Sənan Hacıyev: "Vərəsəlik hüququ ilə bağlı normativ-hüquqi aktların kompleks şəkildə təkmilləşdirilməsi zəruridir"


  • 1 Mart 2024 10:18

"Azərbaycan tarixində 100 il ərzində 3 Mülki Məcəllə qəbul edilmiş və hər biri dövlətin həmin vaxt aid olduğu ictimai-siyasi quruluşunun xüsusiyyətlərini özündə əks etdirib. Belə ki, 1923-cü il tarixli Mülki Məcəllə xüsusi mülkiyyətin və onunla bağlı olan vərəsəlik hüququnun məhdudlaşdırılması və sosialist dövlət mənafeyinin qorunması məqsədi ilə publik hüququn xüsusi hüquq üzərində üstünlüyü ilə seçilirdi. Bu dövrdə vərəsələrin miras əmaka hüquqları miras əmlakın dəyərinin 10.000 rublu keçmədiyi halla məhdudlaşdırdı, bu məbləği aşan dəyərdə olan miras əmlaklar isə dövlət mülkiyyətinə keçirdi. Eyni zamanda qeyd edilməlidir ki, həmin dövrdə məhz mirasın qəbulundan imtina sistemi möcud idi".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Azərbaycan Hakimlər İttifaqının sədr müavini Sənan Hacıyev "Vərəsəlik hüququ: Müasir Çağırışlar" adlı elmi-praktik konfransda çıxışında deyib.

O qeyd edib ki, daha sonra qəbul edilmiş 1964-cü il tarixli Sovet Mülki Məcəlləsi klassik sosialist hüququnun daşıyıcısı qismində yalnız iki mülkiyyət növünü tanıyırdı: "Sosialist mülkiyyəti və şəxsi mülkiyyət. Şəxsi mülkiyyət isə xüsusi mülkiyyətin əvəzləyicisi rolunu oynayırdı. Belə ki, şəxsi mülkiyyətə sahiblik etmə imkanı yalnız fiziki şəxslərə münasibətdə tanınırdı, müəyyən ölçülərdə olması ilə şərtləndirilirdi, habelə şəxslərin yalnız maddi və mənəvi ehtiyaclarının ödənilməsi məqsədini daşıdığı müəyyən edilirdi. Sələfindən fərqli olaraq bu Mülki Məcəllədə vərəsəlik hüququnun mirasın qəbulu sistemi əsasında həyata keçirildiyi müəyyən edilərək, qəbul edilməmiş mirasın dövlət mülkiyyətinə keçməsi ilə şərtləndirilmişdir. Sovet mülki hüquq doktrinası mirasın qəbul sisteminə keçidi mümkün vasitələrlə şəxsi mülkiyyətin dövlət mülkiyyətinə çevrilməsinin təminatı ilə izah edirdi".

S.Hacıyev bildirib ki, Sovet İttifaqının süquta uğraması nəticəsində Azərbaycanda mövcud olan köhnə ictimai münasibətlər sistemi iflasa uğradı, ictimai-siyasi quruluş dəyişdi, bazar yönümlü iqtisadiyyat və qanunun aliliyinin inkişafına imkan verən quruluş formalaşdırıldı.

"Konstitusiyanın qəbul edilməsi ilə hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələyə qədəm qoyuldu. Bu tarixi dövrdə ölkəmizdə iqtisadi münasibətlərin bazar prinsipləri əsasında modernləşdirilməsi, dövlət idarəçiliyinin inzibati-tabe sistemdən demokratik sistemə keçidi mülki hüquq münasibətlərini yeni siyasi və iqtisadi reallığa uyğunlaşdırmalı olan müasir mülki məcəllənin hazırlanmasını və qəbul edilməsini qaçılmaz etmişdi. Nəhayət, dövlət müstəqilliyinin əldə edilməsindən 8 il sonra alman mütəxəssislərinin fundamental dəstəyi ilə müqavilə azadlığı, mülkiyyətin toxunulmazlığı prinsiplərinə əsaslanan yeni Mülki Məcəllə qəbul edilməklə, 2000-ci ildə qüvvəyə minib.

Azərbaycan cəmiyyəti 1999-cü ildə qəbul edilmiş Mülki Məcəllənin timsalında daha perspektivli bir tənzimləyiciyə sahib olsa da, bu məcəllədə də bir çox çatışmazlıqlar və boşluqlar qalıb. Belə ki, qısa müddət ərzində hazırlanan və geniş ictimai müzakirələrə çıxarılmadan qəbul edilən Mülki Məcəlləmizin sistemsizlik, qarışıq müddəalar, zəif hüquqi texnika, çoxlu sayda imperativ normalar kimi çatışmazlıqları mövcuddur. Rusiya Mülki Məcəlləsi və Almaniya Mülki Qanunnaməsinin bir sıra müddəalarının dərin şəkildə təhlil edilmədən sistemsiz və mexaniki olaraq Mülki Məcəlləyə daxil edilməsi də mütəmadi şəkildə onun tətbiqində çətinliklər yaradıb.

Bu qarışıqlıq Mülki Məcəllənin xüsusən vərəsəlk hüququnu tənzimləyən normalarında özünü daha çox biruzə verir. Belə ki, bu bölmənin bir sıra normalarının mirasın qəbulu, bəzilərinin isə mirasdan imtina sisteminə aid olduğuna işarə edirdi. Elə Mülki Məcəllənin 1246, 1247, 1248, 1256, 1262, 1263, 1273-1 və bir sıra digər normalarının müqayisəsi bu normalardan bəzilərinin mirasdan imtina institutuna aid olduğunu, digərlərinin isə mirasın qəbulu sistemini əks etdirdiyini göstərirdi. Bu ziddiyyətlər daim alimlərimizin, hakimlərin habelə hüquq ictimaiyyətinin nümayəndələri arasında qızğın müzakirələrə səbəb olurdu.

Nəhayət, 2022-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1, 1268.2 və 367.1-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş edib. Qeyd edilən müraciət üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddətin mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddət olması göstərilib, habelə Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulmasının, eyni zamanda Mülki Məcəllənin 1273-1-ci maddəsi baxımından mirasdan imtinanın ehtimal oluna bilmə imkanının vərəsəlik hüququna dair Konstitusiya təminatına xələl yetirməsinə dair açıq hüquqi mövqe nümayiş etdirilib. Bu hüquqi mövqelərlə Mülki Məcəllənin mirasın qəbulunu və bunun müəyyən müddət ərzində həyata keçirilməli olmasına dair üstünlük təşkil edən normaları, habelə Konstitusiya Məhkəməsinin mirasın qəbulunun vacibliyi ilə bağlı əvvəlki qərarlarındakı hüquqi mövqelərin uyğunsuzluğu məhkəmə təcrübəsində ciddi çaşqınlığın yaranmasına səbəb olduğundan, Ali Məhkəmə tərəfindən ilk olaraq Konstitusiya Məhkəməsinin nümayəndələrinin, alimlərimizin və hakimlərin iştirakı ilə geniş müzakirələr keçirib, lakin yaranmış fikir ayrılığını aradan qaldırmaq mümkün olmadığından yeni sorğu ilə Konstitusiya Məhkəməsinə müraciət edilməsi qərara alınıb.

Konstitusiya Məhkəməsinin Plenumu 2023-cü il 26 dekabr tarixli qərarı ilə əvvəlki hüquqi mövqeyini inkişaf etdirərək, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini qüvvədən düşmüş hesab edib. Vərəsəlik hüququnun mirasın qanunla müəyyən edilmiş müddətdə qəbulu prinsipi əsasında həyata keçirilməsinin mülkiyyət hüququnun konstitusiya təminatına zidd hesab edən Konstitusiya Məhkəməsi, bu hüququn əks prinsip olan mirasdan imtina prinsipi əsasında həyata keçirilməli olduğunu qeyd etməklə, qanunla müəyyən edilmiş müddətdə mirasdan notarial qaydada imtina etməmiş hər bir vərəsənin vərəsəlik hüququnun tanındığını təsbit edib. Konstitusiya Məhkəməsi qərarında həmçinin Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Qərarın qüvvəyə minməsindən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qərarın qəbul tarixinə məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyini təsbit edib. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarı ilə 2000-ci ildən vərəsəlik hüququna təminatın mirasın qanunla müəyyən edilmiş müddətdə qəbul edilməsi şərti əsasında həyata keçirildiyini diktə edən Mülki Məcəllənin dominant normalarının (MM 1246 və 1273-1) qüvvədən salınması, vərəsəlik hüququ ilə bağlı yeni dövrə keçid hesab olunmaqla, bundan sonra vərəsəlik hüququna təminatın əks sistem olan mirasdan imtina sistemi əsasında həllinə yol açmışdır. Belə ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin qüvvədən salınması bu zamanadək vərəsəlik hüququnun yaranması üçün zəruri şərt olan - vərəsənin qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməsini sübut etməsinə zərurəti aradan qaldırmışdır. Bundan sonra qüvvədə olan Mülki Məcəllənin 1243 və 1256-cı maddələrinə əsasən, vərəsə - vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan notarial qaydada imtina etmədiyi halda, mirası qəbul etmiş hesab ediləcək.

Nəticə etibarı ilə, hər kəsin qanunla müəyyən edilmiş müddətdə və formada imtina etmədiyi mirasa münasibətdə konstitusion vərəsəlik hüququna təminat verilib. Qərarın nəticə hissəsinin 2-ci bəndinin müəyyən etdiyi hüquqi vəziyyətlə bağlı isə qeyd edilməlidir ki, bu Qərar onun qəbulu günü olan 26.12.2023-cü il tarixində və ondan sonrakı dövrdə açılmış mirasla bağlı vərəsəlik münasibətlərinə, habelə qərarın qəbulundan əvvəl vəfat etmiş şəxslərin 26.12.2023-cü il tarxinədək məhkəmələrin icraatında olan vərəsəlik mübahisələrinə şamil olunacaqdır. 26.12.2023-cü il tarxinədək vəfat edib və bu tarixədək məhkəmənin icraatında olmayan vərəsəlik münasibətlərinə həmin vaxt qüvvədə olan normalara uyğun olaraq əvvəlki qaydada mirasın qəbulu sistemi tətbiq ediləcək.

Yeni hüquqi mövqelərin tətbiqinin bir sıra üstünlükləri və əlbətdəki öz çatışmazlıqları da var. Belə ki, vərəsəliyin xüsusi qəbul müddəti şərtinə tabe tutulmaması ilk növbədə kimlərin və hansı nisbətdə vərəsə olması ilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına müsbət töhvə vermiş olacaqdır. Belə ki, artıq mirasın açıldığı müddətdən 3 ay ərzində mirasın qəbulundan notarial qaydada imtina etməmiş bütün vərəsələr mirası qəbul etmiş hesab edildiklərindən, notariat orqanları vərəsələr dairəsindən olan bir şəxsin müraciəti əsasında dairəyə daxil olan bütün vərəsələrin adına ümumi şəhadətnamə verəcəklər. Mirasın müraciət etməmiş şəxslərə aid hissəsinin açıq saxlanılmaqla uzun müddət qeyri-müəyyən vəziyyətin yaranması ilə bağlı köhnə təcrübə də aradan qalxmış olacaq.

Əksər hallarda hüquqi savadlılığı aşağı olan vətəndaşların qanunvericiliyin mirasın qəbulu ilə bağlı sərt şərtlərindən məlumatları olmadığından mirasın qəbulu müddətini ötürdükdə (əksər hallarda valideyninin vəfatından bir il keçməmiş vərəsəlik məsələləri ilə bağlı dövlət orqanlarına müraciət etmələrini özlərinə utanc saymaları səbəbindən) vəfat edən şəxsin digər övladları ilə eyni statusda olmalarına baxmayaraq, mirasdan məhrum olmaları ilə razılaşmamaqla, kütləvi narazılıq halları da aradan qalxmış olacaq.

Mirasın qəbulu prinsipinin yaratdığı qeyri-müəyyənlik kreditorların maraqlarına da ciddi zərər vururdu. Belə ki, kreditorun yalnız mirası qəbul etmiş vərəsəyə qarşı tələb irəli sürmə imkanının olduğunu bilən vərəsələr, süni surətdə mirası faktiki qəbul edib yiyələnmələrinə baxmayaraq, onun rəsmiləşdirilməsindən yayınırdılar. Bu isə kreditorlara miras qoyanın öhdəlikləri üzrə cavabdeh olmalı şəxslərin dairəsinin müəyyən edilməsinə imkan vermirdi. Yeni qaydanın tətbiqindən sonra isə qanunla müyyən edilmiş müddətdə vərəsənin mirasdan imtina etmədiyi təqdirdə miras qoyanın kreditorlarının kimlərin miras əmlaka daxil olan öhdəliklərdən məsuliyyət daşıdığı barəsində hüquqi müəyyənlik əldə etmiş olurlar. Beynəlxalq təcrübə göstərir ki, yeni qaydanın tətbiqi vərəsəlik hüququnun tanınması ilə bağlı məsələlərin notariusların üzərinə keçirməklə, məhkəmələrin yalnız mirasın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxması ilə nəticələnəcək. Mirasın qəbulu faktının müəyyən edilməsi, mirasın qəbulu müddətinin uzadılması kimi ərizlərin məhkəmələrdə baxılmasını da aradan qaldırmış olacaq.

Qeyd edilən üstünlüklərlə yanaşı Konstitusiya Məhkəməsinin Qərarı əlbətdəki müəyyən çətinliklərin yaranması ilə də nəticələnəcək. İlk növbədə vərəsələrin dairəsinin müəyyən edilməsi üzrə notariat orqanlarının üzərinə böyük yükün düşəcəyi qaçılmazdır. Digər tərəfdən, ölkəmizin vərəsəlik hüququ ilə bağlı yeni dövrə keçidi Mülki Məcəllənin qəbulundan ötən 23 illik müddət ərzində vərəsəlik məsələləri üzrə oturuşmuş məhkəmə təcrübəsində, habelə notariat və daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində əsaslı dəyişikliklərin edilməsini, habelə vətəndaşların bu sahədə illər ərzində formalaşmış vərdişlərinin dəyişdirilməsi üçün geniş maarifləndirmə işlərinin aparlmasını tələb edir.

Bununla yanaşı, Mülki Məcəllədə hələ də Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks olunmuş yeni hüquqi mövqe ilə ziddiyyət təşkil edən bir sıra normaların məsələn, 1247, 1248 və digərlərinin qalması hüquq ictimaiyyəti arasında çaşqınlığın yaranmasına səbəb olacağından Mülki Məcəllənin “Vərəsəlik hüququ” bölməsinin və bununla bağlı Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın, miras əmlaklara münasibətdə vərəsəlik hüquqlarının dövlət qeydiyyatı ilə bağlı və digər aidiyyəti normativ-hüquqi aktların kompleks şəkildə təkmilləşdirilməsi də zəruridir. Əldə etdiyim məlumata əsasən artıq bu istiqamətdə işlərə başlanılıb.

Ümid edirəm ki, hakim korpusunu, notariusları, vəkilləri, mülki hüquq sahəsində fəaliyyət göstərən alimləri və digər dəyərli hüquqşünaslarımızı bir araya gətirən konfransımız vərəsəlik hüququnun həyata keçirilməsi üzrə ölkəmizin yeni dövrə keçidi ilə bağlı ortaya çıxan nəzəri və praktik problemlərin aradan qaldrılmasına öz töhfəsini verəcək", - deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər