"Cinayət prosessual hüquqda müdafiə aktı - tərəflərin hüquq bərabərliyinin və çəkişmənin təmin edilməsinin vacib elementi kimi"


  • 10:53

E-huquq.az Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil Bürosunun vəkili Kənan İsmayılovun “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025, №2 (26) sayının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Cinayət prosessual hüquqda müdafiə aktı – tərəflərin hüquq bərabərliyinin və çəkişmənin təmin edilməsinin vacib elementi kimi” adlı elmi məqaləsini təqdim edir:

Annotasiya

Məqalədə cinayət prosessual hüquqda tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsiplərinin təmin edilməsi baxımından yeni bir hüquqi institutun - “Müdafiə Aktı”nın qanunvericiliyə daxil edilməsinin zəruriliyi əsaslandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquqlar - məhkəmə müdafiəsi hüququ, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, təqsirsizlik prezumpsiyası yalnız normativ səviyyədə deyil, həm də təcrübi müstəvidə təmin olunmalıdır. Bunun üçün isə müdafiə tərəfinin prosessual imkanlarının ittiham tərəfinin alətləri ilə balanslaşdırılması tələb olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ittiham aktının tərtibi və təqdim olunmasını detallı şəkildə tənzimləsə də, müdafiə tərəfinin bu akta vahid, strukturlaşdırılmış cavab - sənədi təqdim etmək imkanı yoxdur. Müdafiə tərəfinin mövqeyi yalnız pərakəndə formada vəsatətlər, çıxışlar, etirazlar və izahatlarla ifadə olunur. Bu pərakəndəlik isə məhkəmədə ilkin təsəvvürlərin yalnız ittiham aktı əsasında formalaşmasına gətirib çıxarır və çəkişmə prinsipi faktiki olaraq zəifləyir. Belə vəziyyətin isə tərəflərin bərabərliyini formal xarakterə endirməsi və müdafiənin səmərəliliyini azaltması əsaslandırılmışdır. Məqalədə müqayisəli hüquqi təhlil aparılaraq digər ölkələrin - İngiltərə, Şotlandiya və ABŞ kimi ölkələrin qanunvericiliklərində müdafiə mövqeyinin sistemləşdirilmiş sənəd formasında təqdim olunması göstərilir. Məqalədə Azərbaycan Respublikası CPM-ə yeni maddə kimi 289-1-ci maddənin “Müdafiə Aktı”nın əlavə olunması təklif olunur. Bu sənəd ümumi məlumatı əks etdirən giriş, verilmiş ittihama münasibət və müdafiə tərəfinin arqumentlərini ehtiva edən əsaslandırıcı hissə, eləcə də nəticə və əlavələrdən ibarət olmalıdır.Məqalədə təklif edilən model həm prosessual balansı möhkəmləndirir, həm də müdafiə tərəfinin mövqeyini vahid sənəd formasında təqdim etməyə imkan yaradır. Məqalədə qeyd edilir ki, “Müdafiə Aktı”nın qanunvericiliyə daxil edilməsi tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinin reallığını artıracaq, müdafiə tərəfinin mövqeyini sistemli formada əks etdirəcək, vəkillərin fəaliyyətində peşəkarlığın yüksəlməsinə və nüfuzunun artmasına töhfə verəcəkdir. Nəticə olaraq, bu institut ədalətli məhkəmə araşdırması hüququnun təmininə, məhkəmə sistemində şəffaflığın güclənməsinə və beynəlxalq standartlara uyğunlaşmaya xidmət edəcək, həm də dövlətin hüquqi sisteminin modernləşməsi baxımından mühüm əhəmiyyət daşıyacaqdır.

Açar sözlər: müdafiə aktı, ittiham aktı, tərəflərin bərabərliyi, çəkişmə prinsipi, təqsirsizlik prezumpsiyası, hüquqi yardım, cinayət prosessual hüququ.

I. Giriş

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 12-ci maddəsində insаn və vətəndаşlаrın hüquq və аzаdlıqlаrının təmin еdilməsi dövlətin аli məqsədi еlаn оlunmuş və Kоnstitusiyаdа sаdаlаnаn insаn və vətəndаş hüquqlаrı və аzаdlıqlаrının Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı bеynəlхаlq müqаvilələrə uyğun tətbiq еdilməsi göstərilmişdir.

Konstitusiyamızda hər kəsin qanun və məhkəmə qarşısında bərabər olması və hər bir şəxsin qanunla qadağan olunmayan vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malik olması müəyyən edilmişdir [6].

Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İşlərə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması və şəxslərin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ müəyyən edilir. Vətəndaşların dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ təsbit edilmişdir. İstər Əsas Qanunumuzda və ona uyğun qəbul edilmiş digər milli qanunvericilik aktlarında, istərsə də beynəlxalq hüquqi aktlarda ən təməl haqlardan biri kimi məhkəmə müdafiəsi hüququna təminat verilir. Bu həm də ona görə müstəsna önəm kəsb edir ki, digər hüquq və azadlıqların təminatı da son mərhələdə məhkəmə müdafiəsi hüququ ilə kəsişir, başqa sözlə, bu hüququn mahiyyəti bərabərində pozulmuş hüquq və azadlıqların məhkəmə vasitəsilə bərpa ediləcəyinə dair gözləntini təlqin edir [6].

Konstitusiyanın 61-ci maddəsində isə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ öz əksini tapmışdır [6].

Konstitusiyanın 63-cü maddəsinə əsasən müəyyən edilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, şəxs təqsirsiz sayılır. Həmin maddəyə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi daşımamaqdadır [6].

Konstitusiyada qeyd edilən hüquqların təmin edilməsi məqsədilə cinayət prosessual qanunvericiliyi ilə cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edən, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəni təmin etməyə yönələn prinsiplər qəbul edilmişdir.

Yuxarıda qeyd etdiyimiz prinsiplər əsasında ittiham və müdafiə tərəfinin prosessual hüquq və vəzifələrinin bərabərliyi, bununla da tərəflərin hüquqi bərabərliyi və hüquqi çəkişməsinin həyata keçirilməsi təmin edilir.

Qeyd edim ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən hüquq və azadlıqların təmin edilməsi üçün məhkəmə-hüquq sistemində mütəmadi islahatlar keçirilməklə qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirilir.

Aydındır ki, cinayət prosesində tərəflərin bərabərliyi və hüquqi çəkişmənin təmin edilməsi bütövlükdə cinayət prosesinin ədalətlə nəticələnməsinin təminatlarından biridir.

Bildirək ki, cinayət prosesində tərəflərin hüquqi bərabərliyi və tərəflərin çəkişməsinin təmin edilməsi onlara bərabər imkanların verilməsi hüquqi müdafiə vasitələrindən bərabər imkanlarla istifadə imkanlarının olması ilə şərtləndirilir.

Avropa İnsan Hüquqları Məhkəməsi Dombo Beheer B.V. v. Netherlands, işində də qeyd etmişdir ki, tərəflərin bərabərliyi prinsipi-ədalətli məhkəmə anlayışının əsas elementlərindən biri olaraq hər bir tərəfin öz işini təqdim etmək üçün ağlabatan imkanlarla təmin edilməsini tələb edir. Bu imkanlar tərəflərdən birini digərinin qarşısında əhəmiyyətli dərəcədə əlverişsiz vəziyyətə salmamalıdır [5, s. 8].

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən prosessual iştirakçılar (ittiham, müdafiə, mülki işlərdə tərəflər) qarşı tərəfin təqdim etdiyi sübut və arqumentlərlə tanış olmaq və onlara münasibət bildirmək imkanına malik olmalıdır [11].

Cinayət prosesində çəkişmə - ibtidai araşdırma və məhkəmə baxışının elə quruluşudur ki, burada, prosesin ittiham və müdafiə tərəfindən olan iştirakçılarının öz prosessual funksiyalarını həyata keçirmək və müstəqil məhkəmənin rəhbərliyi ilə özünə aid, yaxud təmsil etdiyi tərəfin hüquq və mənafelərini bütün qanuni üsul və vasitələrlə prosessual bərabərlik əsasında müdafiə etmək imkanı təmin olunur. Çəkişmə prinsipi prosesin dövlətçilik başlanğıcından və maddi həqiqətdən təcrid olunmuş vəziyyətdə mövcud ola bilməz [1, s. 115].

Ölkəmizdə hüquqi sahədə daim aparılan islahatların məntiqi davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı xüsusilə fərqlənir. Fərmanda hüququn bütün sahələrində islahatların dərinləşdirilməsi ilə bağlı göstəriş və tövsiyələr, o cümlədən məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi üçün qanunvericilik təkliflərinin hazırlanması barədə tövsiyəsi öz əksini tapmışdır [12].

Qeyd etdiyimiz dəyişiklərlə müvafiq qanunvericilik aktlarına, o cümlədən cinayət prosessual və mülki prosessual məcəllələrinə mütərrəqqi əlavə və dəyişikliklər edilmiş, bununla da Azərbaycan Respublikasında hüquq sistemində məhkəmə presedentlərinin geniş yayılmasının təmin edilməsinin əsası qoyularaq, digər hüquq sistemlərinin mütərəqqi təcrübələri və elementləri yuxarıda qeyd etdiyimiz Fərman ilə hüquq sistemimizə beləcə daxil edilmişdir.

Yuxarıda qeyd etdiyimiz Fərmanda həmçinin ölkəmizdə yüksək keyfiyyətli hüquqi yardımın həyata keçirilməsinin, nüfuzlu vəkillik institutunun və onun maddi-texniki bazasının daim inkişaf etdirilməsi vurğulanmış, vəkillərin dövlət hesabına hüquqi yardım əvəzi kimi ödənilən məbləğ artırılmasının daim diqqətdə saxlanılması qeyd edilmişdir.

Fikrimin davamı olaraq qeyd edim ki, vəkillərin o cümlədən müdafiə tərəfinin prosessual bərabərliyi və məhkəmə proseslərində çəkişmələrinin bərabər təmin edilməsi üçün qanunvericlik aktlarına çox saylı dəyişikliklər edilmişdir.

Bununla belə hesab edirəm ki, cinayət prosesində tərəflərin çəkişməsinin və bərabərliyinin təmin edilməsi istiqamətində zəruri olan elementlərdən biri də digər ölkələrin qanunvericiliyində mövcud olan bütövlükdə müdafiə tərəfinin mövqeyini sistemli şəkildə əks etdirən, ittiham aktının mahiyyətinə mütənasib olan və yuxarıda qeyd edilən tərəflərin bərabərliyinin və real çəkişməsinin təmin edilməsinə töhvə verə biləcək “Müdafiə Aktı” institutunun qanunvericiliyə daxil edilməsidir.

II. Xarici ölkələrin qanunvericiliyində öz əksini tapmış müdafiə aktı anlayışlarının təhlili

Hüquq sisteminin xüsusilə insanların hüquq və azadlıqlarının dövlət tərəfindən qorunmasının vəzifə kimi müəyyən edildiyi cinayət və cinayət prosessual hüquq sahəsində də bu proqnozlaşdırılmasını təmin etmək üçün hüquqi elementlər daxil edilərək məhkəmə təcrübəsinin vahidliyi təmin edilmişdir.

Xarici dövlətlərin cinayət prosessual hüququnda müdafiə mövqeyinin strukturlaşmış şəkildə təqdim edildiyi “Müdafiə Aktı”na oxşar, müdafiə tərəfinin mövqeyini əks etdirən, şəxsin peşəkar müdafiəsinin nəticəsi kimi “Müdafiə Aktı”nın formasının qanunvericilikdə qəbul edilməsi zərurəti yaranmışdır. Bu, tərəflərə bərabər imkanlar yaradılması prisinipinin tətbiq edilməsi və tərəflərin çəkişməsi və cinayət hüququnda arbitr rolunu oynayan hakimin qarşısında bərabər təmsil olunmasını daha da təkmilləşdirəcəkdir.

Bildirək ki, prosessual hüququmuzda “Müdafiə Aktı” anlayışı olmasa da Azərbaycan hüquq sisteminin aid olduğu roman-german (civil law) və anqlo-sakson (common law) hüquq sistemində qeyd edilən müdafiə mövqeyi müxtəlif formalarda öz əkslərini tapmışdır.

İngiltərədə – müdafiə bəyanatı (Defence Statement) adlanan bu sənəd Cinayət prosessual və istintaq aktında (Criminal Procedure and Investigations Act (CPIA) 1996) öz əksini tapmışdır [8].

Böyük Britaniya hökumətinin tapşırığına əsasən, Sir Robin Ernest Auld (Lord Justice Auld) rəhbərliyi ilə 2000-ci ildə hazırlanmış və 2001-ci ildə dərc edilmiş “Review of the Criminal Courts of England and Wales” adlı hesabatda müdafiə bəyanatının məqsəd və rolu xüsusi olaraq vurğulanır. Hesabatda qeyd olunur ki, müdafiə bəyanatı cinayət prosesində yalnız formal xarakter daşıyan bir sənəd deyil, həm də ədalətli məhkəmə araşdırmasının mühüm təminatıdır [3].

Cinayət işində təqsirləndirilən şəxs istintaq başa çatdıqdan sonra rəsmi şəkildə aşağıdakı strukturda olan müdafiə bəyanatı (defence statement) təqdim etməlidir:

- təqsirləndirilən şəxsin özünü təqsirli hesab edib-etməməsi;

- ittihamda qeyd edilən faktlara münasibəti;

- müdafiəsi üçün irəli sürdüyü dəlillər, arqumentlər (hüquqi əsasları, sübutların pozulması toplanması zamanı pozuntulara məruz qalıb qalmaması və s.);

- müdafiə tərəfinin ittiham tərəfindən gözlədiyi sübutlar (ittihamı təkzib edən sübutlarının qarşılığında gözlədiyi sübutlar);

“Müdafiə Bəyanatı”nın təqdim edilməsi prokurorun sübutların təqdim olunması (“disclosure”) vəzifəsini müəyyənləşdirir.

Qanunvericiliklə “Müdafiə Bəyanatı”nın təqdim edilməsi Magistrat məhkəməsində (Magistrates’ Court) bəzi cinayətlər üçün könüllü təqdim edilməsi müəyyən edilsə də, Kraliyyət Məhkəməsində (Crown Court) bu sənədin təqdim edilməsi vəzifə kimi müəyyən edilmişdir.

Məhkəmə təcrübəsində “Müdafiə Bəyanatı” təqdim olunmadıqda və ya sonradan dəyişdirildikdə məhkəmə təqsirləndirilən şəxsin müdafiə mövqeyini şübhə altına ala bilər. Müdafiə tərəfi “Müdafiə Bəyanatını” istintaq başa çatdıqdan sonra, lakin məhkəmə baxışı başlamamışdan əvvəl təqdim edir. Bu sənəd adətən prokurorluğa (Crown Prosecution Service – CPS) göndərilir, lakin lazım gəldikdə məhkəmə də onun məzmunu ilə tanış olur. Bu sənədin əsas məqsədi müdafiənin mövqeyini açıqlamaq və prokurordan gözlənilən sübutların təqdim edilməsini təmin etməkdir.

Qeyd etdiyimiz kimi, İngiltərə qanunvericiliyində sturkturlaşdırılmış sənəd kimi Müdafiə bəyanatının təqdim edilməsi təqsirləndirilən şəxsin vəzifəsi kimi müəyyən edilmişdir. Müdafiə Bəyanatının təqdim olunması Cinayət Prosessual və İstintaq Aktı 1996 (CPIA) əsasında qanuni bir öhdəlikdir. Bu səbəbdən, vəkilin təqsirləndirilən şəxsə müdafiə bəyanatını təqdim etməməyi məsləhət görməsi müdafiəçinin etik davranış qaydalarının pozuntusu hesab olunur. Müdafiə Bəyanatı faktiki olaraq cinayət işi üzrə istintaq edilən halların əsasında konkretləşdirilmiş təfsilatı ilə tərtib olunmalı, yalnız müvafiq və dolğun göstərişlər əsasında hazırlanmalı və mümkün olduqda təqsirləndirilən şəxs tərəfindən imzalanmalıdır (Wheeler (2001) 1 Cr App R 10 və R (Sullivan) v Maidstone Crown Court [2002] EWHC Admin 967) [15; 16].

Məcburi xarakter daşıyan “Müdafiə Bəyanatı”nın təqdim edilməsi ilə əlaqədar təcrübədə “Müdafiə Bəyənatı”nın ümumiyyətlə təqdim edilməməsi, “Müdafiə Bəyanatı”nın müəyyən edilmiş müddətdən sonra təqdim edilməsi, məzmununda daxili ziddiyyətlərin mövcudluğu, təqsirləndirilən şəxsin məhkəmədə əvvəlki ifadələrində yer almayan müdafiə mövqeyinə istinad etməsi, müdafiə açıqlamasında qeyd olunmalı olan, lakin qeyd edilməmiş məsələyə əsaslanması, təqsirləndirilən şəxsin alibi təqdim etməsi, lakin bu barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq əvvəlcədən məlumat verməməsi kimi hallar təqsirləndirilən şəxsin müdafiə mövqeyini bütövlükdə zəiflədən hal kimi qiymətləndirilməsinə səbəb ola bilir.

Bununla belə isə yuxarıda qeyd etdiyimiz hallar şəxsin məhkum edilməsi məhkumluq üçün hüquqi əsas təşkil etmir, bu halda ittiham tərəfi bu əsasla “cavab verməyə əsas yoxdur” (no case to answer) vəsatətini rədd etmək üçün istifadə edə bilməz, “Müdafiə Bəyanatı”nın təqdimindəki qısamüddətli gecikmə prokurorun öz açıqlama öhdəliklərindən azad olmasına əsas vermir. “Müdafiə Bəyanatı”nda yer almayan şahidinin ifadə verməsi barədə vəsatət vermək hüququ məhdudlaşdırıla bilməz.

Bundan əlavə qeyd edilməlidir ki, “Müdafiə Bəyanatı”nın təqdim edilməsi ilə əlaqədar müdafiəçinin təqsirləndirilən şəxsə qanuni öhdəliyə zidd hərəkəti tövsiyə etməsi yolverilməzdir.

Əgər təqsirləndirilən şəxsin müdafiə etmək üçün irəli sürəcək müsbət arqumentləri yoxdursa və o, etiraf etməkdən imtina edirsə, bu zaman müdafiə bəyanatında açıq şəkildə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittihamı qəbul etmir və sübutetmə özünü müdafiə üçün hər hansı mövqeyini bildirmədən ittiham tərəfindən sübutetmə prosesi davam etdirilməlidir.

İngiltərədə Bar Standards Board (BSB) tərəfindən hazırlanmış peşə etikası haqqında təlimata əsasən: “Müdafiəçilər təqsirləndirilən şəxsə müdafiə bəyənatını təqdim etməməyi və ya qanunda nəzərdə tutulan həll edilməli olan halları həll etməməyi tövsiyə edə bilməz. Şəxslərin qanuni vəzifələrini və onlara əməl etmədikdə ortaya çıxan hüquqi nəticələrini aydın izah etməlidir [4].

“Müdafiə Bəyanatı” təfsilatlı, qanunvericiliyin tələbləri nəzərə alınmaqla tərtib olunmalı konkret müdafiə mövqeyini aydın şəkildə ifadə etməli, bu kontekstdə isə müdafiə açıqlaması həm “lövbər” funksiyasını yerinə yetirir, yəni təqsirləndirilən şəxsin mövqeyini sabitləşdirir, həm də “məcburedici vəsatət” funksiyasın, yəni ittiham tərəfini istintaq hərəkətləri aparmağa məcbur edən əsas vasitə rolunu oynayır.

İngiltərədə qanunvericiliyində öz əksini tapan oxşar forma Şotlandiya qanunvericiliyində də öz əksini tapmışdır [7; 10].

Şotlandiya hüquqşünası Gillian Mawdsley “Journal of the Law Society of Scotland”da dərc olunmuş məqaləsində Criminal Procedure (Scotland) Act 1995-də edilmiş dəyişikliklərin praktiki nəticəsini aşağıdakı kimi izah edir: Bu yanaşma müdafiə bəyanatını sadəcə müdafiə mövqeyinin açıqlanması vasitəsi yox, həm də təqsirləndirilən şəxsə öz müdafiəsini təmin etməyin alternativ hüquqi üsulu kimi təqdim edir [14].

ABŞ-də müdafiə tərəfinin ittiham aktına qarşı təqdim edilən müxtəlif mərhələlərdə müxtəlif formalarda ola bilir, bu həm federal qanun - Federal Prosessual Məcəllə (Federal Rules of Criminal Procedure (FRCP)) ilə həm də ştatların özlərinin qanunvericiliklərində nəzərdə tutulan formada müəyyən edilmişdir [13].

Belə ki, bizim qanunvericilikdə olduğu kimi cinayət təqibinə xitam verilməsi kimi vəsatət (Motion to Dismiss), məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə vəsatət (Motion to Suppress Evidence) ola bilir. İttiham aktına cavab (Answer to Indictment) formasında isə bəzi ştatlarda təqsirləndirilən şəxs rəsmi şəkildə ittihama münasibət bildirir. Əsas müdafiə mövqeyini isə - şəxsin özünü təqsirsiz bilməsinə dair mövqeyi (Plea of Not Guilty) qanunvericilikdə öz əksini tapmışdır. Bundan əlavə olaraq şəxsin özünü təqsirli (guilty) bilməsinə dair ittihama etiraz etməsə də, təqsirini etiraf etməyən mövqeyini əks etdirən (nolo contendere) müdafiə mövqeləri mövcuddur ki, hüquqi prosedurların tətbiqi baxımından da bu bəyanatların mühüm əhəmiyyəti vardır [13].

Bu mövqelər birbaşa məhkəməyə təqdim olunur və adətən ilkin dinləmə mərhələsində (preliminary hearing) və ya rəsmi ittihamın elan olunması (arraignment) mərhələsində irəli sürülür.

ABŞ-də müdafiə tərəfi çoxsaylı yazılı sənədlərlə ittiham aktına qarşı mövqe bildirə bilir və bu sənədlər strukturlaşdırılmış şəkildə təqdim olunur.

III. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə “Müdafiə Aktı”nın daxil edilməsi perspektivləri

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 289–292-ci maddələri ittiham aktının tərtibi və təsdiqi qaydalarını tənzimləyir [9].

Müdafiə tərəfinin ittiham aktına yazılı, strukturlaşdırılmış şəkildə cavab vermək hüququ ayrıca normativ qayda kimi nəzərdə tutulmamışdır. Mövcud təcrübədə müdafiə tərəfi yalnız vəsatət, çıxış, izahat və etiraz və s. formalı sənədlərlə mövqeyini ifadə edə bilir. İttiham aktına qarşı konkret hüquqi və faktoloji müdafiə aktı tərtib etmək imkanı olmadan məhkəmə keçirilir ki, bu da hesab edirəm ki, müdafiə hüququnun effektivliyini zəiflədir.

Hesab edirəm ki, Qanunverici orqan tərəfindən “Müdafiə Aktının” qəbul edilməsi ölkəmizdə mütərəqqi addım olar, bu həm insanların hüquqlarının müdafiə edilməsinin keyfiyyətini, həm də vəkillik institutunun və hüquqi xidmətlərin daha da peşəkarlaşmasına töhfə verə bilər.

İttiham tərəfinə ittiham aktı tərtib etmək vəzifəsi verildiyi kimi, müdafiə tərəfinə də öz mövqeyini təqdim etməsi vəzifə kimi müəyyən edilməklə, müdafiə tərəfinə cinayət işində öz mövqeyini strukturlaşdırılmış və bərabər əsaslarla təqdim etmək imkanı yaranacaqdır.

Bundan sonra CPM-in 1-ci maddəsinə əsasən cinayət prosessual qanunvericiliyinin təyinatı əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxslərin təqsirli olub-olmamasını, şübhəli və təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin və hüquqi şəxslərin barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsinin əsaslarını müəyyən edərək:

1. cinayət əməlini törətmiş şəxsləri ifşa etmək və cinayət məsuliyyətinə cəlb etməyi;

2. təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin, o cümlədən hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz olaraq şübhə altına alınmamasının, ittiham elan edilməməsinin və ya barəsində qanunsuz hökm qəbul edilməsinin mümkünsüzlüyünü;

3. qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, digər məhdudiyyətlərə məruz qalmamasını təmin edir [9].

CPM-in 7.0.4-cü maddəsinə əsasən isə cinayət-prosessual fəaliyyət olan cinayət təqibi cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müəyyən edilməsi, ona ittihamın elan edilməsi, ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilir [9].

CPM-ə əsasən tərəflər çəkişmə və hüquq bərabərliyi əsasında cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən cinayət prosesinin iştirakçıları kimi iki qismə ayrılmış və hər biri üçün hüquqlar və müdafiə vasitələri müəyyən edilmiş, tərəflərin riayət etməli olduqları digər prinsiplər qanunvericilikdə əks olunmuşdur.

Tərəflərin anlayışını verən zaman qanunverici orqanın cinayət prosesində xüsusi əhəmiyyət kəsb edən bu iki prinsipə tərəflərin anlayışı maddəsində istinad etməsi cinayət prosesinin təməlini təşkil etməsindən irəli gəlir.

Qanunvericilikdə cinayət təqibinin bəzi şəxslərə münasibətdə (həmin şəxslərin tutduqları vəzifədən azad edilməsi prosedurları baxımından) müəyyən edilən istisnalarından başqa şəxslərin hər hansı əsaslarla birinin digərinə münasibətdə üstünlüyü istisna edilmişdir [9].

Azərbaycan Respublikasında ədalət mühakiməsi tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilir [2, s. 423].

Tərəflərin çəkişməsini təmin etmək üçün hər bir tərəfin məhkəmədə təmsil olunması, öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olması və bununla bağlı hər bir tərəfin prosessual mövqeyinə uyğun olaraq hüquqlar müəyyyən edilmişdir.

CPM-in 219.1-ci maddəsinə əsasən ibtidai araşdırma ittiham aktının tərtib edilməsi, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün cinayət işinin məhkəməyə göndərilməsi haqqında qərar qəbul edilməsi və ya cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla qurtarır [9].

Yuxarıda qeyd etdiyimiz kimi ibtidai araşdırma zamanı cinayət təqibinin həyata keçirilməsi mərhələsində ibtidai istintaq orqanının müvafiq əməkdaşı istintaq hərəkətlərini keçirdikdən sonra istintaqı yekunlaşdırmaq mərhələsində (ittiham aktını tərtib etməmişdən öncə) topladığı sübutları sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-ə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutların qiymətləndirməsini həyata keçirir. Qeyd edilməlidir ki, qanunvericilikdə sübutların qiymətləndirilməsinə dair istintaq orqanının qəbul etdiyi qərarının müəyyən edilmiş forması yoxdur burada qanunverici bu qərarının sərhədlərini müəyyən edən prinsipləri müəyyən etmişdir.

Sübutların qiymətləndirilməsindən sonrakı (bəzən yenidən ittiham elan edilməsi və s) mərhələ sayılan ittiham aktının tərtib edilməsi mərhələsində isə artıq qanunverici konkret forma və məzmununu dəqiq müəyyən etmişdir.

Hesab edirəm ki, ibtidai istintaqın yekunlaşmasına qədər olan müddətdə qanunverici tərəfindən müdafiə tərəfi üçün hüquqlar müəyyən edilməsinə baxmayaraq müdafiə tərəfinin strukturlaşdırılmış müdafiəni təmin etmək üçün təqdim edə biləcəyi və qanunla müəyyənləşdirilən özünü müdafiə aktının olmaması tərəflərin məhkəmədə çəkişməsinə və bərabərliyinə xələl gətirən haldır.

Bildirim ki, yuxarıda qeyd etdiyimiz hüquqlardan irəli gələrək verilmiş vəsatətlər, toplanmış sübutlar ibtidai istintaq mərhələsində istintaq orqanına təqdim edilir və əksər hallarda həmin vəsatətlərlə toplanmış sübutlar və ya müəyyən edilmiş hallara, o cümlədən istintaq orqanının diqqətinin yönəldiyi digər hallara məhz eyni istintaq orqanı və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanı tərəfindən qiymət verilir.

Diqqətə çatdırmaq istədiyim məqam odur ki, müdafiə tərəfi təqsirləndirilən və müdafiəçi ilə hər iki mərhələdə təmsil olunur, ittiham tərəfi ibtidai istintaq zamanı bir orqan, iş baxılması üçün məhkəməyə göndərildikdən sonra isə digər bir orqan tərəfindən təmsil olunur. Həm də məlumdur ki, məhkəmə istintaqı dövlət ittihamçısının istintaq orqanının tərtib etdiyi ittiham aktından ittihamı oxuması ilə başlanır.

Hesab edirəm ki, iştirakçı kimi dəyişməz tərkibdə fəaliyyət göstərən müdafiə tərəfinin ittiham aktı elan olunması zamanı özünü müdafiə etmək üçün heç bir söz deyə bilməməsi və ya həmin anda hər hansı müdafiəsi üçün məhkəməyə təqdim edilmiş sturukturlaşmış aktının olmaması, yəni müdafiə tərəfinin hüquqi imkandan məhrum olması elə tərəflərin bərabərsizliyi və çəkişmənin pozulması kimi qiymətləndirilməlidir.

Bu aktın olması istər şəxsin öz müdafiəsini qurması üçün istərsə də, onun hüquqlarını müdafiə edən müdafiəçinin - vəkilin peşəkar müdafiəsini təqdim etməsi baxımından vacib element kimi qiymətləndirmək mümkündür.

Belə ki, yuxarıda qeyd etdiyim kimi istintaq orqanı müəyyən edilmiş prinsiplərə riayət edərək sübutlara qiymət verdikdən sonra ittiham aktında ancaq elan etdiyi ittihamın mahiyyətini və onları təsdiq edən sübutları sadalamaq vəzifəsini icra edir, yalnız şəxsin özünümüdafiəsi üçün gətirdiyi dəlillər və onları necə qiymətləndirməsini və əməli yüngülləşdirən hallar varsa, onu müdafiə tərəfinin xeyrinə əks etdirir.

Beləcə, iki tərəfin olduğu prosessual fəaliyyət olan cinayət təqibinin ibtidai araşdırma mərhələsi bununla da hüquqi baxımdan qeyri-bərabər şəkildə yekunlaşır.

Hesab edirəm ki, qanunvericinin ittiham aktının forması və zəruri sənəd kimi tərtib olunması ilə bağlı tələbi, cinayət işi üzrə toplanmış sənədlərin, müəyyən edilmiş faktların və yekun ittihamın bir sənəddə xülasə şəklində əks etdirilməsinə xidmət edir.

Məlumdur ki, təcrübədə 1 cilddə, 10 cilddə, hətta yüzlərlə cilddə toplanmış cinayət işlərinin istintaqı aparılır və baxılması üçün məhkəməyə göndərilir. Bu cinayət işlərində isə itiham aktı artıq məhkəmə üçün cinayət işi üzrə ilkin məlumat ala biləcəyi struktur formada təqdim edilmiş sənəddir. Bu zaman məhkəmə yalnız şəxsin öz müdafiəsi üçün irəli sürdüyü və istintaq orqanı tərəfindən qısaca əks etdirilən dəlilləri və istintaq orqanının həmin halı təkzib edən münasibət və yüngülləşdirici hallar barədə məlumatlı olur.

Bu halda hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və bu baxımdan sadəcə təqdim edilmiş sübutlara qiymət vermək vəzifəsi daşıyan məhkəmədə isə baxılması üçün göndərilmiş cinayət işi üzrə ilkin təssüratların sadəcə ittiham tərəfinin təqdim etdiyi ittiham aktında yazılanlardan irəli gələrək yaranması inkar edilə bilməz.

Bu baxımdan qanunvericilikdə müdafiə aktı anlayışı və onun formasının müəyyən edilməsi hesab edirəm ki, tərəflərin bərabərliyi və çəkişmənin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər.

Bununla bağlı, həm də diqqətinizə çatdırmaq istəyirəm ki, CPM-in 298-ci maddəsinə əsasən cinayət işi məhkəməyə daxil olduqdan sonra məhkəmə 15 (on beş) gün müddətində hazırlıq iclası təyin etməli, əgər cinayət işinin həcmi böyükdürsə, təqsirləndirilən şəxslərin sayı çoxdur və ya hazırlıq iclasının təşkil edilməsinin xüsusilə mürəkkəb olması ilə əlaqədar isə bu müddət məhkəmənin qərarı ilə 30 (otuz) günədək uzadıla bilər [9].

Fikrimizi əsaslandırmaq üçün diqqətinizə çatdıraq ki, CPM-də böyük ictimai təhlükə törətməyən cinayət işləri üçün ilkin istintaq müddəti 2 (iki) ay, az ağır cinayətlər üzrə 3 (üç) ay, ağır və xüsusi ilə ağır cinayətlər üzrə isə ilkin istintaq müddəti isə 4 (dörd) ay təşkil edir, hər bir halda bir işin ibtidai araşdırılmasını ilkin istintaq müddətində tamamlana bilməsini nəzərə alsaq, belə istintaq orqanının ən yaxşı halda 2 ay, ən pis halda 4 ayda araşdırdığı və baxılması üçün məhkəməyə göndərilən bir cinayət işi ilə ilkin tanış olması və hazırlıq iclasını təşkil edə bilməsi üçün hakimə ən çox 30 günədək vaxt verilməsi qanunvericiliklə müəyyən edilmişdir [9].

Təcrübədə hakimlərin iş yükünün olmasını və məhkəmə zallarında iclaslarını keçirməsini də nəzərə alsaq, qəbul edilməlidir ki, ittiham aktı ilkin məlumat sənədidir, bu sənəddə isə sadəcə və sadəcə şəxsə elan edilmiş ittiham və onu təsdiq edən sübutlar öz əksini tapır və bu elementlər sənədin 99%-ni təşkil edir.

Bundan əlavə qeyd etmək istəyirəm ki, müdafiəçilərin qaldırdıqları vəsatətlərindən başqa topladıqları sübutlara istintaq orqanının qiymət verməsi baxımından da müdafiə tərəfinin sturukturlaşmış müdafiə aktını zəruri edir.

Belə ki, hesab edirəm ki, ittiham tərəfinin tərtib etdiyi ittiham aktına müdafiə tərəfinin müdaxilə imkanları olmadığı kimi sonda təqdim edilən müdafiə aktı bu baxımdan istisna olmalı, yekunda istintaq orqanının bu və ya digər formada qiymətləndirilməsi imkanlarından məhrum edilməklə tamamlanmış istintaqın sonunda ittiham aktının qəbul edilməsindən sonra müdafiə tərəfinin mövqeyini əks etdirən sənəd kimi təsbit edilməlidir. Bu onun üçün vacibdir ki, istintaq orqanlarının müdafiə tərəfinin təqdim etdiyi sübutların effektivliyini və ya tətbiq etmək imkanlarını qabaqlayaraq onları neytrallaşdırmaq imkanları olmasın.

Təcrübədə rast gəlinir ki, ittiham aktının tərtib edilərək təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora verildikdən sonra müdafiə tərəfinin mövqeyini əks etdirən vacib halları neytrallaşdırmaq məqsədilə cinayət işi yenidən ibtidai istintaqa qaytarılır və ya müdafiə tərəfi olaraq təqdim edilən vəsatətlərdə qeyd edilən hallar açıq-aşkar əsassız şəkildə təmin edilməyərək müdafiə imkanlarından məhrum edilirlər.

IV. Nəticə

CPM-də ibtidai istintaq zamanı məhkəmə nəzarəti imkanlarının məhdudluğunu da nəzərə alsaq, müdafiə aktı hesab edirəm ki, strukturlaşmış sənəd kimi vacib əhəmiyyət daşıyacaqdır.

Qeyd edim ki, ümumilikdə, müdafiə prosesinə xidmət edən müdafiəçinin ibtidai araşdırma zamanı cinayət təqibinə xitam verilməsi barədə vəsatəti, o cümlədən digər vəsatətləri, məhkəmədə müdafiə çıxışı və məhkəmədə təqsirləndirilən şəxsin son söz ilə çıxış etməsi ilə strurukturlaşdırılmış müdafiə aktının qarışdırılmamalı olduğunu düşünürəm.

Belə ki, sadaladığım hər bir mərhələni bütövlükdə müdafiənin ayrılmaz tərkib hissəsi hesab etməklə vurğulamaq istədiyim məqam verilmiş vəsatətlərdə, o cümlədən son söz mərhələsinə qədər keçən zaman ərzində cinayət işi üzrə “elan edilmiş” ittihamı təkzib edən müdafiə mövqeyinin bütövlükdə sistemləşdirilməsi və sturukturlaşdırılaraq əks etdirilməsinin vacibliyini diqqətə çatdırmaqdır.

Qeyd etdiyimiz kimi ittiham aktı artıq məhkəmədə dövlət ittihamını müdafiə edən ittihamçı üçün necə “mayak” rolunu oynayırsa, mümkün olan müdafiəçi dəyişikliyi zamanı da ilk növbədə keyfiyyətli müdafiə üçün artıq iş materiallarında müdafiə tərəfinin vahid mövqeyini əks etdirən sənəd olacaqdır.

Qeyd edilə bilər ki, qanunvericilikdə müdafiə tərəfinin məhkəməyə məhkəmənin yekun qərarına dair öz təkliflərini verməsi imkanları müəyyən edilmişdir ki, müdafiə mövqeyini orada da əks etdirmək imkanları mövcuddur. Hesab edirəm ki, bu hüquq son məhkəmə qərarının qəbul edilməsi baxımından sonda edilən prosessual hərəkət olmaqla nəticə etibarilə isə əvvəlcədən hazırlanmış sturukturlaşdırılmış bir müdafiə aktının davamı olması halında effektiv və məhkəmədə çəkişmənin tamamlayan element ola bilər.

Qanunvericilikdə ittiham aktı tərtib edilib müdafiə tərəfinə təqdim edildikdən sonra konkret olaraq müəyyən edilmiş müddət ərzində tərtib edilməli olan “Müdafiə Aktı”nın müdafiəçi və ya təqsirləndirilən şəxs tərəfindən tərtib edilərək hazırlanması öz əksini tapmalıdır. Əgər ibtidai istintaq dövründə müdafiəçi iştirak etməmişdirsə, ibtidai araşdırmanı aparan şəxs ittiham aktını təqsirləndirilən şəxsə təqdim edərkən bu barədə ayrıca protokol tərtib olunaraq təqsirləndirilən şəxsin ittiham aktı ilə tanış olmasından sonra öz münasibətini bildirdiyi müdafiə aktı tərtib etmək hüququ, qaydası və müddəti barədə hüquqlarını izah etməlidir.

“Müdafiə Aktı”nda müdafiə tərəfinin elan edilmiş ittihama münasibəti, şahidlərin ifadələrinə olan mövqeyi (təsdiq etmədiyi və həmin ifadəsinə qarşı müdafiəsi üçün gətirdiyi dəlillər və ifadəsi), müdafiəsi üçün gətirdiyi sübutlar və həmin sübutların ittiham tərəfinin sübutları ilə müqayisəsi, istintaq orqanının şəxsin müdafiəsi üçün istintaq orqanına təqdim etdiyi, lakin istintaq orqanı tərəfindən qəbul edilməyən sübutlar və onların şəxsin öz müdafiəsi baxımından əhəmiyyəti, məruz qaldığı hüquq pozuntularının təsviri və CPM-in 297-307-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasında müzakirə edilən məsələlərə münasibətinin əksini tapması müdafiənin qurulması üçün təcrübi əhəmiyyət daşıyar.

Beləliklə təklif edirəm ki, Cinayət-Prosessual Məcəlləyə aşağıdakı məzmunda Müdafiə Aktı maddəsi əlavə edilsin:

289-1. Müdafiə Aktı

289-1. Bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra təqsirləndirilən şəxs və müdafiəçi müdafiə aktı tərtib edir.

289-1.2. Müdafiə aktının giriş hissəsində aşağıdakılar göstərilir:

289-1.2.1. müdafiə aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer;

289-1.2.2. müdafiə aktını tərtib edən təqsirləndirilən şəxs və müdafiəçinin soyadı adı və atasının adı;

289-1.2.3. barəsində müdafiə aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi).

289-1.3. Müdafiə aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir:

289-1.3.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihama təqsirləndirilən şəxsin münasibəti, ifadəsi və digər mühüm hallar;

289-1.3.2. təqsirləndirilən şəxsin təqsirsizliyi təsdiq edən sübutlar və həmin sübutların ittiham tərəfinin sübutları ilə müqayisəsi, müdafiəsi üçün istintaq orqanına təqdim etdiyi, lakin istintaq orqanı tərəfindən qəbul edilməyən sübutlar və onların əhəmiyyətinə dair hallar;

289-1.3.3.məruz qaldığı hüquq və azadlıqlarının pozuntularının təsviri;

289-1.3.4.CPM-in 297-307-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasında müzakirə edilən məsələlərə dair mövqeyi;

289-1.3.5.təqsirləndirilən şəxsi səciyyələndirən hallar, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların təsviri.

289-1.4. Müdafiə aktının nəticəvi hissəsində təqsirləndirilən şəxsin məhkəmədən xahişi əks etdirilir.

289-1.5. Müdafiə aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir.

289-1.6. Müdafiə aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı və yeri göstərməklə onu imzalayır.

289-1.7. Müdafiə aktına məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir.

Hesab edirəm ki, “Müdafiə Aktı”nın qanunvericilikdə müəyyən edilməsi hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində atılacaq addımların, müdafiə hüququnun effektivliyinin təmin edilməsi, hüquqi yardımın keyfiyyətinin artırılması, vətəndaşların hüquqlarının təmin olunmasına zəmanət imkanlarını genişləndirə bilər. Müdafiə aktı təkcə insan hüquq və azadlıqlarının təmin edilməsi, müdafiə hüququnun həyata keçirilməsi, vəkillik fəaliyyətinin daha da gücləndirilməsi baxımdan deyil, həm də dövlətin hüquqi mexanizmlərinin daha şəffaf və ədalətli etmək baxımından əhəmiyyətli olacaqdır.

REFERENCES (ƏDƏBİYYAT):

1. Abbasova F. M. Criminal Procedure. Textbook. General Part. Revised and supplemented second edition. (in Azerbaijani / Abbasova F. M. Cinayət Prosesi. Dərslik. Ümumi Hissə. Yenidən işlənmiş və əlavə edilmiş ikinci nəşr). Baku: Zardabi LTD Publishing House, 2015, 410 p.).

2. Aliyev A. İ. Human Rights. Coursebook. Revised and supplemented second edition.Baku: “Nurlar” Publishing, 2019, 352 p. (in Azerbaijani / Əliyev Ə.İ. İnsan hüquqları. Dərslik. Yenidən işlənmiş və əlavə edilmiş ikinci nəşr).

3. Auld, R. (2001). Review of the Criminal Courts of England and Wales. Criminal Courts Review.

URL: https://www.criminal-courts-review.org.uk/ccr-10.htm (last access: 27.05.2025).

4. Bar Standards Board, BSB Handbook (Bar Standards Board, 2025)

URL: https://www.barstandardsboard.org.uk/bsb-handbook.html (last access: 26.05.2025).

5. Case of Dombo Beheer B.V. v. The Netherlands (Application No. 14448/88), The European Court of Human Rights judgment. Strasbourg, 27 October 1993.

6. Constitution of the Republic of Azerbaijan (in Azerbaijani / Azərbaycan Respublikasının Konstitusiyası).

URL: http://www.e-qanun.az/framework/897 (last access: 26.05.2025).

7. Criminal Justice and Licensing (Scotland) Act 2010. Scottish Government. (2010).

URL:https://www.legislation.gov.uk/asp/2010/13/introduction (last access: 27.05.2025).

8. Criminal Procedure and Investigations Act 1996.

URL: https://www.legislation.gov.uk/ukpga/1996/25 (last access: 26.05.2025).

9. Criminal Procedure Code of the Republic of Azerbaijan (in Azerbaijani / Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi).

URL: https://e-qanun.az/framework/46950) (last access: 26.05.2025).

10. 10. Criminal Procedure (Scotland) Act 1995. Scottish Government. (1995). URL:https://www.legislation.gov.uk/ukpga/1995/46/section/70A (last access: 27.05.2025).

11. European Convention on Human Rights (ECHR), Official title: Convention for the Protection of Human Rights and Fundamental Freedoms, Adopted: 4 November 1950, Entry into force: 3 September 1953, Council of Europe.

URL: https://www.echr.coe.int/documents/convention_eng.pdf (last access: 27.05.2025).

12. On Deepening Reforms in the Judicial-Legal System, Decree of 3 April 2019 (in Azerbaijani / “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərman).

URL: https://e-qanun.az/framework/41813 (last access: 26.05.2025).

13. The Federal Rules of Criminal Procedure, (The original rules were adopted by order of the Supreme Court on December 26, 1944, transmitted to Congress on January 3, 1945, and effective March 21, 1946. The Criminal Rules were last amended in 2023.)

URL:https://www.uscourts.gov/forms-rules/current-rules-practice-procedure/federal-rules-criminal-procedure (last access: 26.05.2025).

14. Mawdsley, G. (2018). “New questions over statements.” Journal of the Law Society of Scotland, Vol. 63, Issue 05.

URL: https://www.lawscot.org.uk/members/journal/issues/vol-63-issue-05/new-questions-over-statements/ (last access: 27.05.2025).

15. R (Sullivan) v Maidstone Crown Court[2002] EWHC 967 (Admin) -High Court of Justice, Queen’s Bench Division (Administrative Court) - Judgment date: 22 May 2002-

URL: https://www.casemine.com/judgement/uk/5b46f1ee2c94e0775e7ee4ca (last access: 27.05.2025).

16. R v Wheeler[2001] 1 Cr App R 10 — Court of Appeal (Criminal Division), England and Wales- Judgment date: 2000 (reported in 2001).

URL: https://www.judiciary.uk/wp-content/uploads/JCO/Documents/Reports/disclosure_criminal_courts.pdf (last access: 26.05.2025).

Oxşar xəbərlər