Vəkil: "Bakı Apellyasiya Məhkəməsinin mövqeyi təəssüf doğurur"


  • 9 Dekabr 2022 16:57

Bu gün heç kimə sirr deyil ki, Vəkillik institutu Cənab Anar Bağırovun rəhbərliyi ilə yeni keyfiyyət almış, vəkilliyin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Azərbaycan Vəkilləri də Anar müəllimlə birlikdə bilavasitə dövlət başçısının rəhbərliyi altında aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının vəkillər tərəfindən tam dəstəkləndiyini, atdıqları əməli addımlara göstərirlər.

Əksəriyyət etiraf edir ki, vəkillər insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətindəki həmin tövsiyələri ən yüksək səviyyədə icra etməyə çalışmaqla, üzərlərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə maksimum səy göstərirlər. Bu gün vəkillik təsisatının nüfuzunun artması və vətəndaşlarımızın da bu nüfuzlu təsisatdan maksimum faydalanması nəticəsində Azərbaycan cəmiyyəti daha da inkişaf edir.

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin I hissəsində qeyd edilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətinin olması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamda bir daha xüsusilə vurğulanmışdır.
Həmişə çalışmışam ki, peşəkar fəaliyyətimdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə vəkillər üçün nəzərdə tutulmuş davranış qaydalarını və prinsipləri rəhbər tutum və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin vəkillərin davranış qaydaları ilə bağlı tövsiyələrinə lazımınca əməl edim.

Bakı Apellyasiya Məhkəməsi adından “E-huquq.az” saytında 02.12.2022-ci il tarixdə mənium tərəfimdən yayımlanan müraciətə cavab olaraq yayımlanmış 08.12.2022-ci il tarixli yazıda qeyd olunanlar məndə böyük təəssüf hissi doğurdu. Məcbur oldum ki, həmin yazı ilə əlaqədar müraciətimə yenidən qayıdım. Hesab edirəm ki, vəkillərə gündəlik fəaliyyətləri zamanı rastlaşdıqları çoxsaylı faktlara əsasən yaxşı məlumdur ki, ölkəmizdə COVİD-19 pandemiyası ilə əlaqədar əksər məhkəmələr kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının bəzi hakimləri tərəfindən mülki işlərə baxılarkən işlərə baxılması vaxtı və ardıcıllığı, işdə iştirak edən tərəflərin, o cümlədən vəkillərin iclas zalından kənarda gözlədilməklə hakimin icazəsi alındıqdan sonra növbə ilə iclas zalına buraxılması məsələsi həmin hakimlərin tapşırığı ilə məhkəmə iclas katibləri tərəfindən tənzimlənir. Vəkillər pandemiya dövrünün tələblərinə uyğun olaraq məhz Bakı Apellyasiya Məhkəməsində hamı tərəfindən bilinən və əməl edilən həmin “Qaydaya” uyğun olaraq iclas katibi tərəfindən işə baxan hakimin tapşırığı ilə məhkəmə iclas zalına dəvət edildikdən sonra içəri daxil olurlar.

Hesab edirəm ki, müəyyən edilmiş bu qaydaya lazımınca əməl edilməsi həm vətəndaşlar, həm də vəkillərin, o cümlədən işə baxan hakimlərin sağlamlıqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir və doğru yanaşmadır. Həmin məhkəmədə və digər məhkəmələrdə iştirakçısı olduğum əksər işlərdə məhkəmə iclaslarında iştirak üçün bu qaydada dəvət edilmişəm. Hansı işdə bu qaydaya əməl edilməsi tələb edilməyibsə, özümü təqdim etdikdən sonra icazə əsasında iclas zalına daxil olaraq, hakimin iştirakçısı olduğum işə baxacağı vaxtı gözləmişəm. Sözügedən iş üzrə rastlaşdığım hal məhz yuxarıda qeyd etdiyim “Qaydaya” əməl etdiyimə görə baş vermişdir. Belə ki, 29.11.2022-ci il tarixdə saat 12:30-a təyin edilmiş məhkəmə iclasında iştirak etmək üçün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasına saat 11:59-da çatdım. Məhkəməyə gedib-qayıtmaq üçün onlayn sifariş əsasında taksi xidmətindən istifadə etdiyim üçün, həmin faktı və məhkəmədən saat 13:18-də ayrılmağımla bağlı faktı təsdiq edən sübutum vardır. Təxminən saat 12:06-da Bakı Apellyasiya məhkəməsinin inzibati binasında iştirakçısı olduğum işin baxılacağı iclas zalının qarşısında olan şəxslər və digər vəkillərlə birlikdə iclas zalına dəvət ediləcəyim vaxtı gözləməyə başladım. Həmin vaxt məhkəmə iclas katibi iclas zalından çıxıb işlərə növbə ilə baxılacağını bildirdi və iştirakçısı olduğum işdən əvvəl baxılacaq iş üzrə tərəfləri növbə gözlənilməklə zala dəvət etdi.

Bundan sonra məhkəmə iclas katibi bir neçə dəfə tərəfləri növbə ilə zala dəvət etdi. İştirakçısı olduğum iş üzrə məhkəmə iclası həmin vaxt digər işlərə baxıldığından təyin olunan vaxtda, yəni saat 12:30-da başlamadı. Təxminən saat 13:05 radələrinədək “Qaydaya” əməl edib məhkəmə iclas zalının qarşısında növbəmi gözlədim. İclas zalının giriş qapısının şüşəsindən başqa işlərə baxıldığını gördüyüm və zala dəvət edilmədiyim üçün elə oradaca dayanıb iclas katibinin işarəsini və dəvətini gözləyərək etik qaydalara uyğun olaraq iclas zalına girmədim. Təxminən saat 13:10 radələrində məhkəmə iclas zalında bir nəfərin qaldığını, həmin şəxsin də zalı tərk etməyə hazırlaşdığını və artıq nahar fasiləsinin olduğunu görüb düşündüm ki, iştirak etdiyim işə baxılacaq. Sərdlik edən hakimdən icazə aldıqdan sonra içəri daxil olub özümü təqdim edərək, iştirakçısı olduğum işə nə vaxt baxılacağını soruşdum. Məhkəmənin ümumi nəzarət üçün yerləşdirilmiş kameraları tərəfindən qeydə alınmış bütün videoçəkilişlərə baxılsa çəkiliş saatı ilə sadaladığım bu faktlar bir daha öz təsdiqini tapacaqdır. Həmin vaxt işə sədrlik etmiş hakim mənə bildirdi ki, “elə indicə işinizə baxılaraq yekun qərar qəbul edildi”. Sədrlik edən hakimə təxminən bir saata yaxın iclas zalının qarşısında növbəmi gözlədiyimi, digər iştirakçılardan fərqli olaraq məhkəmədə formalaşdırılmış “Qaydaya” əsasən iclas zalına dəvət edilmədiyimi bildirsəm də, o, artıq gec olduğunu, qətnamənin elan olunduğunu, qəbul edilmiş qətnamədən kassasiya şikayəti verməli olduğumu izah etdi. Hətta məhkəmə iclas katibi sədrlik edən hakimin həmin sözündən sonra “elektron kabinetə yazılı izahat göndərmisiniz” deyib məhkəmə iclas zalına dəvət edilməməyimin səbəbini bu halla əsaslandırmağa çalışsa da, buna öz etirazımı bildirdim. Yazılı izahatın vəkil tərəfindən elektron kabinetə əlavə edilməsi o demək deyildir ki, vəkil iştirakçısı olduğu iş üzrə məhkəməyə getdiyi halda həmin məhkəmədə çıxış etməyəcək.

Əvvəllər işlədiyim təşkilatlarda nümayəndə kimi iştirak etdiyim məhkəmə işlərində və Vəkillik fəaliyyəti ilə məşğul olduğum dövrdə şəxsən ilk dəfə idi ki, bu cür halla qarşılaşırdım. İştirakçısı olduğum bütün işlərdə məhkəmə iclaslarına həmişə vaxtından əvvəl getmişəm ki, mənə görə hakimlər əlavə vaxt itkisinə məruz qalmasınlar. Saat 12:06-dan saat 13:05-dək məhkəmədə iclas zalının qarşısında olduğum, işə baxan hakimin özünün müəyyən etdiyi “Qaydaya” əməl etdiyim halda nə marağım ola bilər ki, məhkəmə iclasında iştirak etməyim və iclas zalına daxil olmayım və ya məhkəmənin fəaliyyəti barədə həqiqəti əks etdirməyən məlumat paylaşım. Məhkəmənin bu yazısını şəxsən özümə qarşı hörmətsizlik kimi qəbul edirəm. Onu da bildirim ki, iştirakçısı olduğum işdə çıxış edə bilməsəm də, məhkəmənin də təsdiqləyərək qeyd etdiyi kimi, yazılı izahatımı əvvəlcədən elektron məhkəmə portalı vasitəsilə şəxsi kabinetimə yerləşdirməyim işimə necə məsuliyyətlə yanaşdığımın göstəricisidir.
Hesab edirəm ki, müraciətim yalnız məhkəmə işçiləri tərəfindən deyil, mənim də iştirakımla hərtərəfli araşdırılsaydı hazırki anlaşılmazlıqlar aradan qalxacaq və verdiyim məlumatın həqiqət olması bir daha təsdiqlənmiş olacaqdı.

Bir məsələni də diqqətinizə çatdırım ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 176.4-cü maddəsinə əsasən məhkəmə iclası başlanandan sonra sədrlik edənin razılığı olmadan məhkəmə iclası zalına daxil olmaq və oradan çıxmaq olmaz. Həmin vaxt tətbiq edilən “Qaydaya” əsasən tərəflərin və vəkillərin gözləməli olduğu bildirildiyindən başqa iş üzrə məhkəmə prosesini pozmamaq üçün iclas zalına girməmişəm. Vəkil həmkarlarımdan xahiş edirəm ki, məsələnin həssaslığını nəzərə alaraq qeyd etdiyim hallarla bağlı səhv məlumat verirəmsə, düzəltsinlər. Bakı Apellyasiya Məhkəməsində vaxtında keçirilməyən iclas səbəbindən məhkəmə iclası önünə yığılan tərəflər və vəkillər məhkəmənin açıqlamasında qeyd etdiyi kimi iclas zalına daxil olub öz iclaslarının vaxtını gözləmək istəsələr, zalda buna imkan olurmu? Hər məhkəmə iclasının arasında olan vaxt intervalına görə bir saat gec baxılan işləri nəzərə alsaq, zalda yer olmayacaq qədər tərəflər və vəkillər var idi. Mənim məhkəmədə olduğum vaxt ərzində orada mənim kimi növbə gözləyən tərəflər və vəkillər bu faktı təsdiq edə bilərlər.

Bakı Apellyasiya Məhkəsinin qeyd olunan açıqlamasından sonra belə anlaşılır ki, bütün tərəflər və vəkillər iclasın saatında hakimin və ya iclas katibinin etirazına rəğmən iclas zalına daxil olmalı və orada öz məhkəmə prosesinin vaxtını gözləməlidirlər.

Bir daha bildirirəm ki, mənim niyyətim məsələnin obyektiv və hərtərəfli araşdırılması idi. Məhkəmə aparatından gələn açıqlama isə sanki müdafiə mövqeyi sərgiləmək üçün oldu.

Səbuhi Paşayev,

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər