İnsan orqan və toxumalarının donorluğu: Hüquqi mexanizmlər və praktiki tətbiq


  • 10:43

Orqan donorluğu və transplantasiyası müasir tibbin ən mühüm və həyat xilas edən sahələrindən biri hesab olunur. İnsan hüceyrələrinin, toxumalarının və ya orqanlarının köçürülməsi ağır və ya həyati təhlükə yaradan xəstəlik və xəsarətlərdən əziyyət çəkən insanlar üçün çox vaxt yeganə çıxış yoludur. Bu tibbi müdaxilə sayəsində minlərlə insan sağlamlığını bərpa edir və həyatına davam etmək imkanı qazanır. Lakin orqan transplantasiyası yalnız tibbi deyil, eyni zamanda hüquqi, etik və sosial aspektləri olan kompleks bir sahədir.

Orqan donorluğu insan hüquqları, şəxsi toxunulmazlıq və insan ləyaqətinin qorunması prinsipləri ilə sıx bağlıdır. Bu səbəbdən əksər dövlətlərdə donor və resipiyentlərin hüquqlarını qorumaq, orqan alverinin və sui-istifadə hallarının qarşısını almaq, eləcə də orqanların ədalətli bölgüsünü təmin etmək məqsədilə xüsusi hüquqi mexanizmlər formalaşdırılmışdır.

Beynəlxalq səviyyədə bu sahədə əsas sənədlərdən tibb sahəsində İnsan Hüquqları üzrə Avropa Konvensiyası tərəfindən müəyyən edilmiş prinsiplərə əsaslanan “Oviedo” Konvensiyasıdır. Konvensiya bütün insanların ləyaqətini və şəxsiyyətini qorumağı və tibbin tətbiqi ilə bağlı hər kəsin toxunulmazlığına, digər hüquqlarına və əsas azadlıqlarına ayrı-seçkilik qoyulmadan hörmət edilməsini təmin etməyi hədəf kimi müəyyən etmişdir.

Həmin Konvensiyaya görə ölüm baş verdikdən sonra orqan götürülməsi qanunla müəyyən edilən razılıq sistemi (opt-in və ya opt-out) çərçivəsində həyata keçirilir. Opt-in modelində şəxs yalnız sağlığında yazılı razılıq verdiyi halda donor hesab olunur. Opt-out modelində isə şəxs sağlığında etiraz etmədiyi təqdirdə donor kimi qəbul edilir. Azərbaycan Respublikasında tətbiq olunan model açıq razılıq prinsipinə əsaslanır və bu yanaşma şəxsi iradənin üstünlüyünü təmin edir.

Azərbaycanda son illərdə səhiyyə sahəsində aparılan kompleks islahatlar nəticəsində orqan çatışmazlığı yaşayan şəxslərin müalicəsində ciddi irəliləyişlər əldə edilib. Orqan donorluğuna dair mövcud hüquqi və tibbi mexanizmlər inkişaf etdirilməkdədir. Azərbaycanda orqan donorluğu sahəsində mühüm hüquqi baza “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunudur. 2022-ci ildə qüvvəyə minmiş bu qanun donor və resipiyent anlayışlarını, transplantasiya şərtlərini, məhdudiyyətləri və məsuliyyət məsələlərini əhatəli şəkildə tənzimləyir. Həm canlı şəxslərdən, həm də beyin ölümü baş vermiş meyitdən orqan götürülməsi qanunidir.

Adıçəkilən qanuna əsasən, canlı donorla meyit donor arasında orqan transplatasiya hissəsində fərqlər mövcuddur. Belə ki, canlı donor yalnız 18 yaşına çatmış və tam fəaliyyət qabiliyyətli şəxs ola bilər. Canlı donordan yalnız müəyyən orqanların bir hissəsinin və ya cüt orqanlardan birinin götürülməsinə icazə verilir. Daha dəqiq desək, yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. Donorluq könüllü olmalı, donor mümkün tibbi risklər barədə əvvəlcədən məlumatlandırılmalı və yazılı razılıq verməlidir. Hər hansı məcburiyyət, maddi maraq və ya təzyiq qəti qadağandır.

Bir yaşına çatan beyin ölümü keçirmiş şəxslər meyit donor ola bilərlər. Ondan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

Biz tez-tez koma və beyin ölümünü qarışdırırıq. Belə ki, beyin ölümü və koma fərqli anlayışlardır. Komada olan xəstə nəfəs aldığı üçün komada olması aylar, hətta illər çəksə, belə oyana bilər. Beyin ölümü isə geridönüşü olmayan bioloji bir prosesdir. Ona görə də beyin ölümü gerçəkləşmiş şəxsin orqanlarının bağışlanmasında heç bir məhdudiyyət yoxdur. Bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərar donor orqanın götürüldüyü tibb müəssisəsində 15 il saxlanmalıdır.

Orqan və toxumalarının donorluğu və transplantasiyasında müəyyən məhdudiyyət və qadağalar mövcuddur:

Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi, 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi qadağandır. Burada, sümük iliyi və kök hüceyrələr istisnadır. 18 yaşına çatmayan şəxsdən onun valideynlərinin razılığı ilə sümük iliyi və kök hüceyrələrinin götürülməsinə yol verilir. Bundan başqa, resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə, sümük iliyi və kök hüceyrələr istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Orqanların ksenotransplantasiya, yəni heyvan orqanlarının insana köçürülməsi Azərbaycan Respublikasında qadağandır.

İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunda canlı donordan resipientə orqan köçürülməsi qaydası və şərtləri göstərilmişdir.

Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı o, resipiyentin yaxın qohumu olduğu halda qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır (məsələn həyat yoldaşıdırsa, nikah haqqında şəhadətnamə, ata-ana, bacı-qardaşı olduğu halda doğum haqqında şəhadətnamə və s.). Canlı donor və resipiyent yaxın qohum olmadıqda orqanın götürülməsi etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir.
Orqan verən şəxs əməliyyatdan sonra sağlamlığında baş verə biləcək hər hansı ağırlaşmalar barədə əvvəlcədən ətraflı məlumat almalıdır. Canlı donor orqanların götürülməsinə heç bir kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bildirməlidir. Donor orqanın götürülməsindən əvvəl o, arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə müəyyən edilmiş qaydada məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır.

Şəxs donor olmaq üçün müraciət etsə belə, istənilən mərhələdə orqan donorluğundan imtina etmək hüququna malikdir. Həmçinin şəxs donor olduqdan sonra özünə orqan köçürülməsinə ehtiyac yaranarsa, bu halda həmin şəxsin donor orqanla növbədənkənar təmin olunmaq hüququ vardır.

Ümumiyyətlə, praktik tibbi tətbiq qaydalarına nəzər salsaq, sağlığında donor olmaq istəyənlər üçün dünya üzrə üç qayda: rutin, razılıq, etiraz prezumpsiyasıdır. Rutin qaydasına görə, xəstə reanimasiya şöbəsində vəfat edibsə və süni tənəffüs aparatındadırsa, həmin xəstə potensial donordur və onların orqanlarının götürülməsi üçün heç kəsdən icazə alınmasına ehtiyac yoxdur. Hazırda İran İslam Respublikasında, İspaniyada bu qayda tətbiq olunur. Bir çox ölkələrdə, o cümlədən ölkəmizdə etiraz prezumpsiyasıdır. Bu qaydaya görə əgər bir şəxs sağlığında donor olmaq üçün müraciət edibsə və siyahıda varsa, reanimasiya şəraitində öləcəyi təqdirdə, orqanları qohumlarından icazə alınmadan götürülür. Əgər siyahıda yoxdursa, o zaman ölümündən sonra qohumlarından soruşulmalıdır. Kimsə sağlığında öləndən sonra orqanlarının götürülməsinə etiraz edənlər siyahısına yazılıbsa, o zaman həmin şəxsin qohumlarından razı olub-olmamaları soruşulmur. Razılıq prezumpsiyasına görə isə kimsə orqanlarının öləndən sonra götürülməsinə aid icazə verənlər siyahısında varsa, qohumlarından icazə alınmadan orqanları götürülür, siyahıda yoxdursa, bu da razılıq kimi qəbul edilir.

Tibb müəssisəsi və əlaqələndirici qurum şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina etməsi barədə iradə ifadəsinin olması haqqında informasiyanın məxfiliyini tam olaraq qorumalıdırlar.

Meyitdən transplantasiya məqsədi ilə orqanların götürülməsi yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla bioloji ölümün və ya beyin ölümünün baş verməsi barədə həkim konsiliumunun qərarı və tibb müəssisəsinin rəhbərinin razılığı ilə həyata keçirilir.

Artıq ölkə ərazisində böyrək, qaraciyər, sümük iliyi transplantasiyası uğurla aparılmış, hətta ölkəmizdə meyit donordan qaraciyər, böyrək kimi orqanlar köçürülmüşdür. 2025-ci ilin oktyabr ayında isə Azərbaycan səhiyyəsində, o cümlədən Qafqazda bir ilk olaraq meyit donordan ürəyin transplantasiyası da uğurla həyata keçirilmişdir. Bu həkimlərin, Azərbaycan səhiyyə sisteminin uğuru olmaqla yanaşı, illərboyu aparılmış maarifləndirmə tədbirlərinin nəticəsidir.

Bu səbəbdən cəmiyyətin maarifləndirilməsi, hüquqi mexanizmlərin gücləndirilməsi və sosial məsuliyyətin artırılması mühüm əhəmiyyət kəsb edir. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi bu sahədə şəffaflığın, ədalətliliyin və etimad mühitinin formalaşmasına xidmət edir.

Orqan donorluğunun təbliği məqsədilə tibb müəssisələri, qeyri-hökumət təşkilatları tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar nümayiş etdirilə, seminar və konfranslar təşkil oluna bilər. Lakin donor orqanların alqı-satqısı və reklamı qadağandır və insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaradır. Həkim-transplantoloqun canlı donorla resipiyent arasında donor orqanın alqı-satqısına dair əsaslandırılmış məlumatı olduğu halda transplantasiyanın həyata keçirilməsindən imtina etməlidir.

Nəticə etibarilə, orqan donorluğu yalnız tibbi prosedur deyil, həm də humanizm, sosial həmrəylik və hüquqi məsuliyyət məsələsidir. Dünyada hər il yüzlərlə insan özünə uyğun müvafiq donor tapılmadığı üçün dünyasını dəyişir. Bəzən bir insanın həyatı məhz başqa bir insanın verəcəyi qərardan asılı olur. Sağlığında donor olmaq barədə düşünmək və bu istiqamətdə iradə ifadə etmək, ölümündən sonra belə başqasına həyat bəxş etmək deməkdir. Hüquqi çərçivənin mövcudluğu isə bu nəcib addımın təhlükəsiz, ədalətli və şəffaf şəkildə həyata keçirilməsinə təminat yaradır.

Mədinə Dəmirli

Hüquqşünas

Oxşar xəbərlər