- 14:10
Okeanlar insan fəaliyyətinin yaratdığı artıq istiliyin təxminən 90 faizini udur və sürətlə istiləşir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 100-dən çox beynəlxalq alimin hazırladığı "Copernicus Okean Vəziyyəti Hesabatı"nın 10-cu nəşrində bildirilib.
Hesabata görə, son 20 ildə okeanların istiləşmə tempi iki dəfəyə yaxın artıb. 2023, 2024 və 2026-cı illərdə okean temperaturunda rekord göstəricilər qeydə alınıb.
Məlumata əsasən, 2025-ci ildə okeanlar 23 zettacoul istilik udub. Bu, ardıcıl doqquzuncu rekord göstəricidir. İstiləşən sular dəniz səviyyəsinin ildə orta hesabla 3,8 millimetr yüksəlməsinə səbəb olur və sahilyanı ərazilərdə yaşayan milyonlarla insan üçün risk yaradır.
Hesabatda həmçinin qeyd olunur ki, okeanların atmosferdən karbon qazını udması nəticəsində onların turşuluğu 1985-ci ildən bəri 17 faiz artıb. Aralıq dənizi və Qara dəniz də daxil olmaqla Avropa dənizlərində rekord səviyyədə dəniz istilik dalğaları müşahidə edilir.
Alimlər hökumətləri və icmaları okeanlardakı sürətli dəyişikliklərin yaratdığı iqlim və ekoloji risklərə qarşı təcili tədbirlər görməyə çağırırlar.