- 13:58
Bakıda dələduzluqda təqsirləndirilən Vətən müharibəsi iştirakçısının məhkəməsi keçirilib.
E-huquq.az xəbər verir ki, ittihama görə, Elnur Seyidov (şərti ad-soyad) Könül Həsənovanın etibarından sui-istifadə edərək onun üç qohumunun xarici universitetlərdən birinə qəbul olunması və onlar üçün viza alınmasına köməklik göstərəcəyini vəd edib.
İttihamda qeyd olunub ki, E.Seyidov bu məqsədlə K.Həsənovadan ümumilikdə 27 min ABŞ dolları alıb. Həmin məbləğ götürüldüyü dövrdəki məzənnə ilə 45 900 manat təşkil edib.
E.Seyidov cinayət təqibi başlanana qədər həmin vəsaitin 13 294 ABŞ dollarına bərabər olan 22 599 manatını geri qaytarıb. Qalan 13 706 ABŞ dolları, yəni 23 300 manat isə qaytarılmayıb. Beləliklə, zərərçəkmiş şəxsə ümumilikdə 23 300 manat məbləğində ziyan vurulub.
Məhkəmədə E.Seyidov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində 44 günlük Vətən müharibəsi iştirakçısı və qazisi olduğunu bildirib. 2024-cü ilin noyabrında turizm fəaliyyəti ilə məşğul olan şirkət təsis etdiyini və həmin şirkətin direktoru olduğunu deyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, K.Həsənova ilə 2023-cü ilin yayında tanış olub. K.Həsənova üç yaxın qohumunun xarici ölkədə yerləşən universitetlərdən birinə qəbul olunması ilə bağlı viza məsələlərinin həllində ona köməklik göstərilməsini xahiş edib. E.Seyidov bildirib ki, universitetə qəbul məsələsi ilə Bakı şəhərində yaşayan Ceyhun adlı şəxs məşğul olub. Onun sözlərinə görə, özü isə viza məsələlərinin həlli ilə bağlı işləri həyata keçirib və bunun üçün zəruri sənədləri toplayaraq viza dəstəyi göstərib.
Təqsirləndirilən şəxs 2023-cü ilin yayında K.Həsənovanın Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşadığı ünvanda ona viza məsələlərinin həlli üçün ümumilikdə 27 min ABŞ dolları verdiyini təsdiqləyib. E.Seyidov sonradan üzərinə götürdüyü işi həll edə bilmədiyini və aldığı pulun 23 300 manatlıq hissəsini öz ehtiyaclarına xərclədiyini bildirib. O, törətdiyi əməli etiraf etdiyini, peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam ödədiyini qeyd edib. Həmçinin K.Həsənovanın ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il tarixli qərarının tətbiq olunmasını xahiş edib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə E.Seyidov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv olunub.
Şəbnəm Mehdizadə