- 17:39
Rusiyanın İrkutsk şəhərində taunla bağlı tədqiqatlar aparan institutun əməkdaşının şübhəli ölümü laboratoriya qəzası və mümkün yoluxma ilə bağlı narahatlıqlara səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı laborant Darya Şipilova naməlum mənşəli pnevmoniyadan vəfat edib. Rusiya mediasında onun Yersinia pestis bakteriyasının olduğu sınaq şüşəsinin sınması nəticəsində yoluxa biləcəyi iddia edilib. Hadisədən sonra təxminən 200 nəfərin tibbi nəzarətə götürüldüyü bildirilib.
Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti isə laboratoriyada heç bir qəza baş vermədiyini açıqlayıb. Qurum Şipilovadan götürülən nümunələrin ilkin təhlilində ölümün onun peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizmdən qaynaqlandığını göstərən əlamət aşkarlanmadığını bildirib. İrkutsk vilayətində epidemioloji vəziyyətin sabit olduğu qeyd edilib.
ABŞ Dövlət Departamenti məsələni izlədiyini açıqlayaraq Rusiya hakimiyyətini məlumatları ictimaiyyətlə vaxtında və şəffaf şəkildə bölüşməyə çağırıb.
Qeyd edək ki, Taun Yersinia pestis bakteriyasının törətdiyi yoluxucu xəstəlikdir. Onun ağciyər formasına səbəb olan pnevmonik taun xüsusilə təhlükəlidir və müalicə edilmədikdə qısa müddətdə ölümə səbəb ola bilər. Xəstəlik erkən mərhələdə aşkarlandıqda antibiotiklərlə müalicə oluna bilir.
Şəbnəm Mehdizadə