Yer və Mars fərqli yollarla formalaşıb


  • 16:45

Yer və Mars təxminən 4,5 milyard il əvvəl eyni Günəş sistemində formalaşsalar da, yeni araşdırmaya görə, onların yaranma prosesi fərqli olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kopenhagen Universitetinin alimlərinin apardığı tədqiqat göstərir ki, Yer kütləsinin ən azı 75 faizi kiçik hissəciklərin toplanması ilə formalaşan protoplanetlərdən yaranıb. Marsın isə kütləsinin təxminən 75 faizi daha iri kosmik cisimlər - planetezimallar hesabına formalaşıb.

Tədqiqatçılar planetlərin yaranma tarixini müəyyənləşdirmək üçün onların qabıq və mantiyasındakı natrium, sink və kalium kimi uçucu elementləri araşdırıblar. Bu məlumatlar kompüter modelləri ilə müqayisə edilərək müxtəlif formalaşma ssenariləri qiymətləndirilib. Alimlər bildirirlər ki, istifadə olunan modellərdə müəyyən fərziyyələr dəyişdirilsə də, Yer və Mars arasındakı əsas fərq qorunub saxlanılır. Bu isə iki planetin formalaşmasının fərqli mexanizmlərlə baş verdiyini göstərir.

Tədqiqatın nəticələri gələcəkdə Günəş sistemindən kənardakı qayalı planetlərin də öyrənilməsinə kömək edə bilər. Alimlərin fikrincə, planetin necə formalaşması onun su və həyat üçün vacib digər maddələri nə qədər saxlamasına birbaşa təsir göstərə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər