- 17:31
Cənubi Koreyalı alimlər elektrikli avtomobillər üçün daha yüngül və yüksək enerji tutumlu batareyaların hazırlanmasına imkan verə biləcək yeni texnologiya hazırlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) tədqiqatçıları anodsuz litium batareyalarda litiumun mis səthində daha bərabər çökməsini təmin edən xüsusi struktur və örtük hazırlayıblar. Anodsuz batareyalarda litiumu saxlayan qrafit kimi materiallar istifadə edilmir. Bunun əvəzinə litium birbaşa nazik mis folqa üzərinə çökdürülür. Lakin bu proses zamanı litiumun qeyri-bərabər yığılması batareyanın ömrünü qısaldan dendritlərin yaranmasına səbəb ola bilər.
Tədqiqatçılar problemin qarşısını almaq üçün mis folqanı təxminən 10 nanometr qalınlığında MXene materialı ilə örtüblər. Bundan əlavə, yarımkeçirici istehsalında istifadə olunan nanoskal istehsal üsulu ilə səthdə mikroskopik strukturlar yaradılıb. Bu strukturlar elektrodun səth sahəsini təxminən dörd dəfə artıraraq litiumun daha bərabər paylanmasına şərait yaradıb.
Alimlərin məlumatına görə, MXene həmçinin batareyanın işləməsi zamanı sabit qoruyucu təbəqənin yaranmasına kömək edir. Bu təbəqə litiumla elektrolit arasındakı arzuolunmaz reaksiyaları və dendritlərin böyüməsini azaldır.
Tədqiqatçılar hesab edirlər ki, texnologiya əlavə litium və ya qalın qoruyucu materiallardan istifadə etmədən anodsuz batareyaların ömrünü uzatmağa imkan verə bilər. Bu isə gələcəkdə elektrikli avtomobillər üçün daha kiçik, yüngül və yüksək enerji tutumlu batareyaların hazırlanmasına töhfə verə bilər.
Şəbnəm Mehdizadə