- 2 İyul 16:44
“Nikah dövründə ər-arvaddan biri tərəfindən götürülmüş borc ailə ehtiyyacları üçün sərf olunubsa, kredit müqaviləsi üzrə onların hər ikisi məsuliyyət daşıyır”.
E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.
Vəkil qeyd edib ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarında qeyd olunub ki, kredit müqaviləsi kimin adınadırsa, kreditor qarşısında öhdəlikləri o icra etməlidir.
“Lakin kredit müqaviləsi üzrə tərəf olan ər və ya arvadın faktiki nikah münasibətlərinə xitam verildikdən, yəni nigah pozulduqdan sonra kredit müqaviləsi üzrə öhtəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən olunarsa, ödəyən tərəf qarşı tərəfdən ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsini tələb edə bilər. Bu zaman məhkəmə həmin şəxsin iddiasını təmin edə bilər”, - T.Abdullazadə bildirib.
Vəkilin sözlərinə görə, ər-arvaddan birinin bağladığı müqavilə üzrə əldə olunmuş vəsait ailə ehtiyyaclarına sərf olunubsa, ər və arvad birlikdə kreditor qarşısında borclu qismində çıxış edir. Bundan da belə nəticəyə gəlmək olur ki, nikah dövründə ər və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla onların hər ikisi üçün vəzifələr yaradır.
“Sadə dildə desək, nikah dövründə ər-arvaddan biri tərəfindən götürülmüş borc ailə ehtiyyacları üçün sərf olunubsa, kredit müqaviləsi üzrə onların hər ikisi məsuliyyət daşıyır, hər ikisi borclu qismində çıxış edir və hər ikisi kredit müqaviləsi üzrə borcunu ödəməlidir”,- deyə vəkil fikrini yekunlaşdırıb.
Humay Eminqızı