- 16:49
Bakıda 45 yaşlı kişi bankomatda başqa şəxsin açıq qalmış bank hesabından 1134 manat çıxararaq mənimsəyib.
E-huquq.az xəbər verir ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 ünvanında yerləşən “Tamstore” marketinin qarşısındakı bankomatda baş verib.
Belə ki, Emin Salamov (şərti ad-soyad) pul nağdlaşdırmaq məqsədilə bankomat qarşısında növbəyə dayanıb. Ondan əvvəl növbədə olan qadın özünə məxsus bank kartı ilə əməliyyat apardıqdan sonra bankomatdan uzaqlaşıb.
İttihama əsasən, E.Salamov daha sonra bankomata yaxınlaşarkən zərərçəkmiş şəxsin hesabının ekranda açıq qaldığını və hesabda 1134 manat vəsait olduğunu görüb. O, bankomatın müvafiq düymələrindən istifadə etməklə həmin məbləğin hamısını nağdlaşdırıb və hadisə yerindən uzaqlaşıb.
Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. E.Salamov pula ehtiyacı olduğu üçün bu addımı atdığını deyib və törətdiyi əməldən peşman olduğunu bildirib.
Təqsirləndirilən şəxs həmçinin zərərçəkmiş şəxsin dəymiş ziyanını tam ödədiyini və onunla barışdığını qeyd edib. Zərərçəkmiş şəxsin E.Salamovdan şikayət və tələbinin olmadığı bildirilib.
Məhkəmədən təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, səmimi peşmanlıq çəkməsi, vurulmuş ziyanın tam ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə olunması, eləcə də himayəsində iki azyaşlı uşağının olması nəzərə alınaraq ona yüngül cəza təyin edilməsi xahiş olunub.
Nizami Rayon məhkəməsinin hökmü ilə E.Salamov 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Şəbnəm Mehdizadə