Mediasiya Şurasının sədri mediator olmaq istəyən şəxslərə müraciət etdi


  • 25 İyun 2022 13:35

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov ona ünvanlanan müraciətlərlə bağlı açıqlama yayıb.

E-huquq.az xəbər verir ki, açıqlamada deyilir:

"Sosial şəbəkələrdən aldığım yüzlərlə mesajları bəzən tək-tək cavablandırmaq fiziki imkanlar və ciddi iş yükü səbəbindən bir çox hallarda mümkün olmur. Amma hər birinizə olan böyük hörmətdən, ehtiramdan dolayı özümə borc bilirəm ki, sizlərdən aldığımız mesajlarla bağlı açıqlama verim. Qeyd etmək istəyirəm ki, mediator olmaq üçün ilkin baza təlim kursu növbəlilik üzrə müraciət edənlərin siyahısına uyğun olaraq başlanılıb.

Ədliyyə Akademiyası Mediasiya Şurasının reysterinə daxil olan yeganə təlim qrumudur və biz akademiya ilə yüksək səviyyəli əməkdaşlıqdan çox razıyıq. Yalnız akademiyanın təşkil etdiyi kursları bitirən şəxslər mediator ola bilər. Bu günədək Ədliyyə Akademiyası vətəndaş məmnunluğunu təmin etməklə yüzlərlə mediatorun üçün kursları yüksək səviyyədə təşkil edib. Bu gün uğurla fəaliyyət göstərən mediatorların formalaşmasında Ədliyyə Akademiyasının mühüm rolu danılmazdır. Kurslara müraciət edən şəxslərin həddindən artıq çox olmasını nəzərə alsaq, kurslar növbəli şəkildə, müraciətçilərin müraciət tarixləri nəzərə alınmaqla təşkil edilir.

Mənə və Şuraya mürciət edən, mediator olmaq üçün sənədlərini Ədliyyə Akademiyasına təqdim etmiş şəxslərin nəzərinə çatdırırıq ki, sizlərin növbəniz çatdığı təqdirdə bu barədə sizə məlumat veriləcək və kurslara cəlb ediləcəksiniz.

Xüsusi bir qeydi də vurğulmaq istərdim ki, Mediasiya Şurasının üzvülüyünə qəbul yalnız və yalnız Azərbaycan Respublikasının qanunvericliyi əsasında baş tutur. Digər mənşəyi bilinməyən sertifikatlar əsasında mediator kimi nəinki Mediasiya Şurasının üzvülüyünə qəbul olunmaq olmaz, həmçinin mənşəyi məlum olmayan sertifikatlarla mediator kimi fəaliyyət göstərmək qanunla ciddi məsuliyyətə səbəb olur.

Yalnız və yalnız Ədliyyə Akademiyası tərəfindən mediator olmaq üçün kurslara cəlb edilmiş şəxslər Mediasiya Şurasına üzv olduqdan sonra mediator kimi fəaliyyət göstərə bilərlər".

Oxşar xəbərlər