- 12:05
Qərbi Nil virusu Avropada yayılmaqda davam edir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanda son bir həftədə 26 yeni yoluxma və 3 ölüm qeydə alınıb. Niderlandda isə yoluxanların sayı 44-ə, ölənlərin sayı 5-ə yüksəlib. Yunanıstanın Milli İctimai Sağlamlıq Təşkilatının məlumatına görə, sentyabrın 18-dən 24-dək ölkədə 26 yeni yoluxma aşkarlanıb. Bununla 2026-cı ilin əvvəlindən qeydə alınan ümumi yoluxma sayı 396-ya, ölüm halları isə 36-ya çatıb.
Niderlandın RIVM institutu isə sentyabrın 17-dən sonra daha 16 yoluxma və 1 ölüm qeydə alındığını açıqlayıb. Ölkədə virus əsasən Cənubi Hollandiya, Utrext və Şimali Hollandiya bölgələrində yayılıb. Qərbi Nil virusu əsasən Culex cinsindən olan ağcaqanadların sancması ilə ötürülür. Mütəxəssislər iqlim dəyişikliyinin virusun Avropada yayılmasını və mövcudluğunu genişləndirdiyini bildirirlər.
Virusun xüsusi müalicəsi və peyvəndi yoxdur. Yoluxanların əksəriyyətində simptom müşahidə edilməsə də, bəzi hallarda hərarət, halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma və qusma baş verə bilər.
Şəbnəm Mehdizadə