- 15:03
Norveçin Şpitsbergen arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə suda ağır metalların çirklənməsi səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən sürətlə isinən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması illərdir donmuş vəziyyətdə olan torpağın əriməsinə səbəb olur. Bu proses zamanı süxurlardan ayrılan metallar qəsəbənin əsas içməli su mənbəyi olan İsdammen gölünə qarışır.
Şimal Buzlu okeanı bölgəsində, Şimal qütbündən təxminən 1 287 kilometr məsafədə yerləşən Lonqyirbyen qlobal orta göstərici ilə müqayisədə 5-7 dəfə daha sürətlə isinir. Məlumata görə, payız aylarında temperatur artımı onillik ərzində 4 dərəcəyədək çatıb.
Alimlər suyun çirklənməsinin iki əsas səbəbini göstərirlər: daimi donuşluq qatının əriməsi və keçmiş mədən şəhəri olan ərazinin geoloji xüsusiyyətləri.
Svalbard Universitet Mərkəzinin Arktika geologiyası üzrə mütəxəssisi, dosent Marjolen Verretin sözlərinə görə, donmuş torpaq əridikdə tərkibində pirit mineralı olan süxurlar su ilə təmasda olur. Xalq arasında “axmaq qızılı” adlandırılan pirit su və oksigenlə reaksiyaya girərək turşu əmələ gətirir. Bu isə süxurlardakı ağır metalların su mənbələrinə qarışmasına şərait yaradır.
Qəsəbədə əsas narahatlıq doğuran çirkləndirici maddə manqandır. Yerli hakimiyyət orqanları 2025-ci ilin sentyabrında su mənbələrində manqanın miqdarının Norveç İctimai Səhiyyə İnstitutunun tövsiyə etdiyi litr başına 50 mikroqramlıq həddi 25 dəfə aşdığını müəyyən ediblər. Manqanın miqdarı sonradan azalsa da, içməli sudan istifadə ilə bağlı qadağa qüvvədə qalır. Uzun müddət yüksək miqdarda manqana məruz qalmaq, xüsusilə körpələrdə və uşaqlarda nevroloji problemlərə səbəb ola bilər.
Çirklənmə aşkar edildikdən sonra bələdiyyə təxminən 2 600 sakinin yaşadığı qəsəbədə təcili tədbirlər görüb. Yerli zavodda filtrlənən təmiz su supermarketlərdən birində quraşdırılan mərkəzi çən vasitəsilə sakinlərə pulsuz paylanmağa başlanıb. Eyni zamanda suyun çirklənmə səbəblərinin araşdırılması üçün tədbirlər görülüb.
Sonrakı ölçmələr zamanı manqanın səviyyəsi azalsa da, bu ilin əvvəlində aparılan yoxlamalar sulfat və nikelin miqdarının da içməli su üçün tövsiyə olunan hədləri aşdığını göstərib. Buna görə də kran suyunun içilməsi qadağan olaraq qalır.
Lonqyirbyen bələdiyyəsinin rəhbəri Terje Aunevik manqanın səviyyəsinin təhlükəli həddə olmadığını bildirsə də, qurumların sağlamlıqla bağlı tövsiyələrə əməl etməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, suyun keyfiyyətini yaxşılaşdırmaq üçün tamamilə yeni su təchizatı şəbəkəsinin qurulması tələb oluna bilər.
Müzakirə olunan variantlar arasında İsdammen gölündə filtrasiya sisteminin qurulması və ehtiyat mənbə kimi dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşası var. Lakin hər iki layihənin yüksək maliyyə vəsaiti tələb edəcəyi bildirilir.
Svalbardda temperaturun tez-tez sıfırdan aşağı düşməsi infrastruktur işlərini də çətinləşdirir.
Terje Aunevik qeyd edib ki, Norveçdə insanlar kran suyunu içə bilməyi uzun müddət təbii hal kimi qəbul ediblər. Lakin indi suyun kənardan gətirilməsinin zərurətə çevrilməsi ciddi çətinliklər yaradır.
Bələdiyyə rəhbəri digər kiçik yaşayış məntəqələrini də oxşar problemlərə qarşı əvvəlcədən tədbir görməyə çağırıb.
Marjolen Verret və digər alimlər Lonqyirbyendə baş verənlərin Arktikanın başqa yaşayış məntəqələrində də oxşar problemlərin yarana biləcəyinə işarə etdiyini bildirirlər.
Pirit və ağır metallar baxımından zəngin süxurlar, eləcə də daimi donuşluq qatları Arktikanın digər ərazilərində də mövcuddur. Verretin fikrincə, bu hadisə iqlim dəyişikliyinin şirin su ehtiyatlarına təsirini göstərən nümunələrdən biri ola bilər. Kanadanın şimalı və Alyaska da oxşar risklərlə üzləşə bilər.
Alimlər xəbərdarlıq edirlər ki, daimi donuşluq qatının əriməsi yalnız ekoloji dəyişikliklərə deyil, insanların əsas içməli su mənbələrinin çirklənməsinə də səbəb ola bilər.
Şəbnəm Mehdizadə