"Hyundai" 5 mindən çox avtomobilini geri çağırır


  • 15:31

Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai" ABŞ-də satılan yeni elektrikli SUV modeli "Ioniq 9" üçün geri çağırma qərarı verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar ikinci sıra oturacaqlarının təhlükəsizliyinə təsir edən proqram təminatı xətası ilə əlaqədardır.

ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) məlumatına görə, geri çağırma proqramı 5 360 avtomobili əhatə edir. Söhbət 2025-ci ilin martından 2026-cı ilin mayınadək istehsal olunan "Limited", "Calligraphy" və "Calligraphy Design" təchizat səviyyələrinə malik "2026 Ioniq 9" modellərindən gedir.

Məlumata görə, avtomobillərin ikinci sırasında yerləşən elektrikli oturacaqlar normal şəraitdə hər hansı əşyaya və ya insana toxunduqda hərəkəti dayandırmalıdır. Lakin proqram təminatındakı nasazlıq səbəbindən oturacaq hərəkətini davam etdirə bilər. Bu isə xəsarət riskini artırır.

"Hyundai" problemin oturacaq idarəetmə blokunun proqram təminatına ediləcək yeniləmə ilə aradan qaldırılacağını açıqlayıb.

Avtomobil sahibləri yeniləməni "OTA" sistemi vasitəsilə internet üzərindən məsafədən həyata keçirə biləcəklər. Həmçinin səlahiyyətli servis mərkəzlərində təmir və yeniləmə xidməti pulsuz təqdim olunacaq.

Şirkətin məlumatına görə, müvafiq avtomobillərin sahiblərinə rəsmi bildiriş məktublarının göndərilməsinə noyabrın əvvəlində başlanılacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər