- 11:02
Müasir dünyanın mühüm problemlərindən biri hesab edilən narkomaniya - narkotik vasitələr və psixotrop maddələrdən istifadə nəticəsində yaranmış psixi və ya fiziki asılılıqda ifadə olunan xəstəlik hesab olunmaqla cəmiyyətin fiziki, psixoloji, sosial inkişafına, milli-mənəvi dəyərlərə ağır zərbə vurduğundan bu sahədə geniş miqyasda mübarizə tədbirləri görülməsini labüd edir.
Narkomaniyanın yaranmasına bir sıra amillər, əsasən, psixoloji, bioloji və sosial amillər - stress, travma, depressiv vəziyyət, sosial təcrid və mənfi mühit, ailədaxili konfliktlər, valideyn nəzarətinin zəif olması, yeniyetmələrdə “yalnız bir dəfə” istifadə etmək üçün sınaqdan keçirmək məqsədilə istifadə nəticəsində yaranmış asılılıq və s. hallar səbəb ola bilər.
Narkotik vasitədən istifadə insanın fiziki və psixi sağlamlığına dağıdıcı zərbə vurmaqla istifadəçinin şəxsiyyətinin dəyişməsinə, onun sosial əlaqələrinin zəifləməsi nəticəsində cəmiyyətdən təcrid olunmasına, cəmiyyətin intellektual potensialının aşağı düşməsinə, kriminal əməllərin törədilməsinə və bir çox mənfi nəticələrə səbəb olur.
İnsanların sağlamlığının, mənəvi-əxlaqi dəyərlərin və sağlam gəncliyin qorunub saxlanılması məqsədilə narkomanlıqla və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində bir çox aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının qarşılıqlı birgə əməkdaşlığı, həmçinin beynəlxalq qurumlarla əlaqəli tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehsalı, tələbatı və dövriyyəsində müşahidə edilən artım dinamikası, xüsusilə gənclərin bu zərərli vərdişə aludə olmaqla istehlakçıya çevrilməsi dövlətləri kompleks mübarizə tədbirləri tətbiq etməyə vadar etmişdir.
Təsadüfi deyildir ki, narkomaniyanın və narkotiklərin qanunsuz dövriyyəsinin fəsadları barədə maarifləndirmə və ictimaiyyətin diqqətini bu problemə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – “Narkotiklərə qarşı Beynəlxalq Mübarizə Günü” elan olunmuşdur və hər il ölkəmizdə və dünyada bu mövzuda müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilməkdədir.
Azərbaycan Respublikasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri hesab edilməklə bu sahədə geniş qanunvericilik bazası yaradılmış, sistemli və genişmiqyaslı tədbirlər həyata keçirilmiş və ardıcıl dövlət proqramları qəbul edilmişdir.
Belə ki, Azərbaycan Respublikası BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasına, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasına, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasına və digər beynəlxalq sazişlərə qoşulmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, bununla da ölkədə narkomanlığa qarşı mübarizənin strateji əsası qoyulmuşdur.
1997-ci il 27 yanvar tarixli Fərmana əsasən Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Əsasnaməsi təsdiq edilmiş, Əsasnamə ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirmək Komissiyanın əsas vəzifələri olaraq müəyyən edilmişdir.
Narkomanlıqla və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə” 2000-2006-cı illəri əhatə edən, 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə 2007-2012-ci illəri əhatə edən, 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə 2013-2018-ci illəri əhatə edən, 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə 2019-2024-cü illəri əhatə edən dövlət proqramları təsdiq edilmiş və icra edilmişdir.
Və nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilmiş və icraya yönəldilmişdir.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər əhalinin sağlamlığını və ictimai təhlükəsizliyi təmin edən ictimai münasibətlərə qəsd etdiyindən, bu cinayətlərlə mübarizədə hüquqi məsuliyyət müəyyən edən qanunvericilik aktları əhəmiyyətli rol oynamaqdadır.
Belə ki, 2005-ci il 28 iyun tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, həmin Qanuna əsasən ölkə ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar fəaliyyət, narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadə qaydaları, həmin maddələrin qanunsuz istehsalı, idxalı, ixracı, tranzit nəql edilməsi ilə bağlı mübarizə tədbirləri müəyyən edilmişdir.
Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması (əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün ) məqsədilə yol verilir.
Bu qanunla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması, göndərilməsi, hazırlanması, satılması, istehlakı, istehlakına təhrik edilməsi, istehlakına cəlb edilməsi anlayışlarının izahları verilmişdir.
Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi yalnız dövlət nəzarəti qaydasında həyata keçirilir.
Ölkədə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin normaları ardıcıl olaraq təkmilləşdirilmişdir.
Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıması az ağır cinayət əməli hesab edilməklə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.
2022-ci ildə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində cinayət qanunvericiliyinə 234.1-1-ci maddə əlavə edilmiş, həmin maddəyə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ağır cinayət əməli hesab edilməklə - bu əməllərin törədilməsinə görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
Həmin Məcəllənin 234.4-1-ci maddəsinə əsasən qeyd edilən əməllərin satış məqsədi olmadan və ya satış məqsədilə xüsusilə külli miqdarda törədilməsi xüsusilə ağır cinayət əməli hesab edilməklə - səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən isə həmin maddələrin qanunsuz olaraq istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati məsuliyyətə səbəb olmaqla - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə və ya iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi ilə nəticələnir.
“Az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin qanunvericiliklə müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür.
Narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı isə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur.
Göründüyü kimi, narkotik vasitə və psixotrop maddələrdən qanunsuz istifadə, yəni satış məqsədi olmadan əldə etmə, saxlama və daşımaya görə cinayət qanunvericiliyində kifayət qədər sərt cəzalar müəyyən edilmişdir.
Narkotik vasitələrin satış məqsədilə qanunsuz dövriyyəsi ölkəmizdə və bütün dünyada ciddi narahatçılıq doğuran hal hesab olunduğundan, bu maddələrin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanılması, daşınması, göndərilməsi, istehsal edilməsi, hazırlanması, emal edilməsi və satılması Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə səbəb olur.
2017-ci ildə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində Məcəlləyə 234.3-1-ci maddə əlavə edilmiş, həmin maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu əməlləri təhsil və ya səhiyyə müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə ağır cinayət əməli hesab olunur və onların törədilməsinə görə sanksiyada - dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
Bundan başqa, internet-informasiya resurslarının sürətlə inkişaf etdiyi dövrdə bu cür əməllərin informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi hallarının artması 2022-ci ildə Cinayət Məcəlləsinə 234.4.4-cü maddənin əlavə edilməsinə səbəb olmuşdur. Həmin maddəyə əsasən, bu əməllərin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi ağır cinayət hesab olunmaqla - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.
Həmçinin, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən ciddi mübarizə aparılmaqdadır.
Lakin transmilli cinayət hesab edilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, ümumbəşəri bəla hesab edilən və “ağ ölüm” adlandırılan narkotiklərlə mübarizə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə və sərt cəza tədbirləri tətbiq edilməklə təmin olunmur, bu, həm də bütün cəmiyyətin birgə səyi ilə aparılmalı olan bir prosesdir.
Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməklə barələrində cəza təyin edilməsi, cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədləri baxımından vacib olsa da, bu cür cinayətlərin törədilməsi səbəblərinin və onların törədilməsinə şərait yaradan halların araşdırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Narkotik asılılığına səbəb olan hallar, bu halların qarşısının alınması məqsədilə sağlam həyat tərzinin, mənəvi-əxlaqi dəyərlərin xüsusilə uşaqlar və gənclər arasında mütəmadi olaraq təbliğ edilməsi, narkotik asılılığı problemində ailələrin rolu, valideynlərin məsuliyyəti və bu sahədə məlumatlılığın artırılması, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiya olunaraq cəmiyyətə yenidən inteqrasiya olunması, narkomaniyadan əziyyət çəkən şəxslərin və onların ailə üzvlərinə psixoloq dəstəyi, bu asılılıqdan xilas olmağın yolları ilə əlaqədar müalicə metodlarının təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının, səhiyyə və digər qurumların qarşılıqlı fəaliyyətinin daha da gücləndirilməsi, bu maddələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısının alınması üzrə əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və bir sıra başqa mühüm məsələlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri olaraq müəyyən edilmişdir.
Dövlət proqramı ilə müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi bütöv cəmiyyətin, hər bir vətəndaşın narkotiklərlə mübarizə sahəsində dövlət qurumlarına dəstəyindən və fəal vətəndaşlıq mövqeyindən asılıdır.
Odur ki, hər kəs narkomanlıqdan uzaq, sağlam gələcək naminə səylərini əsirgəmədən narkomanlıqla mübarizəyə bacardığı dəstəyi göstərməlidir.
Pərvanə Ələkbərli
Ali Məhkəmənin Cinayət, inzibati və plenum işlərinin təşkili şöbəsinin Cinayət işləri üzrə sektorunun müdiri