- 13:56
NASA-nın "Curiosity" roveri Marsdakı 5000-ci gününü Qırmızı Planetin səhər və günorta mənzərələrini birləşdirən yeni panorama ilə qeyd edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təsvirlər roverin "Chocolatal" adlı qumlu silsilədə olduğu vaxt çəkilib. Panoramda "Curiosity"nin özü, Mars səthində qoyduğu təkər izləri, həmçinin “Gale” krateri və “Sharp” dağı ətrafındakı mənzərə əks olunub.
İlk görüntü missiyanın 5000-ci günü - 30 avqust 2026-cı ildə səhər saatlarında, ikinci görüntü isə 2 sentyabrda çəkilib. Daha sonra hər iki panorama birləşdirilərək vahid təsvir yaradılıb. Səhər mənzərəsi mavi, günorta görüntüsü isə sarı tonlarla rəngləndirilib. Panoramanın ön hissəsində roverin göyərtəsi və məlumat ötürülməsində istifadə olunan UHF antenası, arxa hissəsində isə onu enerji ilə təmin edən nüvə enerji sistemi görünür. Roverin Mars səthində buraxdığı izlər isə üfüqə doğru uzanır.
Hazırda "Curiosity" təxminən 4,8 kilometr hündürlüyündə olan “Sharp” dağının aşağı yamaclarını tədqiq edir. Roverin fəaliyyəti NASA-nın Kaliforniyanın Pasadena şəhərində yerləşən Reaktiv Hərəkət Laboratoriyası tərəfindən idarə olunur.
Şəbnəm Mehdizadə