- 14:10
"WhatsApp" yeniyetmələrin platformadan daha təhlükəsiz istifadəsini təmin etmək məqsədilə yeni valideyn nəzarəti funksiyalarını istifadəyə verməyə hazırlaşır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni alətlər valideynlərə övladlarının qruplara qoşulması və ya qruplardan çıxması barədə bildiriş almaq, həmçinin hesabın məxfilik parametrlərini idarə etmək imkanı verəcək. Bununla belə, valideynlər yeniyetmələrin göndərdiyi və qəbul etdiyi mesajları görə bilməyəcəklər. Mesajlar və zənglər başdan-başa şifrələnmə ilə qorunmağa davam edəcək.
Valideynlər nəzarət funksiyalarını istənilən vaxt dəyişdirə və ya deaktiv edə biləcəklər. Parametrlərə giriş PIN kodu ilə qorunacaq. Yeniyetmənin nəzarəti deaktiv etməsi üçün də həmin kod tələb olunacaq. Yeni funksiyalar uşağın profil şəklini kimin görə biləcəyini, onu qruplara kimin əlavə edə biləcəyini və “Kanallar” funksiyasından necə istifadə edə biləcəyini müəyyənləşdirməyə imkan verəcək. “Meta AI” üçün isə daha sərt məzmun məhdudiyyətlərinin tətbiqi seçimi təqdim olunacaq.
Şirkət bildirib ki, yeni nəzarət vasitələrinin məqsədi valideynlər və yeniyetmələr arasında platformadan istifadə qaydaları ilə bağlı açıq dialoqu təşviq etməkdir.
Bu addım texnologiya şirkətlərinin uşaqların onlayn təhlükəsizliyini təmin etməsi ilə bağlı hökumət və tənzimləyici qurumların təzyiqlərinin artdığı bir dövrə təsadüf edir. Böyük Britaniyada "WhatsApp"dan istifadə üçün minimum yaş həddi 13-dür. Ölkədə 16 yaşdan aşağı şəxslərin sosial media istifadəsinə məhdudiyyətlərin 2027-ci ilin martında qüvvəyə minməsi planlaşdırılır.
Şəbnəm Mehdizadə