Bakıda məhkəməyə hörmətsizlik edildi - FOTO


  • 22 İyun 2022 11:10

Yasamal Rayon Məhkəməsində məhkəmə iclas zalında taxta arakəsmənin üstünün cızılaraq yazılması etiraza səbəb olub.

E-huquq.az xəbər verir ki, bununla bağlı görüntünü vəkil Turan Abdullazadə sosial şəbəkədə paylaşıb.

"Dövlət əmlakına vurulmuş ziyandan hələ danışmıram. Hər kəs öz mədəniyyətini, mərfətini, qanacağını elə buradan göstərir. Nə qədər harınlamış və qudurmuş olasan ki, buna cəhd edəsən. Heyvanla insan arasındakı əsaslı fərq şüurun daha çox inkişafıdır. Hələ də başa düşə bilmirəm ki, insan nə qədər şüursuz olmalıdır ki, belə bir hərəkət etsin?", - deyə vəkil bildirib.

Həmkarları T.Abdulladənin fikirlərini dəstəkləyərək məhkəmə iclas zalında belə bir davranışa yol verilməsini pisləyiblər. Onlar bunu məhkəməyə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

Yasamal Rayon Məhkəməsinin hakimi, kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs Orxan Məmmədli məsələ ilə bağlı e-huquq.az-a açıqlamasında bildirib ki, belə bir halla ilk dəfədir qarşılaşırlar.

"Biz məhkəmənin bütün zallarına baxış keçirdik və hadisənin hansı zalda baş verdiyini aydınlaşdırdıq. Həmin yazı cinayət işlərinə baxılan zalda yazılıb. O zalda iclas zamanı məhkumlar, onların yaxınları və sair şəxslər iştirak edirlər, yəni müxtəlif xarakterdə insanlar olur. Görünür, kimsə bunu gizli şəkildə edib və hadisə gözdən qaçıb, ona görə də həmin an müdaxilə etmək mümkün olmayıb. Qeyd olunan məsələ ilə bağlı tərəfimizdən dərhal tədbir görüldü və artıq problem aradan qaldırılıb", - deyə o qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər