinin qəbul edilməsi olub. Sözügedən sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir. Eyni zamanda, Azərbaycan Respublikası Hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və yaradılmış səmərəli dialoq mühitinə görə təşəkkür ifadə olunub.

Forumun yekunları üzrə qəbul edilən və mühüm irs sənədlərindən biri hesab olunan "Sədrin Xülasəsi" (Chair Summary) şəhərsalma və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərini özündə əks etdirib. Sənəddə şəhərlərin dayanıqlılığı, əlçatan mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv şəhərsalma sahəsində praktiki həllərin birgə hazırlanmasının vacibliyi vurğulanır, eyni zamanda qlobal mənzil böhranının aradan qaldırılması istiqamətində beynəlxalq gündəliyin təşviqi ön plana çəkilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf, müasir şəhərsalma, post-münaqişə bərpası və qlobal əməkdaşlıq sahələrində həyata keçirdiyi uzaqgörən siyasət və strateji liderlik xüsusi vurğulanıb. WUF13-ün yekun nəticələrinin və "Bakı Fəaliyyətə Çağırış" sənədinin 2026-cı ilin iyul ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına da mühüm töhfə verəcəyi gözlənilir.

Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə təşkil edilən Liderlər Sammitində 27 dövlət və hökumət başçısı iştirak edib. Forum çərçivəsində 150-dən çox nazir, 130-dan artıq şəhər başçısı, BMT Baş katibinin müavini və bir sıra yüksək səviyyəli rəsmilər təmsil olunub. WUF13-ün əsas yenilikləri sırasında Bakı Urban Mükafatı, Biznes və İnnovasiya Hub-ı, WUF Akademiyası kampusu və Təcrübələr Hub-ı xüsusi yer tutub. Mayın 22-də Bakı Olimpiya Stadionunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilib. Mədəni proqramda milli ritmlər və rəqslər nümayiş olunub, muğam ifa edilib.

Rəsmi bağlanış mərasimi çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun sədrlik funksiyası Azərbaycandan Meksikaya təhvil verilib. Növbəti WUF sessiyasının 2028-ci ildə Mexiko şəhərində keçirilməsi planlaşdırılır.

Tədbirin rəsmi bağlanışını simvolizə edən bayraqların endirilməsi mərasimi də keçirilib. Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının endirilməsi Bakı Olimpiya Stadionunda baş tutub.

Oxşar xəbərlər