- 4 May 14:40
Son illər demək olar ki, bir sıra qurumlarda (xüsusilə publik hüquqi şəxslərdə) əmək müqaviləsi 1,3,6 ay müddətinə bağlanılır. Müddətin sonunda işəgötürən müqaviləni uzatmaq istəməzsə, müqaviləyə əsaslanaraq işçini azad edir. Lakin burada görülən işin daimi yaxud müvəqqəti xarakter daşıması mühüm əhəmiyyət kəsb edir. Belə ki, bir sıra işlər var ki, onlar müvəqqəti yox, daimi xarakterə malikdir (məsələn hüquqşünas).
Müqavilə tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslansa da, reallıq odur ki, işəgötürən müqavilə bağlandığı zaman diktə edən mövqeyindədir. Yəni işçidən müqavilənin 3 aylıq yaxud müddətsiz olması barədə münasibəti soruşulmur. Təbii ki, hamı müddətsiz müqavilə istəyəcək. Ali Məhkəmə bu ziddiyyətli məsələyə dair mövqeyini 04.04.2022-ci il tarixli Qərarı ilə bildirmişdir.
Qərarda göstərilmişdir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin məzmunundan da görünür ki, onun tutduğu vəzifə daimi xarakterə malik olmuşdur və işin həmin halı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Lakin məhkəmələr nəzərə almamışlar ki, tərəflər arasında mövcud olmuş münasibət daimi xarakterə malik olduğundan əmək müqaviləsi müddətli bağlana bilməzdi.
Qısası, müddətin bitməsi ilə müqaviləyə xitam verilməsi məsələsi məhkəmədə mübahisələndirməyə tam açıqdır.
Bayram Baxşəliyev
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin aparıcı hüquqşünası