Azərbaycanda məktəb müəllimləri üçün uşaqların internetdə təhlükəsizliyi mövzusunda vebinar keçirildi


  • 17 Sentyabr 12:57

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən ölkədə yeni dərs ilinin başlanması münasibətilə Bakının bir neçə orta məktəbindən olan müəllimlər üçün uşaqların internetdə təhlükəsizliyi mövzusunda vebinar keçirilib.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, 20-yə yaxın müəllimin qatıldığı vebinarda ETX-in Beynəlxalq əməkdaşlıq və əlaqələndirmə sektorunun müdiri Ellada Mustafayeva xüsusi təqdimatla çıxış edib. Vebinarda, əsasən, internetdən, eləcə də sosial şəbəkələrdən təhlükəsiz istifadə, uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları kimi mövzulara toxunulub və müəllimlərin bu mövzulara müvafiq sualları cavablandırılıb. Bildirilib ki, pandemiyanın yaratdığı məhdudiyyətlər nəzərə alınaraq orta məktəb valideynləri və müəllimləri üçün məktəblilərin internetdə kibertəhlükəsizliyinin təmin olunması üçün ETX tərəfindən maarifləndirmə xarakterli silsilə vebinarlar bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, uşaqların internetdə təhlükəsizliyi məsələsi Xidmətin ən çox diqqət etdiyi və həssas yanaşdığı fəaliyyət sahələrindən biridir. Belə ki, qurum 2013-cü ildən mütəmadi olaraq uşaqların internet təhlükəsizliyinin təmin olunması sahəsində maarifləndirmə tədbirləri həyata keçirməkdədir. Həmçinin, ETX bu sahədə fəaliyyət göstərən yerli, beynəlxalq qurum və təşkilatlarla əlaqələr yaratmaqda və əməkdaşlıq etməkdədir.

Məhz bu səbəbdən hazırda bütün dünyanı bürüyən pandemiya dövründə də bu istiqamətdə olan müraciətlər diqqətdə saxlanılır, vətəndaşlara müvafiq mövzularda texniki və metodiki dəstək göstərilir. Vətəndaşların müraciətləri operativ şəkildə “cert.az” saytı, “1654” qaynar xətti və sosial şəbəkə hesabından mütəmadi olaraq qəbul olunmaqdadır.

Oxşar xəbərlər