- 17:39
ABŞ-nin Oreqon Dövlət Universitetinin alimləri bahalı metal katalizatorlardan istifadə etmədən, günəş işığı vasitəsilə sudan təmiz hidrogen istehsal etməyə imkan verən yeni kristal material hazırlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar “BVR-19” adlı metal-üzvi çərçivə quruluşuna malik materialın su məhlulunda otaq temperaturunda formalaşdığını və günəş işığı altında suyun hidrogen və oksigenə parçalanmasını sürətləndirdiyini müəyyən ediblər.
Alimlərin fikrincə, materialdakı kükürd-kükürd rabitələri işığın təsiri ilə müvəqqəti parçalanaraq suyun parçalanması üçün zəruri elektron axınını yaradır. Beləliklə, prosesdə platin və palladium kimi bahalı nəcib metallardan istifadə etməyə ehtiyac qalmır.
Yeni texnologiyanın ənənəvi elektroliz üsulu ilə müqayisədə daha az enerji və xərc tələb edə biləcəyi bildirilir.
Tədqiqatçılar hesab edirlər ki, bu yanaşma günəş enerjisinin birbaşa saxlanıla bilən təmiz yanacağa çevrilməsi üçün yeni nəsil reaktorların hazırlanmasına və istehsal xərclərinin azalmasına imkan verə bilər.
Şəbnəm Mehdizadə