- 00:31
Braziliyada aparılan yeni bir araşdırmaya görə yarasalar müxtəlif növ koronavirusların daşıyıcısı olduğu məlum olub.
E-huquq.az xəbər verir ki, sözügedən virus, ölüm nisbəti yüksək olan Yaxın Şərq tənəffüs sindromuna (MERS) səbəb olan koronavirusla bir sıra oxşarlıqlara malikdir. 2012-ci ildə müəyyən edilən MERS-CoV əsasən Yaxın Şərq, Afrika və Cənubi Asiyada yayılıb və indiyədək 858 nəfərin ölümünə səbəb olub. Mütəxəssislər qeyd edirlər ki, MERS bütün məlum insan koronavirusları arasında ən yüksək ölüm nisbətinə malikdir. Müqayisə üçün bildirilir ki, COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 virusunun insanlarda ölüm nisbəti təxminən 2% təşkil edir.
Braziliya və Çin alimləri Braziliyada 16 müxtəlif yarasa növünü araşdırarkən MERS-CoV ilə yaxından əlaqəli bir virus aşkar ediblər. San-Paulu Federal Universitetinin alimi Bruna Stefanie Silverionun rəhbərlik etdiyi qrup 400-dən nümunə götürərək yeddi fərqli koronavirus aşkarlayıb. Bu viruslara yalnız iki yarasa növündə rast gəlinib. Bu viruslardan biri təkamül yolu ilə MERS-CoV ilə eyni ailəyə aiddir. Əvvəllər MERS-CoV ailəsinin yalnız Afrika, Avropa və Yaxın Şərqdə yarasalarda olduğu bilinirdi. Yeni tapıntılar göstərir ki, bu viruslar həm də cənub yarımkürəsində dövr edir.
Şəbnəm Mehdizadə