"Təəssüf ki, Naxçıvanda vəkillərin sayı azdır" - Anar Bağırov 


  • 25 May 2023 11:06

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin Sərəncamına müvafiq olaraq Vəkillər Kollegiyası tərəfindən ölkəmizdə müntəzəm qaydada vəkillik peşəsinə qəbul imtahanları keçirilir. Bu gün keçirilən imtahan 2018–ci ildən etibarən sayca 11-ci test imtahanıdır”.

E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son illər ərzində ölkədə vəkillərin sayı xeyli artıb: “2018-ci ildən etibarən vəkillərin sayı 1600 nəfər artaraq 2300 nəfəri keçib. Nəticə etibarı ilə ölkə vətəndaşlarının keyfiyyətli hüquqi yardıma çatımlılığı tam təmin edilib. Keçirdiyimiz imtahanlar onu deməyə əsas verir ki, daha çox gənc hüquqşünaslar vəkil olmaq arzusundadır. Bütün bölgələr imtahanlarda təmsil olunur. Bugünkü imtahanda 324 nəfərin iştirakı gözlənilir. Həmin namizədlərin 61 faizi Bakı şəhərini, 39 faizi isə bölgələri təmsil edir. Bununla da bölgələrimizdə vəkil çatışmazlığı, hüquqi yardıma çatımlılıq daha da yaxşılaşacaq”.

A.Bağırov qeyd edib ki, məqsəd ölkənin hər bir vətəndaşının keyfiyyətli hüquqi yardıma çatımlılığını təmin etməkdir: “Məqsədimiz vətəndaşların konstitusion hüquqlarının təmin edilməsidir. Hazırda ən böyük problem Naxçıvan Muxtar Republikası ilə bağlıdır. Təəssüf ki, Naxçıvan Muxtar Respublikasında vəkillərin sayı yenə də azdır. Naxçıvanda 27.000 nəfərə 1 vəkil, Azərbaycanın qalan ərazisində isə 4.500 nəfərə 1 vəkil düşür. Kəskin fərq göz qabağındadır. Çalışırıq ki, orada da vəziyəti müsbətə doğru dəyişək”.

Sədr deyib ki, vəkilliyə üz tutan xanım namizədlərin sayı artmaqdadır: “Bu çox sevindirici haldır. Ən böyük problemlərdən biri də xanım vəkillərin sayının az olmaısıdır. Gördüyümüz tədbirlər nəticəsində bu sahədə müsbət dinamika müşahidə olunur. Əgər 2018-ci ildə xanım namizədlərin sayı 14 faiz təşkil edirdisə, hazırda bu rəqəm 19 faizə çatıb. Bu gün imtahanda iştirak edən namizədlərin 25 faizini məhz xanımlar təşkil edir. Bu sevindirici haldır. Qeyd edim ki, imtahanda iştirak edən namizədlər müxtəlif ali məktəblərin məzunlarıdır. Namizədlərin 14 faizi xarici, 86 faizi yerli təhsil müəssisələrinin məzunlarıdır”.

A.Bağırov əlavə edib ki, gələcəkdə hüquqşünaslar üçün vahid test imtahanı keçirilə bilər: “Rəyasət Heyəti tərəfindən "Vəkillər və Vəkilllik haqqında" Qanuna müvafiq əlavə və dəyişikliklər təklifi hazırlanıb. Təkliflərdən biri də vəkilliyə qəbul zamanı tələb olunan hazırki 3 il staj tələbinin azaldılması və daha çox hüquqşünasın vəkilliyə qəbul imkanı əldə etməsidir. Payız aylarında daha bir imtahanın keçirilməsi gözlənilir. Çünki namizədlərin sayına baxsaq, görərik ki, bunu bir imtahanla həll etmək mümkün deyil. Artıq sualların seçimi daha daha da çətinləşib. Çalışırıq ki, ən savadlı namizədlər vəkil olsun. İmtahandakı suallar demək olar ki, hakimliyə namizədlərlə eynilik təşkil edir. Gələcəkdə ölkədə hüquqşünaslar üçün vahid vahid test imtahanı keçirilə bilər. Dünya tərübəsində bu var. Hüquqşünaslar vahid test imtahanı verərək sertifikat əldə edirlər. Bu sertifikat müəyyən dövr ərzində qüvvədə olur. Namizədlər test imtahanında topladığı bala uyğun olaraq müxtəlif hüquq peşələrinə baş vura və növbəti mərhələlərdə iştirak edə bilirlər. Ölkəmizdə də hüquqşünaslar üçün vahid test imtahanının keçirilməsi arzulanan haldır. Ümid edirəm ki, bu arzumuz yaxın zamanda reallaşacaq”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər