Məhkum qadınlar hansı hallarda cəzaçəkmə müəssisəsindən kənarda yaşaya bilər?


  • 10 Yanvar 2022 17:28

Məhkum qadınların cəzaçəkmə müəssisəsindən kənarda yaşaması Cəzaların İcrası Məcəlləsinin 88-ci maddəsi ilə tənzimlənir.

E-huquq.az xəbər verir ki, əməyə vicdanlı münasibət bəsləyən və cəzaçəkmə rejiminin tələblərinə riayət edən, habelə cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkum qadınlara cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarı ilə hamiləliyə və ya doğuşa görə qanunla müəyyən edilmiş qaydada, işdən azad edildikləri vaxt ərzində, habelə uşaq üç yaşına çatanadək cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilə bilər.

Cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlar:

- Cəzaçəkmə müəssisəsinin ərazisi yaxınlığında yaşamağa yerləşdirilir və müdiriyyətin daimi müşahidəsi altında olurlar;

- Adi həyatda işlədilən paltar geyinə bilərlər;

- Məhdudiyyətsiz halda yazışa bilər, pul baratları ala bilər və nağd puldan istifadə edə bilər, qohumları, həkimi ilə və başqa şəxslərlə görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;

- Hüdudları cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilən ərazi daxilində sərbəst gediş-gəliş hüququndan istifadə edə bilərlər.

Cəzaçəkmə rejimi və ya davranış qaydaları məhkum qadın tərəfindən müntəzəm və ya qəsdən pozulduqda, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarına əsasən cəzaçəkmə müəssisəsindən kənarda yaşamaq üçün verilən icazə ləğv edilir, məhkum qadın isə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə qaytarılır.

Oxşar xəbərlər