- 10:42
Ağdamda mağazada bibisi qızını bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
E-huquq.az xəbər verir ki, ittihama görə, Orxan Rəhimov (şərti ad-soyad) Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən ətriyyat mağazasında satıcı işləyən bibisi qızı Nailəyə bıçaqla xəsarətlər yetirib.
Belə ki, O.Rəhimovun Nailənin heç kimə xəbər vermədən evdən getməsini irad bildirməsi aralarında mübahisəyə səbəb olub. Mübahisə zamanı təqsirləndirilən şəxs marketdən aldığı mətbəx bıçağını çıxararaq Nailənin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirib. Nəticədə Nailəyə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirilib.
Məhkəmədə ifadə verən O.Rəhimov ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. Bildirib ki, Nailə onun bibisi qızıdır və onlar bir evdə yaşayırlar. Onun sözlərinə görə, Nailədən evdən hansı səbəbdən getdiyini soruşub. Bu zaman Nailə ona nalayiq söz deyib və aralarında mübahisə yaranıb. O.Rəhimov Nailəyə 2-3 dəfə bıçaqla zərbə endirdiyini, həmin vaxt əsəbi olduğundan onu neçə dəfə vurduğunu dəqiq xatırlamadığını bildirib. Daha sonra bıçağı yerə atdığını deyib.
Təqsirləndirilən şəxs Nailənin uşağını babasının yanında qoyaraq gecə vaxtı evdən getdiyini və mübahisənin də bununla bağlı yarandığını bildirib. O.Rəhimov məhkəməyə təqdim etdiyi ərizəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və onunla barışdığını bildirib. O, cinayət işinə xitam verilməsini xahiş edib.
Zərərçəkmiş Nailə Qasımova ifadəsində O.Rəhimovun onun dayısı oğlu olduğunu və bir evdə yaşadıqlarını bildirib. Qeyd edib ki, ərindən boşandıqdan sonra uşağı ilə birlikdə babasının evinə qayıdıb. İşləyib pul qazanmaq istəsə də, evdə buna icazə verilməyib. Bu səbəbdən gecə vaxtı uşağını qoyaraq evdən gedib.
Nailənin sözlərinə görə, Orxan ona zəng edərək harada olduğunu soruşub. O isə Quzanlıda olduğu halda Orxana Bakıda olduğunu deyib. Daha sonra işlədiyi mağazada olarkən Orxan həmin yerə gəlib. Onlar söhbət etdikdən sonra O.Rəhimov ona 3-4 dəfə bıçaqla zərbə endirib.
Zərəçəkmiş bildirib ki, O.Rəhimov üzünə, qoluna və kürəyinə bıçaqla zərbələr endirib və nəticədə yerə yıxılıb. Daha sonra Orxan onu təpiklə də vurub. Hadisənin təxminən 3-5 dəqiqə davam etdiyini bildirən zərərçəkmiş şəxs Orxanın onu öldürmək məqsədinin olmadığını deyib.
N.Qasımova hazırda təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətçi olmadığını bildirib.
Ağdam Rayon Məhkəməsinin hökmü ilə O.Rəhimovun əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilib. Məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsinə qərar verib və barəsində cinayət təqibinə xitam verib. O.Rəhimov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında dərhal azadlığa buraxılıb.
Şəbnəm Mehdizadə