- 16:51
"Google" kosmosda süni intellekt texnologiyalarının tətbiqini sınaqdan keçirmək məqsədilə "Project Suncatcher" layihəsi çərçivəsində ilk peyk prototipini orbitə çıxarıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, peyk Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından "SpaceX"in "Transporter-18" missiyası ilə aşağı Yer orbitinə göndərilib. Layihənin əsas məqsədi məlumat mərkəzi səviyyəli süni intellekt aparatlarının kosmos şəraitində işləyə biləcəyini yoxlamaqdır.
"Google" bildirir ki, missiya zamanı süni intellekt çiplərinin kosmik uçuşun fiziki təsirlərinə və yüksək radiasiyaya davamlılığı, eləcə də vakuum şəraitində həddindən artıq qızma riski araşdırılacaq.
Şirkətə görə, layihə uğurlu olarsa, gələcəkdə Günəş enerjisindən istifadə edən orbital məlumat mərkəzləri və süni intellekt peyk şəbəkələrinin yaradılması mümkün ola bilər.
Bu istiqamətdə "SpaceX" də orbital məlumat mərkəzləri kimi fəaliyyət göstərə biləcək böyük peyk şəbəkəsi planlarını açıqlayıb. Lakin mütəxəssislər belə layihələrin kosmik tullantıların və peyklərin toqquşması riskini, həmçinin astronomiya üçün işıq çirklənməsini artıra biləcəyi barədə xəbərdarlıq edirlər.
"Google" ilk missiyanın əsas məqsədinin texnologiyanın kosmosdakı dayanıqlığını qiymətləndirmək, mümkün problemləri müəyyənləşdirmək və nəticələri gələcək missiyalarda tətbiq etmək olduğunu açıqlayıb.
Şəbnəm Mehdizadə