Süni intellektlə yaradılan uşaq istismarı materialları kəskin artıb


  • 16:55

Süni intellekt vasitəsilə yaradılan uşaqlara qarşı cinsi istismar materiallarının sayında əhəmiyyətli artım qeydə alınıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İnternet Watch Foundation (IWF) məlumat yayıb.

Təşkilatın məlumatına görə, 2026-cı ilin ilk yarısında 6 310 belə təsvir araşdırılıb. Bu rəqəm 2025-ci il ərzində qeydə alınan 4 500 təsviri artıq 40 faiz üstələyir. Materialların böyük hissəsində 7-13 yaşlı qızlar təsvir olunub. IWF süni intellekt texnologiyalarının sui-istifadəsinin qarşısını almaq üçün yeni və məcburi hüquqi tənzimləmələrin qəbul edilməsinə çağırıb. Təşkilat texnologiya şirkətlərindən təhlükəsizliyi məhsulların dizayn mərhələsindən təmin etməyi tələb edən qanunların vacibliyini vurğulayıb.

Böyük Britaniya qanunvericiliyinə əsasən, süni intellektlə yaradılmasından asılı olmayaraq, uşaqlara qarşı cinsi istismar materialları qanunsuzdur. Həmçinin bu məqsədlə süni intellekt modellərinin dəyişdirilməsi və yayılması cinayət hesab olunur.

IWF-nin məlumatına görə, intim görüntülərin yayılmasının qarşısını almağa yönəlmiş “Report Remove” xidməti 2026-cı ildə artıq 420 müraciət alıb. Bu göstərici 2025-ci ilin ümumi sayını keçib.

Artan risklər fonunda mütəxəssislər valideynlərə uşaqların fotoşəkillərini sosial şəbəkələrdə açıq şəkildə paylaşmamağı, hesabları məxfi rejimə keçirməyi və görüntüləri yalnız etibarlı qapalı qruplarda paylaşmağı tövsiyə edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər