Bir il əvvəl amnistiyaya düşmüşdü - Yenə eyni cinayəti törətdi


  • 10:42

Ağdamda iki fərdi yaşayış evindən oğurluq edən Rüfət Həsənovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az xəbər verir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin Ağdam rayonunun Quzanlı qəsəbəsində və Eyvazlı kəndində yerləşən evlərdən ümumilikdə 4 870 manat dəyərində pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

İttihama görə, R.Həsənov tamah niyyəti ilə özgənin əmlakını gizli şəkildə talamaq məqsədilə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən “Əsəd bəyin bağı” adlanan əraziyə gəlib. O, zərərçəkmiş şəxsə məxsus fərdi yaşayış evinin həyətinə daxil olub. Evin giriş qapısının açıq olmasından istifadə edən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında yerləşən paltar dolabında saxlanılan qızıl-zinət əşyalarını götürüb. Belə ki, həmin şəxs 280 manat dəyərində qızıl üzük, 180 manat dəyərində qızıl bilərzik, 860 manat dəyərində bir cüt qızıl sırğa, həmçinin 750 manat dəyərində qızıl boyunbağı və klon oğurlayıb. Bundan əlavə, otaqda yerləşən taxta qutudan 680 manat pul götürüb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 2 750 manat məbləğində maddi ziyan vurulub.

İttihama görə, R.Həsənov daha sonra Ağdam rayonunun Eyvazlı kəndində başqa bir evə də daxil olaraq oğurluq edib. O, zərəçəkmişə məxsus evin həyətinə daxil olub, evin yan tərəfində yerləşən plastik pəncərəni fiziki güc tətbiq etməklə açaraq içəri keçib. Daha sonra yataq otağında yerləşən paltar dolabından şüşə balonda saxlanılan 800 manat dəyərində 50 qəpiklik metal pulları həmin balonla birlikdə götürüb. Bundan başqa, evin digər yataq otağında yerləşən dəmir sandıqçadan 320 manat dəyərində qızıl boyunbağı və 1 000 manat pul oğurlayıb. Bu epizod üzrə zərərçəkmiş şəxsə ümumilikdə 2 120 manat məbləğində ziyan vurulub.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib. O, Eyvazlı kəndindəki evdən oğurluq etdiyini etiraf edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, ailəsinə məxsus torpaq sahəsinə getdiyi zaman zərərçəkmiş şəxsin ailə üzvlərinin toya getdiyini görüb və bundan sonra evdən oğurluq etmək qərarına gəlib. O, evə daxil olaraq qızıl-zinət əşyaları və pul götürdüyünü bildirib. Bununla yanaşı, Quzanlı qəsəbəsində yerləşən digər evdən oğurluq etmədiyini deyib.

Ağdam Rayon Məhkəməsinin hökmü ilə R.Həsənov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs daha əvvəl də oğurluq cinayətinə görə məhkum olunub. Belə ki, Bərdə Rayon Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il tarixli qərarı ilə hökm dəyişdirilib və onun cəzası 3 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə müəyyən edilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının müvafiq bəndinə əsasən, 2025-ci ildə cəzasının çəkilməmiş 4 ay 12 gün hissəsindən azad edilib. Lakin məhkumluğu ödənilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər