Bu kompüter 110 illik hesablamanı 19 saniyəyə həyata keçirib


  • 17:31

IBM-in yeni "Nighthawk r2" kvant prosessoru ənənəvi superkompüterin təxminən 110 ilə yerinə yetirə biləcəyi mürəkkəb hesablama tapşırığını cəmi 19 saniyəyə tamamlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin yeni kvant prosessoru sözügedən tapşırıq çərçivəsində bir milyon nümunə yaradıb. Nəticələr kvant kompüterlərinin hesablama imkanları baxımından mühüm mərhələ kimi qiymətləndirilir.

Təcrübənin nəticələri "arXiv" platformasında yayımlanan elmi məqalədə təqdim olunub. ABŞ-ın "BlueQubit" şirkətinin fiziki Tiqran Sedrakyanın rəhbərlik etdiyi tədqiqatçılar bildiriblər ki, bu, geniş istifadə imkanlarına malik kvant prosessorunda təsadüfi dövrə nümunələndirilməsi (RCS) üzrə kvant üstünlüyünün ilk göstəricisidir.

Kvant üstünlüyünün nümayiş etdirilməsi uğrunda mübarizə 2018-ci ildən etibarən klassik superkompüterlərlə kvant kompüterləri arasında texnoloji yarışın əsas istiqamətlərindən birinə çevrilib.

Bu yanaşmanın əsas məqsədi klassik kompüter üçün ya mümkün olmayan, ya da praktik baxımdan həddindən artıq uzun vaxt tələb edən bir kvant hesablama tapşırığının müəyyənləşdirilməsidir.

2018-ci ildə tədqiqatçılar təsadüfi dövrə nümunələndirilməsinin (Random Circuit Sampling - RCS) məhz belə bir tapşırıq ola biləcəyinə dair nəzəri əsaslar təqdim ediblər.

Kvant dövrəsi ənənəvi kompüterlərdə bitlər üzərində həyata keçirilən əməliyyatlara bənzər şəkildə, kubitlər üzərində icra olunan əməliyyatlar ardıcıllığıdır.

RCS prosesində əməliyyatların seçimi böyük ölçüdə təsadüfi şəkildə aparılır və nəticədə getdikcə daha mürəkkəb kvant vəziyyəti formalaşır. Prosessor daha sonra həmin vəziyyəti dəfələrlə ölçərək "nümunə" adlandırılan sıfır və birlərdən ibarət ardıcıllıqlar yaradır.

Nümunələrin yaradılması kvant prosessoru üçün nisbətən sadə proses olsa da, kubitlərin və əməliyyatların sayı artdıqca eyni nəticələri klassik kompüterdə əldə etmək üçün lazım olan ehtimalların hesablanması əhəmiyyətli dərəcədə çətinləşir.

IBM-in "Nighthawk r2" prosessoru ilə aparılan sınaq da məhz bu fərqin miqyasını nümayiş etdirib: kvant sisteminin saniyələr ərzində tamamladığı hesablama üçün ənənəvi superkompüterlə 110 ilə yaxın vaxt tələb olunacağı hesablanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər