- 16:42
Qərbi Avropada bu yay müşahidə olunan güclü istilər rekord həddə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidmətinin hesabatında yer alır.
Məlumata görə, qitənin yarıdan çoxunda güclü istilik stressi qeydə alınıb, bəzi ərazilərdə hiss edilən temperatur 38 dərəcəni ötüb.
İyun-avqust aylarında Qərbi Avropada yer səthinə yaxın hava temperaturu son onilliyin orta göstəricisindən 2,5 dərəcə yüksək olub. Bölgənin ən azı 60 faizində 17 gün ərzində temperatur 30 dərəcədən yuxarı olub. Rekord istilər 13 gün davam edən güclü istilik stressinə səbəb olub.
İstilik dalğaları su ehtiyatlarına, enerji sistemlərinə, kənd təsərrüfatına və insan sağlamlığına ciddi təsir göstərib. Yüksək temperatur və quraqlıq meşə yanğınlarının genişlənməsinə də səbəb olub. Məlumata görə, sentyabrın sonunadək Avropada 680 min hektar ərazi yanıb və 2026-cı il qeydlər tarixində meşə yanğınları baxımından üçüncü ən pis il olub.
Hesabatda həmçinin Avropada dəniz səthinin temperaturunun rekord həddə çatdığı, çaylarda yay su axınının isə son 30 ildən çox müddətdə ən aşağı səviyyəyə düşdüyü bildirilib.
Ekspertlər istilərin təsirlərinin azaldılması üçün qalıq yanacaq istifadəsinin məhdudlaşdırılmasını, şəhərlərdə yaşıllıqların və kölgəliklərin artırılmasını, həmçinin xəstəxana və məktəblərdə soyutma sistemlərinin gücləndirilməsini təklif edirlər.
Şəbnəm Mehdizadə