Plastik böhranı: insan sağlamlığına böyük zərbə


  • 14:07

Plastik çirklənməsi dünyanı bürüyən qlobal böhrana çevrilib. Bu böhranın insan sağlamlığına təsiri doğuş öncəsindən başlayaraq yaşlılığa qədər uzanır.

E-huquq.az xəbər verir ki, "The Lancet" tibb jurnalında dərc olunan hesabatda qeyd olunur ki, bu təsirlər hər il dünya üzrə ən azı 1,5 trilyon dollarlıq tibbi xərc yaradır.

Boston Kollecindən uşaq sağlamlığı və ətraf mühit epidemiologiyası üzrə mütəxəssis Prof. Filip Landriganın rəhbərlik etdiyi hesabatda 1950-ci ildən bəri plastik istehsalının 200 dəfədən çox artdığı və 2060-cı ilə qədər bu göstəricinin ildə 1 milyard tonu keçə biləcəyi bildirilir.

Plastikin faydalı sahələrdə istifadəsinə baxmayaraq, bu artım əsasən birdəfəlik məhsullarda – içki butulkaları və sürətli yemək qablaşdırmaları kimi cəmlənib. Hazırda yalnız təxminən 10%-i təkrar istehsal oluna bilən 8 milyard ton plastik Yer kürəsinin hər bucağına yayılıb.

Plastiklər fosil yanacaqlardan, əsasən neft və qazdan istehsal olunduğuna görə iqlim dəyişikliyini dərinləşdirir, istehsal zamanı havanı çirkləndirir, istifadə mərhələsində isə toksik kimyəvi maddələrin bədənə keçməsinə səbəb olur. Atıq halına düşdükdə isə mikroplastiklərə parçalanaraq su, hava və qida vasitəsilə orqanizmə daxil olur.

Plastiklərdə istifadə edilən 16 mindən çox kimyəvi maddənin əksəriyyəti insan sağlamlığı üçün zərərlidir. Lakin bu maddələrin tərkibi barədə məhsullarda yetərli şəffaflıq mövcud deyil.

Xüsusilə döl, yeni doğulmuşlar və uşaqlar plastiklərlə bağlı sağlamlıq risklərinə qarşı daha həssasdır. Mikroplastiklərin aşağı doğum çəkisi, erkən doğum, doğuş qüsurları, ağciyər inkişafında pozğunluq, uşaq yaşlarında xərçəng və gələcəkdə sonsuzluq kimi fəsadlarla əlaqəli olduğu müəyyən edilib.

İndiyə qədər mikro və nanoplastiklər insanın qanında, beynində, ana südündə, plasentada, spermada və sümük iliyində aşkarlanıb. Onların hələ tam təsirləri məlum olmasa da, tədqiqatçılar bu parçacıqların insult və infarktla əlaqəli ola biləcəyindən şübhələnirlər.

Plastik sənayesi və bəzi neft-kimya ölkələri problemi istehsalın azaldılması əvəzinə, təkrar emalla həll etməyə çalışır. Ancaq hesabatda vurğulanır ki, kağız, şüşə və metalın əksinə, plastiklər kimyəvi olaraq daha mürəkkəbdir və effektiv şəkildə təkrar emalı demək olar ki, imkansızdır.

Müəlliflər yazır: “Artıq dünya anlayır ki, bu böhran təkrar emalla həll olunmayacaq”.

Dünyadakı plastiklərin 98%-i fosil yanacaqlardan hazırlanır. Təkcə istehsal mərhələsində hər il *əxminən 2 milyard ton CO₂ ekvivalenti istixana qazı atmosferə buraxılır. Bu rəqəm dünyanın dördüncü ən böyük karbon emissiyaçısı olan Rusiyanın illik emissiyasına bərabərdir.

Dünya miqyasında plastik tullantıların yarısından çoxu açıq havada yandırılır, bu da əlavə hava çirklənməsinə səbəb olur.

Plastik tez-tez ucuz material kimi qiymətləndirilir, lakin bu yalnız istehsal xərci ilə məhdud qalır. Üç kimyəvi maddənin (PBDE, BPA və DEHP) təkcə 38 ölkədə yaratdığı illik sağlamlıq xərci 1,5 trilyon dollara çatır.

Bu hesabat plastiklərin təsirini izləmək məqsədilə hazırlanacaq bir sıra hesabatların ilkidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər