- 14:17
ABŞ-nin Kaliforniya ştatında yerləşən, təxminən 4 858 yaşında olduğu bildirilən “Methuselah” adlı uzunömürlü şam ağacı görüntülənib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 1950-ci illərdə Arizona Universitetinin alimi Edmun Şulman tərəfindən Kaliforniyanın İnyo dairəsində aşkar edilən ağac dünyanın yaşı təsdiqlənmiş ən qədim canlı ağaclarından biri hesab olunur.
“Methuselah” Ağ Dağlarda yerləşən Qədim Bristlecone şam meşəsində bitir.
Ağacın təxminən eramızdan əvvəl 2832-ci ildə cücərdiyi ehtimal olunur. O, yaşı təsdiqlənmiş, klonal olmayan, yəni başqa ağacın genetik surəti sayılmayan dünyanın ən qədim canlı ağacı kimi tanınır.
Ağac adını Bibliyada adı çəkilən və 969 il yaşadığı bildirilən Metuşelahdan götürüb. O, ənənəvi dini mənbələrdə uzunömürlülüyü ilə tanınan Nuh peyğəmbərin babası kimi təqdim olunur.
Bu şamların dünyanın ən uzunömürlü ağac növlərindən biri olduğu hesab edilir. Bu ağaclara əsasən Nevada və Yuta ştatlarının yüksək dağlıq ərazilərində rast gəlinir.
Bu şam növünün uzunömürlü olmasının əsas səbəblərindən biri sərt təbii şəraitə uyğunlaşmasıdır. Ağaclar əlverişsiz iqlim şəraitində çox yavaş böyüyür, bu isə oduncaqlarının sıx və möhkəm olmasına səbəb olur.
Nəticədə onlar çürüməyə, həşəratların və göbələklərin təsirinə qarşı daha davamlı olurlar.
Şəbnəm Mehdizadə