Yanğından necə qorunmaq olar?


  • 23 Yanvar 16:53

Fövqəladə Hallar Nazirliyi (FHN) məişətdə yanğın baş verməməsi üçün edilməli olan məqamları açıqlayıb.

E-huquq.az nazirliyə istinadən xəbər verir ki, mərkəzləşdirilmiş isitmə sistemi nəzərdə tutulmayan binalarda, həmçinin fərdi evlərdə mənzillərin isidilməsi üçün elektrik və qaz cihazlarından, eləcə də müxtəlif yanacaqla, o cümlədən odunla işləyən sobalardan istifadə edilir.

Bu cihaz və sobalardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ciddi məsuliyyət tələb edir. Belə ki, yanğınlar, əsasən, odla ehtiyatsız davranış səbəbindən, məişətdə istifadə edilən elektrik qızdırıcı, təbii və mayeləşdirilmiş qaz ilə işləyən cihazların, həmçinin odun sobalarının istismarı qaydalarına düzgün əməl edilmədikdə baş verir.

Elektrik təsərrüfatında yanğınların əsas səbəbi elektrik dövrəsinin artıq yüklənməsi və qısaqapanmadır. Elektrik naqilləri məişət elektrik cihazlarının nominal gücünə uyğun seçilməlidir. Əks halda, elektrik naqili həddindən artıq qızar, nəticədə naqilin izolyasiyası keyfiyyətini tədricən itirər, bu da öz növbəsində elektrik təsərrüfatında qəzaya və yanğının baş verməsinə səbəb olar. Bir yuvaya bir neçə elektrik cihazının qoşulması da belə bir hala gətirib çıxara bilər. Qısaqapanma izolyasiyası olmayan və ya izolyasiyası zədələnmiş naqillərin bir-birinə toxunması nəticəsində baş verir. Bu zaman naqillər o qədər qızır ki, metal damarlar əriyərək qığılcım yaradır və bitişik yana bilən konstruksiyalarda yanğının başlamasına səbəb olur. Qeyd olunan səbəblərdən baş verə biləcək yanğınların qarşısını almaq üçün müəyyən yükə hesablanmış əriyən qoruyucu və ya avtomat açar quraşdırılmalıdır.

Məişətdə işlədilən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru xətlərinin birləşmə yerlərində kipliyin pozulması, qaz cihazına qoşulmada standartlara uyğun olmayan rezin və digər materiallardan istifadə edilməsidir. Nəzərə almaq lazımdır ki, mayeləşdirilmiş qaz təbii qazdan daha çox yanğın təhlükəli xassələrə malikdir. Propan qaz balonları qızdırıcı cihazlardan ən azı bir metr kənarda yerləşdirilməli, gün şüaları və mexaniki təsirlərdən qorunmalı, zirzəmidə saxlanılmasına yol verilməməlidir. Qaz sızmasını hiss etdikdə ümumi qaz kranını bağlamaq, mənzilin havasını təmizləmək üçün qapı-pəncərələri açaraq hava cərəyanı yaratmaq lazımdır. Bu zaman mənzillərdə elektrik işlədicilərini dövrəyə qoşmaq və ya ayırmaq olmaz.

Qış mövsümündə evlərdə bərk yanacaqla işləyən sobalardan da istifadə olunur. Sobalar yanmayan və istilik keçirməyən altlıqlar üzərində qurulmalı, onun qalama qapısı önündə 70x50sm ölçüdən kiçik olmayan metal təbəqə döşəməyə bərkidilməlidir. Tüstü borusu tavan hissədən keçdikdə yanmayan və istilik keçirməyən materiallarla yanar konstruksiyalardan təcrid olunmalı, borunun tüstü çıxan sonluğu evin dam hissəsindən ən azı 70sm hündürlükdə quraşdırılmalıdır. Qalanmış sobanı nəzarətsiz və ya azyaşlıların nəzarəti altında qoymaq qadağandır. Sobanın ətrafinda odun qurutmaq, sobaya həddən artıq odun atmaq, sobaları tezalışan mayelərlə qalamaq qəti qadağandır. Sobaların, qaz cihazlarının üstündə və bilavasitə yaxınlığında paltar qurutmaq təhlükəlidir.

Məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edilməlidir:

- FHN-in “112” qaynar telefon xəttinə məlumat verin;

- odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;

- yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;

-mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;

-ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun;

- yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;

- döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;

- yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;

- uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;

- mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;

- xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın;

- liftdən istifadə etməyin;

- qonşuları xəbərdar edin.

Yanğının nəticələri kədərlidir. Yanğın əmlakın itirilməsinə səbəb olmaqla, həyata təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!

Oxşar xəbərlər