Şəxsi məlumatların yayılması hansı hallarda hüquqi məsuliyyət yaradır? - MÜSAHİBƏ


  • 13:54

Şəxsi məlumatların qorunması və yayılması, hüquqi baxımdan çox önəmli bir mövzudur. Bu sahədəki düzgün yanaşmalar, həm fərdi hüquqların qorunmasına, həm də ictimai maraqların təmin edilməsinə xidmət edir.

Ali Məhkəmənin Mülki və kommersiya işlərinin təşkili şöbəsinin əməkdaşı Səadət Qəhrəmanova mövzu ilə bağlı e-huquq.az-ın suallarını cavablandırıb.

- Doğru olan məlumatın yayılması hansı hallarda hüquqi məsuliyyət yaradır?

Əməlin hüquqaziddliyini aradan qaldıran hallardan heç biri olmadan şəxsi və ailə sirri təşkil edən məlumatların toplanması, istifadə edilməsi və yayılması qadağandır və mülki məsuliyyət yaradır. Bu hallardan birincisini, məlumatların yayılmasına şəxsin öz razılığının olması təşkil edir. Razılığın yazılı, şifahi, davranışla və ya susaraq ifadə edilməsinin heç bir fərqi yoxdur. İkincisini məlumatların ictimaiyyət üçün açıq olub-olmaması və ya şəxsin özü tərəfindən ictimaiyyətə açıqlanması təşkil edir. Üçüncü hala isə dövlət orqanlarının və digər şəxslərin bu hüquqlara qanuni müdaxiləsi aiddir. Dördüncü hal, yalnız məlumatların əldə edilməsinə aiddir. Məlumat şəxsə iradəsindən kənar şəkildə, təsadüfən məlum olduqda hüquqaziddlik aradan qalxır. Lakin məlumatı əldə edən şəxs məlumat sahibinin razılığı olmadan ondan istifadə etməməli, onu yaymamalıdır. Beşinci hala məlumatlara ictimai marağın, yəni, cəmiyyətin ümumi rifahı, təhlükəsizliyi, əmin-amanlığı və inkişafı üçün vacib olan məsələlərə yönəlmiş ictimai diqqətin olması aiddir. Altıncı, sonuncu halı isə publik şəxslərin (ictimai fiqurların) ictimai maraqların tələb etdiyi hədlərdə şəxsi həyatına dair məlumatlar təşkil edir. Belə şəxslərin davranışları, qərarları və fəaliyyəti cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsir etdiyindən, publik fəaliyyətləri ilə yanaşı, ictimai maraqların tələb etdiyi hədlərdə onların şəxsi həyatı da ictimai nəzarətə açıqdır.

- Şəxsi məlumatın yayılması üçün razılıq bütün hallarda mütləqdir?

- Razılıq qanuni səbəblərdən yalnız biridir, əməlin hüquqaziddliyini aradan qaldıran yuxarıda sadalanan digər hallar olduqda, razılıq tələb olunmur.

- Şəxsi həyata hörmət hüququ ilə söz və məlumat azadlığı arasında balans necə qurulmalıdır?

- Şəxsin müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi əməlin hüquqazidlik əlamətini aradan qaldıran hal hesab olunur. Bunun əksi, fikir və söz azadlığından qərəzli şəkildə, başqasını açıq-aşkar ləkələmək niyyəti ilə istifadə edilməsi isə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

- Hazırda əksər avtomobillərdə və bina evlərinin qapılarında kameralar var. Qəza, oğurluq və başqa hadisələr zamanı bu videolar ictimailəşdirilir. Prosesin hüquqi rəy almadan ictimailəşdirilməsi şəxsi toxunulmazlığın pozulması sayılırmı və sayılırsa, bununla necə mübarizə aparmaq olar?

- İctimaiyyət üçün açıq yerlərdə (küçələrdə, restoranların, şadlıq saraylarının, klinikaların, otellərin, konfrans zallarının və digər iaşə obyektlərinin giriş, foye, dəhliz, ümumi zal və digər açıq zonaları, ictimai nəqliyyat vasitələri və s.) təhlükəsizliyin təmin olunması məqsədi ilə xüsusi texniki vasitələrlə audio-video çəkilişlərinin aparılmasına müəyyən şərtlər daxilində yolverililir.

Belə ki, bu məqsədlə kameraların quraşdırıldığı açıq məkanlarda (küçə və s.) çəkiliş aparılmasına razılıq tələb olunmur. Lakin qapalı məkanlarda çəkilişin aparılmasına dair xəbərdaredici məlumatların yerləşdirilməsi tələb olunur. Bu halda hər kəsin görə biləcəyi yerdə və anlaşılan məzmunda çəkilişin aparılmasına dair məlumatın vurulması həmin yerlərə daxil olan şəxslərin çəkilişə razılığının əldə edilməsini ehtiva etmiş olur.

Bu görüntülərin və səs yazılarının həmin şəxslərin razılığı olmadan yayılmasına isə yalnız dövlət və ictimai maraqların təmin olunması məqsədilə yol verilir. Məhz bu əsaslara bağlı qəza, oğurluq və digər hadisələrin ictimailəşdirilməsi yolveriləndir.

Dövlət və ictimai maraqlar olmadığı halda razılığı olmadan barəsində məlumat yayılmış şəxs həmin məlumatın əldə edilməsi və yayılması ilə bağlı hüquqazidd əməllərə yol verən şəxslərə qarşı mülki qaydada şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldıra bilər.

- Bəzən məhkəmələrə də fərdi kameralara yansımış hadisələr gətirilir, bu videolar hüquqi baxımdan sübut, dəlil sayılmasa da, məhkəmədə hakimdə daxili inam formalaşdırır. Bu kimi hallar qəbulediləndirmi, deyilsə, bu halların qarşısını almaq üçün hansı prosudurlar düşünlməlidir?

Məhkəməyə yalnız qanuni şəkildə əldə edilmiş (1-ci və 4-cü suallarda ətraflı izah edilib) sübutlar təqdim edilə bilər. Qanunu pozmaqla əldə edilmiş sübutlar məhkəmə tərəfindən qəbul edilmir. Qanunu pozmaqla əldə əldə edilmiş sübutlarla bağlı hüquqları pozulmuş şəxs öz hüquqlarının müdafiəsinə dair tələblər irəli sürməkdə haqlıdır.

Humay Eminqızı

Oxşar xəbərlər