- 22:25
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Pirallahı Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15 may 2026-cı il tarixində “Beynəlxalq Ailə Günü”nə həsr olunan “Ailəmiz - ən güclü dəyərimiz” adlı konfrans keçirilib.
Bu barədə e-huquq.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
Məlumata görə, konfransın keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsinə xidmət edəcək tədbirlərin davam etdirilməsidir.
Konfransdan öncə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempion ailələr” layihəsinin ilk tədbiri baş tutub. Layihə çərçivəsində Pirallahı rayonunu təmsil edən 10 ailənin iştirakı ilə "Fibonaççi" intellektual yarışı təşkil olunub.
Daha sonra Ümummilli lider Heydər Əliyevin rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyulub.
Tədbir iştirakçıları Pirallahı rayon rəssamlarının əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Kofransın rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu öndər Heydər Əliyevin, eləcə də ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ailənin cəmiyyətin əsas dayağı və milli-mənəvi dəyərlərin qoruyucusu olduğunu vurğulayaraq, Azərbaycanda sağlam ailə modelinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanıldığını bildirib. O qeyd edib ki, müasir dövrdə qloballaşma, sosial dəyişikliklər və rəqəmsallaşma fonunda ailə institutunun üzləşdiyi çağırışlar şəraitində ənənəvi dəyərlərin qorunması ilə müasir tələblər arasında balansın saxlanılması mühüm əhəmiyyət daşıyır. Bildirib ki, dövlətin həyata keçirdiyi məqsədyönlü ailə siyasəti nəticəsində Azərbaycan ailə modeli sağlam təməllər üzərində inkişaf edir.
Vasif İmanov çıxışında Pirallahı rayonunda yaşayan nümunəvi və uzunömürlü ailələrin gənc nəsil üçün örnək olduğunu diqqətə çatdıraraq, ailə institutunun qorunmasının sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını bildirib. O, xüsusilə gənclərə milli ailə dəyərlərinə sadiq qalmağı, Azərbaycan ailə modelini yaşatmağı tövsiyə edib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq, Beynəlxalq Ailə Gününün BMT tərəfindən ailə institutunu təhdid edən qlobal çağırışlar nəzərə alınaraq təsis olunduğunu diqqətə çatdırıb. Azərbaycan isə dünya birliyinin məsuliyyətli üzvü kimi ailə siyasətinə xüsusi həssaslıqla yanaşır və bu günü geniş şəkildə qeyd edir. Dövlət Komitəsinin fəaliyyət istiqamətinə uyğun olaraq ölkənin regionlarında, rayon icra hakimiyyətləri, bələdiyyələr və aidiyyəti qurumlarla birgə ailənin inkişafı, icmaların maarifləndirilməsi və dövlət siyasətinin icrası istiqamətində çoxsaylı layihələrin həyata keçirildiyi qeyd olunub.
Çıxışı zamanı sədr ailə və uşaq hüquqlarının qorunması sahəsində formalaşdırılmış qanunvericilik bazasından, həssas ailələrin sosial müdafiəsinə yönəlmiş dövlət tədbirlərindən danışıb. O, Uşaq Hüquqları haqqında Qanunun Ulu Öndərin təşəbbüsü ilə qəbul edildiyini, sonradan isə Dövlət Komitəsinin təşəbbüsü əsasında təkmilləşdirilərək yeni redaksiyada qəbul olunduğunu bildirib. Bahar Muradova Azərbaycanı ailə dəyərlərinə xüsusi önəm verən ölkələrdən biri kimi xarakterizə edərək, Dövlət Komitəsinin dövlət ailə siyasətini əlaqədar qurumlarla birgə icra edən mərkəzi icra hakimiyyəti orqanı kimi reallaşdırıdığı layihələrdən söz açıb, “Ailəmiz – ən güclü dəyərimizdir” şüarı ilə reallaşdırılan təşəbbüsləri vurğulayıb. O, həmçinin könüllülük fəaliyyətinin, xüsusilə “Könüllü ailələr” təşəbbüsünün əhəmiyyətinə toxunaraq, yaşlı nəslin təcrübəsinin öyrənilməsi və cəmiyyətimizin sosial nüvəsi sayılan ailə institutunun qorunmasının cəmiyyətin bütün üzvlərinin ortaq məsuliyyəti olduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda Bahar Muradova bütün iştirakçıları Beynəlxalq Ailə Günü münasibətilə təbrik edərək ailələrə xoşbəxtlik, rifah və sağlam münasibətlər, ölkəmizə isə əmin-amanlıq və davamlı inkişaf arzulayıb.
Çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva ailənin milli-mənəvi dəyərlərin qorunmasında və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, ailə institutunun möhkəmləndirilməsi, sağlam sosial münasibətlərin təşviqi və gənc nəslin milli dəyərlərə bağlı ruhda formalaşdırılması istiqamətində həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır.
Adilə Əliyeva qeyd edib ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində ailə institutunun möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirilir və “Çempion ailələr” layihəsi də bu istiqamətdə reallaşdırılan növbəti mühüm təşəbbüslərdən biridir. O, layihənin ailələrin asudə vaxtının səmərəli təşkili, ailədaxili münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini və ailələr arasında müsbət ünsiyyətin formalaşmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abbasov qeyd edib ki, hər bir azərbaycanlı üçün ailə ən vacib institutdur və kollektiv yaşamın ən mükəmməl formasıdır. E.Abbasov vurğulayıb ki, Azərbaycan ailə modeli tarixin bütün sınaqlarından uğurla çıxaraq milli-mənəvi dəyərlərin, ana dilinin və milli kimliyin qorunub saxlanılmasında mühüm rol oynayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ailə institutunun möhkəmləndirilməsi, milli ailə dəyərlərinin qorunması və gənc nəslin bu dəyərlər əsasında formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilirdiyini diqqətə çatdıran natiq bildirib ki, həyata keçirilən tədbirlər Azərbaycan ailəsinin qorunmasına və sağlam cəmiyyətin formalaşmasına xidmət edir.
Rayonun nümunəvi ailələrindən olan Bağırovlar ailəsinin nümayəndəsi Rəhilə Bağırova çıxışında sağlam və milli-mənəvi dəyərlərə bağlı nəslin yetişdirilməsində ailənin rolunu vurğulayıb. O bildirib ki, valideyn qayğısı və ailə birliyi gənclərin şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Rəhilə Bağırova həmçinin dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğının onların gələcək inkişafına mühüm töhfə verdiyini qeyd edərək, əldə etdiyi uğurlarda ailəsinin, müəllimlərinin və dövlətin xüsusi rolunu vurğulayıb.
Daha sonra Pirallahı rayonunda yaşayan nümunəvi və uzunömürlü ailələr tədbir iştirakçılarına təqdim olunub. Ailələr uzun illərə söykənən ailə dəyərləri, qarşılıqlı hörmət, anlayış və birliyin önəmi barədə fikirlərini bölüşərək gənclərə öz tövsiyələrini veriblər.
Sonda “Çempion ailələr” layihəsi çərçivəsində keçirilən “Fibonaççi” intellektual yarışının qalibləri mükafatlandırılıb. Yekun nəticələrə əsasən, Əzimovlar ailəsi yarışın qalibi olub.