- 15:05
Almaniyanın Gevelsberq şəhərində silahlı qarşıdurma zamanı güllə atəşinə məruz qalan həmkarlarını hadisə yerində tərk edən iki qadın polis əməkdaşı xidmətdən azad edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Münster İnzibati Məhkəməsi 32 və 37 yaşlı polis əməkdaşlarının dövlət qulluğundan çıxarılmasına qərar verib. Bu, tətbiq edilə biləcək ən ağır intizam cəzasıdır.
Qeyd edək ki, hadisə 2020-ci ilin mayında nəqliyyat vasitəsinin saxlanılması zamanı baş verib. Sürücü qəfil tapança çıxararaq polis əməkdaşlarına atəş açıb. Ümumilikdə 21 atəş açılıb, hədəfə alınan polis əməkdaşı gülləkeçirməz jilet sayəsində sağ qalıb.
Həmin vaxt təsadüfən hadisə yerindən keçən iki qadın polis əməkdaşı həmkarlarına kömək etmək əvəzinə, yoldan keçən avtomobili saxlayaraq ərazidən uzaqlaşıb. Onlar xəbərdarlıq atəşi açmayıb və hadisə barədə idarəetmə mərkəzinə yalnız sonradan məlumat veriblər.
Hagen Regional Məhkəməsi 2022-ci ildə hər iki polis əməkdaşını təqsirli bilərək dörd ay müddətinə azadlıqdan məhrum edib. Cəzaların icrası şərti olaraq təxirə salınıb.
İnzibati məhkəmənin son qərarı hələ qüvvəyə minməyib. Tərəflər Şimali Reyn-Vestfaliya Ali İnzibati Məhkəməsinə şikayət verə bilərlər.
Şəbnəm Mehdizadə