FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı- VİDEO


  • 20 İyul 18:19

Məlumat verildiyi kimi, 20 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğınsöndürən və xilasedicilərin peşəkarlığı, fərdi şücaəti və koordinasiyalı fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülərək mənzillərə keçməsinin qarşısı alınıb və bina sakinlərinin təhlükəsizliyi təmin olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəli vəziyyətdə qalmış 7 nəfər bina sakini təxliyə olunaraq həyatları xilas edilib.

Yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb, mənzillər yanğından mühafizə olunub.

Yanğınla mübarizə məqsədilə xüsusi təyinatlı texnikaların binanın həyətinə girişdə avtomobillərin nizamsız park edilməsi səbəbindən rastlaşdığı çətinliyi nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bina və yaşayış komplekslərinin həyətlərinə girişdə, habelə həyətlərdə avtomobilləri yalnız parklanma üçün nəzərdə tutulmuş yerlərdə nizamla park edilməsini xahiş edir.

Oxşar xəbərlər