Ali Məhkəmədə Anım Gününə həsr olunan tədbir keçirildi - FOTO


  • 27 Sentyabr 2022 16:20

Bu gün Ali Məhkəmədə Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunan tədbir keçirilib.

Ali Məhkəmədən e-huquq.az-a verilən məlumata görə, öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan, ölkəmizə qarşı daim təxribatlar törədən Ermənistan Silahlı Qüvvələrinə qarşı əks hücum əməliyyatına məhz bu gün, 2020-ci il sentyabrın 27-də başlanıldığını bildirib: "Həmin gün növbəti hərbi təcavüzə cavab olaraq, Azərbaycan xalqı müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib. 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan 300-dən çox şəhər və kənd döyüşlə işğaldan azad edilib. 2020-ci il noyabrın 10-da düşmən təslim olub və kapitulyasiya aktına imza atıb. İndi 30 ilə yaxın işğal altında olan 7 rayonda bərpa və quruculuq işləri aparılır. İkinci Qarabağ müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb. Vətən müharibəsi zamanı düşmən şəhər və rayonlarda mülki insanları hədəfə alıb. Nəticədə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Düşmən uzun illər işğalda saxladığı torpaqlarımızı minalayıb. Müharibənin başa çatmasından bəri 200-dən artıq vətəndaşımız mina terrorunun qurbanına çevrilıb".

R. Rzayev bildirib ki, müharibənin başa çatmasından 2 ilə yaxın müddət keçsə də, Ermənistan üzərinə götürdüyü öhdəlikləri bu günə qədər yerinə yetirməyib və hazırda sərhədlərimizdə təxribatlar törədir: "Sonuncu belə təxribat bu ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə baş verdi. Müzəffər ordumuz təxribatın qarşısını alaraq düşmənə ağır zərbələr endirərək məğlubiyyətə uğratdı. Düşmən təxribatının qarşısını alarkən Azərbaycan ordusunun 80 nəfər hərbi qulluqçusu şəhid oldu. Torpaq onun uğrunda ölən varsa Vətəndir. Vətən müharibəsində igidlik göstərən əsgər və zabitlərimizlə qürur duyuruq. Biz müstəqilliyimiz, suverenliyimiz uğrunda həlak olanların ruhu qarşısında baş əyir, onlara rəhmət diləyirik".

Sədr qeyd edib ki, Azərbaycan Ermənistanın törətdiyi müharibə cinayətləri, mina terroru, eləcə də hərbi təcavüz nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın yaşamaq, şəxsi və ailə həyatına hörmət, mülkiyyət, təhsil və digər hüquqlarının, habelə işgəncələrə məruz qalmamaq, dini etiqad, hərəkət azadlıqlarının pozulmasına görə Ermənistana qarşı həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsində, həm də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar üzrə işləri davam etdirir.

Oxşar xəbərlər