Dünyada hər 8 nəfərdən biri piylənmədən əziyyət çəkir


  • 12:04

Qlobal miqyasda hər səkkiz nəfərdən biri piylənmədən əziyyət çəkir.

E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "4 Mart – Dünya Piylənmə Günü" ilə əlaqədar hesabatında bildiirlir.

Yetkinlər arasında piylənmə 1990-cı ildən bəri ikiqatdan çox artıb, yeniyetmələrdə isə dördqat yüksəlib.

Piylənmə, bədən yağı kütləsinin arıq kütləyə nisbətdə həddindən artıq artması və nəticədə bədən çəkisinin boyla müqayisədə istənilən səviyyədən çox olması ilə xarakterizə olunur. ÜST artıq çəkini "bədəndə həddindən artıq yağ yığılması", piylənməni isə "xroniki və mürəkkəb sağlamlıq problemi" kimi təsnif edir.

Piylənmə 2-ci tip diabet və ürək xəstəlikləri riskini artırır, sümük və reproduktiv sağlamlığa mənfi təsir göstərir, müəyyən xərçəng növlərinin riskini yüksəldir, yuxu pozğunluqları və hərəkətlilikdə azalmaya səbəb olur. Əsas səbəblər enerji qəbulu ilə enerji sərfi arasındakı balanssızlıq, genetik, ətraf mühit və psixososial amillərin təsiri ilə bağlıdır.

ÜST-ün 2022-ci il hesabatına görə, 18 yaş və yuxarı 2,5 milyard yetkin artıq çəkidən əziyyət çəkir, 890 milyondan çox insan isə piylənmədən əziyyət çəkir. Yetkinlərin 43%-i artıq çəkili, 16%-i piylənib. 5-19 yaş arası 390 milyondan çox uşaq və yeniyetmə artıq çəkili, 160 milyonu isə piylənib. 1990-cı ildə bu yaş qrupunda yalnız 2% (31 milyon) piylənmişdi, 2022-ci ildə isə bu göstərici 8%-ə çatıb.

Piylənmə artıq yalnız yüksək gəlirli ölkələrin problemi deyil, aşağı və orta gəlirli ölkələrdə də sürətlə yayılır. Afrikada 2000-ci ildən bəri 5 yaşınadək artıq çəkili uşaqların sayı 12,1% artıb, 2024-cü ildə Asiyada yaşayan 5 yaşınadək uşaqların təxminən yarısı artıq çəki və ya piylənmədən əziyyət çəkib.

ÜST bildirir ki, piylənmə və əlaqəli qeyri-yoluxucu xəstəliklər əsasən qarşısı alına və idarə oluna bilər. Fərdi səviyyədə tədbirlər hamiləlikdən uşaqlıq dövrünə qədər tətbiq oluna bilər. Bunlara hamiləlikdə düzgün çəki artımının təmin edilməsi, doğuşdan sonrakı ilk 6 ay ana südü ilə qidalanma, ekran qarşısında vaxtın məhdudlaşdırılması, şəkərli içkilərin və yüksək enerjili qidaların məhdudlaşdırılması, sağlam qidalanma vərdişlərinin təşviqi və müntəzəm fiziki fəaliyyət daxildir.

ÜST həmçinin qeyd edir ki, 2012-ci ildə üzv dövlətlər tərəfindən təsdiqlənən və 2025-ci ilə qədər uzadılmış qlobal qidalanma məqsədləri çərçivəsində uşaqlıq dövründə piylənmənin qarşısının alınması, diabet və piylənmə ilə mübarizə üçün sürətləndirilmiş qlobal tədbirlər görülməlidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər