- 7 Sentyabr 13:30
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Qədir Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 19 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə müşavirəyə gedib gəldikdən sonra hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs Qədir Qasımov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 42 yaşlı Qədir Qasımov qısqanclıq zəminində həyat yoldaşı 37 yaşlı Zülfiyyə Xamoyevanı kəsici alətlə qətlə yetirib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Qədir Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu