"İrandan bu hücuma aydınlıq gətirməsini gözləyirik" - Deputat


  • 14:53

"İran tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki obyektlərə qarşı həyata keçirilən hücum təsadüfi baş verməyib. Hücum dron vasitəsilə həyata keçirilib və hamıya məlumdur ki, dronlar kənardan idarə olunur. Özü də bir deyil, iki dron istifadə edilib".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisind eputatı Elman Məmmədov deyib.

"İranda çürümüş molla rejimi ətrafındakı bütün dövlətlərə hücum edir. Hətta dünən qardaş Türkiyəyə belə hücum oldu. Oman, BƏƏ, Küveyt, Qətər və digər ölkələrə daha əvvəl hücum etmişdi. İndi İran üzünü bizə tərəf tutub. Azərbaycan dövləti İranın məsələyə aydınlıq gətirməsini gözləyir. Dünən Azərbaycan Prezidenti cənab İlham Əliyev İran səfirliyinə getdi. İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verdi. Azərbaycanın öz böyüklüyünü göstərdi. Bu bizim mövqeyimizdir. Hücum isə İranın mövqeyidir", - deyə deputat qeyd edib.

E.Məmmədov bildirib ki, 1988-ci ildən etibarən İran ermənilərin tərəfində dayanıb, Azərbaycanın işğal olunmuş torpaqlarında baş verən talan və dağıntılarda iştirak edib: "İndi isə İran bu yola əl atıb. Bizim İrana qarşı müharibədə İsraillə işbirliyimiz yoxdur. Bəs niyə İran bizə qarşı düşmən mövqedə dayanır?"

Deputat deyib ki, İran hücumla bağlı dərhal rəsmi mövqe ortaya qoymalıdır: "Molla rejimindən nə desən, gözləmək olar. Qonşu dövlət kimi bu hücumun qəsdən yox, səhvən olmasını istəyirik. Lakin bir dövlət olaraq təhlükəsizliyimizi təmin etmək üçün ən pis vəziyyətə də hazır olmalıyıq. Bizə qarşı hücum qəsdən törədilibsə, Azərbaycan bunu cavabsız qoymayacaq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər