Borc üstündə iş yoldaşını döydü, məhkəməlik oldu


  • 13:58

Bakıda 21 yaşlı oğlan borc üstündə iş yoldaşını döyüb.

E-huquq.az xəbər verir ki, hadisə saat 09:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən avtoservisdə baş verib.

İttihama görə, həmin avtoservisdə usta işləyən Tural Əzizov (şərti ad-soyad) iş yoldaşı Vüqar Əliyevlə borc məsələsi ilə bağlı mübahisə edib.

Mübahisə zamanı T.Əzizov iş yoldaşının sifət nahiyəsinə yumruqla zərbə endirib və ona xəsarət yetirib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. T.Əzizov zərərçəkmiş şəxslə barışdığını, törətdiyi əmələ görə peşman olduğunu və gələcəkdə belə hallara yol verməyəcəyini bildirib. O, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməl üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş edib.

Məhkəmədə iştirak edən zərərçəkmiş şəxs də təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib və bununla bağlı ərizə təqdim edib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Tural Əzizov Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib. Onun CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər