- 17:39
ABŞ-nin Arizona Universitetinin alimlərinin araşdırmasına görə, yaşlılıq dövründə yaddaşda baş verən dəyişikliklər mütləq zehni geriləmə ilə bağlı deyil.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar hesab edirlər ki, beyin yaş artdıqca toplanmış təcrübədən daha səmərəli istifadə etmək üçün fəaliyyətini yenidən təşkil edir.
Araşdırmaya əsasən, yaşlandıqca gündəlik detalları və yeni məlumatları yadda saxlamaqda əsas rol oynayan hipokampusun fəaliyyəti nisbətən azalır, ümumi bilik və təcrübənin emalında mühüm rol oynayan prefrontal korteks isə daha çox ön plana keçir.
Alimlər bəzi neyron əlaqələrinin və sinaptik şəbəkələrin yaşlılıq dövründə zəifləmək əvəzinə gücləndiyini müşahidə ediblər. Onların fikrincə, bu dəyişiklik beynin diqqəti ayrı-ayrı detallardan daha çox ümumi bilik, təcrübə və sosial münasibətlərin idarə edilməsinə yönəltməsi ilə əlaqəli ola bilər.
Tədqiqatın müəllifləri bildirirlər ki, qocalan beynin bu adaptiv xüsusiyyətlərinin öyrənilməsi sağlam yaşlanma ilə neyrodegenerativ xəstəliklər arasındakı fərqlərin daha erkən müəyyənləşdirilməsinə kömək edə bilər.
Alimlərin fikrincə, gələcək araşdırmalar normal yaşlanma prosesini Altsheymer xəstəliyi kimi xəstəliklərdən ayırmağa imkan verən daha dəqiq bioloji göstəricilərin müəyyənləşdirilməsinə şərait yarada bilər.
Şəbnəm Mehdizadə