"Ümrə" ziyarəti təşkil etmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu


  • 16:00

Bakıda "Ümrə" ziyarəti təşkil etmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Kamil Cavadovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsində hakim Orxan Əlizadənin sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.

Hökmə əsasən, K.Cavadov Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İttihama görə, K.Cavadov İ.Hacıyevin etibarından sui-istifadə edərək onun “Ümrə” ziyarətinə getməsi üçün köməklik göstərəcəyinə dair yalan vəd verib. O, bu yolla zərərçəkmiş şəxsdən 2 210 manat pul alaraq dələduzluq edib.

Məhkəmədə Kamil Cavadov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayaraq “Ümrə” ziyarətinə getmək istədiyini deyib. Bundan sonra zərərçəkmiş şəxs ona 1 300 ABŞ dolları verib. K.Cavadovun sözlərinə görə, o, ziyarəti təşkil edə bilməyib və aldığı vəsaiti geri qaytara bilməyib. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirib. Onun sözlərinə görə, sonradan dəfələrlə zərərçəkmiş şəxsə dəymiş ziyanın hissə-hissə ödənilməsini təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb. Məhkəmədə verilən sualları cavablandıran K.Cavadov bildirib ki, son 4-5 aydır gözətçi işləyir. O, daha əvvəl bir neçə dəfə ziyarət təşkil etdiyini deyib. Bu dəfə ziyarətin baş tutmamasına İran İslam Respublikasında yaranan müəyyən problemlər səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər