Məhkəmələrdə işlərə baxılması müddətlərinə edilən əsas DƏYİŞİKLİKLƏR


  • 29 İyul 2021 12:42

1) MPM-in 172-ci maddəsinə əsasən işlərə baxılması müddətləri dəyişdirilmişdir.

İlk növbədə qeyd edilməlidir ki, istinad edilən bu müddətlər işə baxılmanın maksimal həddini müəyyən edir, lakin hər bir halda işlərə həmin müddətləri keçməməklə ağlabatan müddətdə baxılmalıdır (MPM 172.1).

2) Bu müddətlər işdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər (MPM 172.2).

3) MPM-in hazırki redaksıyasına əsasən ayrı-ayrı kateqoriya işlərə baxılması üçün digər qanunlarla qısaldılmış müddətlərin müəyyən edilməsi mümkün hesab edilir. Məsələn, “İpoteka haqqında” və “Müflisləşmə və iflas haqqında” Qanuna əsasən ipoteka və iflasla bağlı işlərə 1 ay müddətində baxılması müəyyən edilmişdir.

MPM 172.3-cü maddəsinə edilən dəyişiklikdən sonra, bu imkan aradan qaldırılaraq, işə baxılma müddətlərinin yalnız MPM-lə müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir.

4) MPM-in 188-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, əvvəlki redaksiyadan fərqli olaraq işə baxılmanın 3 dəfədən çox edilməsi ilə bağlı deyil, artıq hər bir təxirə salınma məhz məhkəmənin əsaslandırılmış qərardadı ilə, maddədə sadalanan qabaqcadan nəzərdə tutula bilməyən müstəsna hallarda mümkün olacaqdır. Eyni zamanda, ümumiyyətlə işlərin 3 dəfədən artıq təxirə salınması tam şəkildə qadağan edilir.

5) Apellyasiya icraatında daha əvvəl kiçik iddialar üzrə qəbul edilmiş qətnamələrdən verilmiş apellyasiya şikayətləri üzrə işlərə adi qaydada 3 aylıq müddətdə baxılması nəzərdə tutulmuşdursa da, MPM-ə 394-1-ci maddənin əlavə edilməsindən sonra bu işlərə 20 gün müddətində baxılacaqdır.

6) MPM-in hazırki redaksiyasına əsasən qətnamə və yaxud qərardadlardan (məhkəmə aidiyyəti qərardadları istisna olmaqla) verilməsindən asılı olmayaraq, kassasiya şikayətlərinə baxılması müddəti 2 ay həddində müəyyən edilmişdir. MPM-in 414.1-ci maddəsinə edilən dəyişiklikdən sonra qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, qərardaddan (məhkəmə aidiyyəti qərardadları istisna olmaqla) verilmiş kassasiya şikayətlərinə isə 1 ay müddətində baxılacaqdır.

DƏYİŞİKLİKLƏRİN MƏTNİ:

172.1-ci və 172.2-ci maddələr aşağıdakı redaksiyada verilmişdir.

“172.1. İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır:
172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay;
172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay;
172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində.
172.2. İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər.”;
172.3-cü maddədə “qanunla” sözü “bu Məcəllə ilə” sözləri ilə əvəz edilsin;
188-ci maddə üzrə:
188.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“188.1. İşə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən aşağıdakı müstəsna hallarda yol verilir:
188.1.1. işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə;
188.1.2. iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə;
188.1.3. qarşılıqlı iddia verildikdə;
188.1.4. əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda;
188.1.5. işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə görə məhkəmə həmin iclasda işə baxılmasını qeyri-mümkün hesab etdikdə;
188.1.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.”;
188.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
188.3. İşə baxılması 3 dəfədən artıq təxirə salına bilməz.”;

Maddə 394-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə baxılması

394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.

394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.

394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.”

414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.

Sənan Hacıyev

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri

Oxşar xəbərlər