İsveçrədə buzlaqların həcmi 20 faiz azalıb


  • 13:32

İsveçrədə buzlaqların həcmi son beş ildə təxminən 20 faiz azalıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat İsveçrənin Buzlaqların Monitorinqi Xidmətinin (GLAMOS) yaydığı yeni hesabatda yer alır.

Hesabata görə, 2026-cı ildə İsveçrə buzlaqları buz kütləsinin 5 faizdən çoxunu itirib. Ayrı-ayrı buzlaqların orta qalınlığı 2,5–4 metr, bəzi ərazilərdə isə buzlaq dillərinin qalınlığı 10 metrə qədər azalıb. Mütəxəssislər ərimənin əsas səbəbləri kimi yay aylarında davam edən istilik dalğalarını və qışda qar yağıntısının az olmasını göstərirlər. 2025-2026-cı illərin qışı müşahidələrin başladığı dövrdən bəri qar örtüyünün ən az olduğu on qış mövsümündən biri olub.

Hesabatda qeyd edilir ki, may-sentyabr aylarında hər ay quraqlıq və ən azı bir istilik dalğası müşahidə olunub. Bu dövrdə donma səviyyəsi 76 gün ərzində 4000 metrdən yuxarı olub ki, bu da orta göstəricidən iki dəfədən çoxdur. İyul-sentyabr aylarında İsveçrə buzlaqları ümumilikdə təxminən 2,2 milyard kubmetr su itirib. Bu həcm ölkədəki bütün ev təsərrüfatlarının illik içməli su istehlakının təxminən dörd qatına bərabərdir.

Hesabata əsasən, buzlaqların əriməsi yay aylarında su çatışmazlığını qismən kompensasiya etsə də, buzla örtülü ərazilərin azalması bu təsiri getdikcə zəiflədir. Mütəxəssislər bildirirlər ki, mövcud iqlim şəraitində Alp dağlarındakı bir çox kiçik buzlağın uzunmüddətli mövcudluğunu qorumaq çətinləşir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər